• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Çingiz Qənizadə: Təhlillər göstərir ki, karantin rejiminin uzadılmasına ehtiyac var

Çingiz Qənizadə: Təhlillər göstərir ki, karantin rejiminin uzadılmasına ehtiyac var

Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və onların mövcud qaydalara əməl etmələri müsbət nəticələrə gətirib çıxarıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib.

Publika.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O deyib: “Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə bu məsələ xüsusi aktuallıq kəsb edir.

Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar. Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi”.

Hüquq müdafiəçisi qeyd edib ki, hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarının qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir. O əlavə edib ki, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR