Azərbaycan-Türkiyə birliyi bölgədə sülhün qarantıdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan-Türkiyə birliyi bölgədə sülhün qarantıdır - ŞƏRH

“Prezident İlham Əliyev bu günlərdə Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən narahatlığını ifadə etməklə yanaşı, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu, heç bir tərəddüd etmədən Türkiyəni dəstəklədiyimizi və bütün hallarda dəstəkləyəcəyimizi bildirib. Onu da xüsusi qeyd edib ki, biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Prezident İlham Əliyev bu fikirləri ilə həm də dünyaya mesaj ünvanlayır: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi keçmişi olduğunu, bu münasibətlərin gündən-günə inkişaf etdiyini önə çəkən Vüqar Rəhimzadə bildirib ki, iki dost ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir: “Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bölgədə sülhün, təhlükəsizliyin qarantıdır. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan enerji layihələri dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə, ölkələr, xalqlar arasında dostluq körpüsüdür.

Bu gün Azərbaycan-Türkiyə mənzərəsi dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun müharibələr aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olaraq Türkiyə daim Azərbaycanın yanındadır, rəsmi Ankara “Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik” bəyanatını səsləndirməklə bu reallığı da təsdiqləyir ki, sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz”.

V.Rəhimzadə bütün istiqamətlərdə uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyətinin önəminə diqqəti yönəldib, Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfərindən bəhs edərək bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir: “Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə keçirilən görüşlərdə bir daha vurğuladı ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək. Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin, ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti inkaredilməzdir. Həmçinin Türkiyə-Azərbaycan Media Platformasının yaradılması məsələsində razılıq əldə olunub. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn “qara piar”lara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələləri müzakirə edilib”.

Baş redaktor qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” məsələsini irəli sürür: “Azərbaycan-Türkiyə birliyi iki dövlətin diaspor təşkilatlarının birgə fəaliyyətində, erməni yalanlarına qarşı mübarizədə birgə səylər göstərmələrində də özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırılır, müxtəlif tərkibdə tədbirlər, aksiyalar keçirilir. Ermənilərin zaman-zaman öz havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri faktlar əsasında beynəlxalq təşkilatlara, dövlətlərə ünvanlanır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm