Nida Təhlil
Dövlətin humanist addımı, müxalifətin təəssüfü... - Gerçək üzləri ortaya çıxdı
Tofiq Yaqublunun cəzası ev dustaqlığı ilə əvəz olundu. Məlum qruplar – radikal müxalifət və bəlli mərkəzlərə bağlı olanlar bunu “qələbə” kimi təqdim etməyə çalışır. Əslində Yaqublu haqqında qərarın onların “aclıq aksiyası” üzərindən qurduqları oyunu və apardıqları kampaniyanı pozduğu aydındır və güman ki, “aclıq oyunu” baş tutmadığı üçün təəssüflənirlər də, lakin indi “yoxa lənət” deyir, dövlətin humanizm prinsipindən qaynaqlanan addımını şəxsi qələbələri kimi təqdim etməyə çalışırlar.
Bu yanaşmanın özü onların gerçək simasını və niyyətlərinin Yaqublunun azadlığı, yaxud sağlamlığı yox, siyasi ambisiyalarının təmin edilməsi olduğunu göstərdi. Və bu, heç də təəccüblü deyil. Axı neft qiymətinin 14 dollara düşməsinə və dövlətin maliyyə itkisi ilə üzləşməsinə qol götürüb oynayanlardan, vətəndaşın sosial vəziyyətinin ağırlaşmasına sevinənlərdən, koronavirus pandemiyasının yayılmasını, insanların xəstəlikdən ölməsini arzulayanlardan öz “silahdaşlarının” aclığına, səhhətinin pisləşməsinə, yaxud ölüm həddinə çatmasına narahat ola biləcəyini gözləmək mənasızdır.
Yaqublunu aclıq aksiyasına sövq edən, bunu davam etdirməsini istəyən və insan sağlamlığı üzərindən siyasi qazanc güdənlərin “qələbə” kimi təqdim etdikləri qərar əslində məhkəmənin müttəhimin vəziyyətini nəzərə alması, dövlətin humanizm prinsiplərinə söykənən növbəti addımıdır.
Və prosesdən siyasi qazanc əldə etmək istəyənlərin nə deməsindən asılı olmayaraq, dövlət Yaqublunun səhhətini, onunla bağlı edilən müraciətləri nəzərə aldı.
Ona münasibət əvvəldən hüquqa və humanist prinsiplərə uyğun idi.
Təcridxanada olduğu dövrdə hüquqları məhdudlaşdırılmadı, qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olundu, ailə üzvləri, vəkilləri ilə mütəmadi görüşünə və telefon vasitəsilə əlaqə saxlamasına şərait yaradıldı. Aclıq aksiyasına başlayanda İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edildi, səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verildi. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradıldı.
Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirildi. Səhhəti sabit olub, lakin özünün xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradıldı. Daha sonra özünün və həkimi Adil Qeybullanın təklifi müalicəsi “City Hospotal”da davam etdirildi.
TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları da xəstəxanada Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.
Dövlət törətdiyi cinayət əməlindən asılı olmayaraq, vətəndaşı olan məhkumun sağlamlığını qorumaq üçün müvafiq addımları atdı. Bunun fonunda Yaqublunun aclığı üzərindən siyasi ambisiyalarını təmin etməyə çalışanlar onun ölümü bahasına olsa belə kampaniyanı dayandırmır, aclığını davam etdirməsi üçün əllərindən gələni edirdilər.
Onun mülki xəstəxanaya köçürülməsi qərarını humanist addım kimi qiymətləndirən həkimi Adil Qeybulla Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınadı: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, Tofiq Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.
AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Gültəkin Haclbəyli, Sevinc Osmanqızı kimi şəxslər, hətta Tofiq Yaqublunun qızı Nigar Həzi belə şəxsi məqsədləri üçün insan həyatı heçə sayan, ali prinsipləri tapdalayan mövqe nümayiş etdirdilər.
Qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirlik etməsi isə xüsusi təəccüb doğurur. Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, “həbsxanada ölmüş məhbus qızı” statusu vacib idi. Səbəb nə idi? “Həbsxanada ölmüş məhbus qızı” statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaqmı almaq? Ərinə daha “parlaq” siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlini kaprizlərini təmin etmək?
Sərgilədiyi mövqe bu sualların cavabını verir. Hərçənd, Yaqublunun həyatını xilas edən yenə dövlət oldu. Çünki onun törətdiyi cinayət əməli məhkəmədə sübut olunmuş və 4,3 il azadlıqdan məhkum edilmişdi. Məhkəmə T.Yaqublunun sağlamlığına ciddi problem yaranmasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi və cəzası ev dustaqlığı ilə əvəzləndi.
Bu qərarın iki situativ, bir əsas olmaqla üç səbəbi var.
1. Tofiq Yaqublunun səhhətinin qorunması;
2. Ziyalılar, tanınmış ictimaiyyət nümayəndələrin Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı etdikləri müraciətlər; Misal üçün, Xalq artisti Zeynəb Xanlarova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçı Çingiz Abdullayev və digərləri qərarın dəyişdirilməsi xahişi ilə dövlət başçısına müraciət ünvanlamışdı.
Üçüncü və əsas səbəb dövlətin humanist prinsiplərə söykənən böyüklüyü. Dövlət cinayət əməli sübuta yetirilmiş Tofiq Yaqublunun həyatını mümkün təhlükədən xilas etdi.
Onun “silahdaşları”, hətta doğma hesab etdikləri isə dövlətin göstərdiyi böyüklüyü edə, həyatı üçün təhlükəli olan aclığı dayandırmasına çalışmadı, əksinə, “siyasi oyun” düzəltmək naminə həyatı bahasına olsa belə aclığı davam etdirməyini istədilər. Yaqublunun ev dustaqlığına buraxılması qərarını “qələbə” kimi yozan radikal müxalifətin və çevrəsinin müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Hətta onlar bu humanist addımdan dövlətə qarşı şantaj dili kimi istifadə etməyə çalışırlar.
Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.
Asif Nərimanlı
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir