Regionda real müharibə vəziyyəti yarana bilər - Deputat
Bizi izləyin

Nida Təhlil

Regionda real müharibə vəziyyəti yarana bilər - Deputat

“BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statustla çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri elə BMT və onun Təhlükəsizilik Şurası, digəri isə benəlxalq hüquq məslələri ilə bağlı idi ki, Prezident bu vacib məsələləri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından dilə gətirdi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir: “Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox, gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizamlayıcı funksiyasını kölgədə qoymaqla elə BMT-nin nüfuzuna böyük zərbə vurmuş olur. Xüsusilə BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icra edilməmiş qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi, yaxud ayrı-ayrı hallarda bunun seçmə üsulu ilə edilməsi əlbəttə ki, yolverilməzdir və beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır. Elə Ermənistan, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin əyani sübutudur. Ona görə də Prezidet İlham Əliyev öz çıxışında bu məsələləri diqqətə alaraq qeyd etdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”.

Deputat qeyd edib ki, yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması üçün islahatlara çağırış edirik: “Beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. Bu çağırış mühüm çağırış olmaqla, əslində realizə ediləcəyi təqdirdə BMT-nin fəliyyətində yeni keyfiyyət mərhələsi yarada biləcək bir çağırışdır. Çünki doğrudan da hazırda belə bir yenilənməyə çox böyük ehtiyac var. İkinci mühüm istiqamət, ölkə başçısının çıxışı bir daha beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətininin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Prezident BMT TŞ-nin işğalçı Ermənistanın ordu birləşmələrinin qeyd-şərtsiz işğal edilmiş ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq, işğalın hələ də davam etdiyini bildirdi. Üstəlik, hazırkı mərhələdə yeni torpaq işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir.

Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu, həm beynəlxalq hüququn yerinə gətirilməsinin tələb edilməsi, həm də əl atacağı hər hansı təxribata görə Ermənistana edilən xəbərdarlıq idi. Ona görə də BMT və onun Təhlükəsizlik Şurası dərhal müvafiq qətnamələrin yerinə gətirilməsi ilə bağlı addımlar atmalı, ATƏT-in Minsk Qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir. Əks təqdirdə regionda real müharibə vəziyyəti yarana bilər ki, bu da sülh və sabitliyin qorunmasına ciddi təhdid ola bilər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm