Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY
Bizi izləyin

Nida Təhlil

Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

“Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”.

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq İbrahimov deyib.

O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: “Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan şəxslər ən sərt şəkildə qınanılmalıdır. Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var”.

Tapdıq İbrahimov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm