Bu, Azərbaycanın ədalətli mövqeyini göstərir - Aydın Quliyev
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycanın ədalətli mövqeyini göstərir - Aydın Quliyev

“BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyevin çıxışı Qarabağ probleminin bugünkü durumu, eləcə də Azərbaycanın və Ermənistanın yanaşmalarını və siyasətini bütün dünyaya çatdırmaq baxımından çox önəmlidir. Bu, Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında öz rolunu oynayacaq”.

Bu fikirləri Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, dövlət başçısı bütün dünyaya Ermənistanın apardığı dağıdıcı siyasəti iki mühüm istiqamətdə çatdırıb: “Prezident İlham Əliyev arqumentli şəkildə sübut etdi ki, Ermənistan həm indiyə qədərki qanunsuz işğalın nəticələrini dünyada tanıtmaq üçün öz tərs və inadkar siyasətini davam etdirir, həm də bundan geri çəkilmək istəmir. Eyni zamanda, ölkəsində əhalinin diqqətini mövcud sosial problemlərdən yayındırmaq və ölkədəki davakar, aqressiv ictimaiyyətin dəstəyinə söykənmək üçün dövlət sərhədində müharibə və gərgin vəziyyəti daimi saxlamaqda maraqlı olduğunu nümayiş etdirir. Hər iki istiqamətdə dövlət başçısı Ermənistan siyasətini tamamilə ifşa etdi və dünyaya nümayiş olundu ki, Ermənistan həm Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq niyyətində deyil, həm də yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycanın ədalətli mövqeyinə dünyada dəstək verilməsi üçün əla perspektivlər açır”.

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarının Azərbaycanın yanında olmasını bəyan etməsi BMT platformasında böyük perspektiv vəd edir: “Beynəlxalq hüquq normalarının Azərbaycanın xeyrinə olması və bu normaların ikili standartlardan kənar olması öz müsbət nəticələrini verəcək. Ümumiyyətlə, Azərbaycan Prezidentinin BMT tribunasında çıxışı Qarabağ probleminin mahiyyətini və indiki durumunu izah etmək, Ermənistanın işğalçı, faşist siyasətini ifşa etmək baxımından önəmlidir. Bir daha dünya faktlarla və inandırıcı şəkildə eşitdi ki, Ermənistanın dövlət siyasətinin mahiyyətində faşizmin himayə edilməsi var. Ermənistanın Azərbaycana qarşı apardığı siyasət azərbaycanafobiyanın ilkin əlamətlərini özündə əks etdirir.

Bu, azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qoyulması, İslam dünyasına aid olan dini abidələrin məhv edilməsi, türk dünyası və Azərbaycanı xatırladan bütün mədəniyyət abidələrinin məhv edilməsi, özününküləşdirilməsi, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, ərazilərimizdə demoqrafik quruluşun dəyişdirilməsində özünü göstərir. Bunlar Azərbaycan Prezidentinin Ermənistanın apardığı azərbaycanafobiya siyasətinin mahiyyəti ilə bağlı dünya ictimaiyyətinə çatdırdığı qiymətli istiqamətlər idi. Əminəm ki, bu məlumatlardan sonra Ermənistanın təcavüzkar siyasətinə dünyada reaksiyaların mahiyyətində dəyişiklik baş verəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm