• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq?

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq?

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı detalları ictimaiyyətə açıqladı. Bu detallarda diqqətçəkən məqamlardan biri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra daxili siyasətdə güclənmək üçün atəşkəsin saxlanılması məqsədilə Azərbaycana yalvarması, Düşənbədə əldə olunan razılaşma, sonradan Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesini pozan, müharibə şəraitinin yetişməsinə şərait yaradan addımlarıdır.

Azərbaycan liderinin açıqladığı detallar siyasi proseslərin pərdəarxasında necə cərəyan etdiyini ortaya çıxarır:

1. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu;

2. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb, vaxt istəyib;

3. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib;

4. Nikol Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meylli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş edib;

5. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaradıb, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndiriblər;

6. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib;

Həmin vaxt hadisələrin inkişafı da Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllində maraqlı olduğunu və yaxın dövrdə konkret nəticələrə əsaslanan sülh danışıqlarının başlayacağı ehtimallarını gücləndirirdi. Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.

Ermənistanın yeni hakimiyyəti daxili vəziyyəti sabitləşdirmək üçün vaxt istəmişdi. Prezidentin də dedikləri təsdiqləyir ki, Paşinyan qeyri-üəsmi kanallarla Bakıya yalvarır, vaxt istəyirmiş. Azərbaycan da münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, İrəvanda yaranmış xaosdan istifadə etmədi.

Hətta Ordumuzun uğurlu Günnüt əməliyyatı həmin vaxt yox, təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. 20-27 may tarixində həyata keçirilən əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Lakin Azərbaycan bundan təbliğat məqsədilə istifadə etmədi.

Azərbaycan və Ermənistan rəhbərləri 2018-ci ilin 28 sentyabrında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir araya gəldi. Təqvimə “Lift diplomatiyası” kimi düşən Düşənbə görüşündə Nikol Paşinyan Prezident İlham Əliyevdən birbaşa vaxt istəyib.

Əslində Azərbaycan liderinin bu vəziyyətdən olduqca ustalıqla istifadə etdiyi də vurğulanmalıdır: Paşinyan atəşkəsdən istifadə edərək, İrəvanda hakimiyyətini möhkəmləndirdiyi vaxt İlham Əliyev təmas xəttində ordumuzun mövqelərini gücləndirirdi.

Bu amil Ermənistanda Paşinyana qarşı əsas ittiham mövzusuna çevrilib.

“Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirir ki, Azərbaycan Prezidentindən fərqli olaraq, Nikol Paşinyan səmimi deyil.

Bakı və İrəvan arasında frazılaşma əldə olunub və Paşinyanın bu razılaşmada məqsədi hakimiyyətini gücləndirmək idi. İlham Əliyev isə ordunun mövqelərini gücləndirdi. Təxminən iki il ərzində Azərbaycan mövqelərini yaxşılaşdırdı və müharibə vaxtı bu vəziyyət Bakının xeyrinə olacaq”, - o bildirib.

Erməni ekspert Tiqran Koçaryan deyir ki, İlham Əliyev ustalıqla vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi.

Bu, İlham Əliyevin gələcəyi proqnozlaşdıra bilmək və bütün şərtlərdə vəziyyəti Azərbaycanın maraqlarına uyğun formaya salmaq bacarığından gedir. Çünki Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verilsə də, İlham Əliyev həm də B planı üzərində iş aparıb. Bu plan faktiki olaraq, mümkün müharibədə qələbəni asanlıqla təmin edəcək.

Ona verilən vaxtdan istifadə etməklə Ermənistanda hakimiyyətini gücləndirən Nikol Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşması da Prezident İlham Əliyevin risklərə qarşı çoxşaxəli strategiyanın nə qədər doğru olduğunu təsdiqləyir.

Ermənistan hakimiyyəti isə 2019-cu ilin əvvəlindən etibarən, danışıqlar prosesini pozmağa və Azərbaycana qarşı müharibə hazırlığına başladı.

Paşinyan Minsk qrupu formatının dəyişdirilməsi ideyasını irəli sürdü və işğal altındakı ərazilərdəki separatçı rejimi masaya üçüncü “tərəf” kimi daxil etmək təklifi ilə nəinki onilliklərdir aparılan prosesi kənara atdı, həm də beynəlxalq hüququ barmağına doladığını nümayiş etdirdi.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü Ermənistanın müdafiə naziri David Tonoyan da gerçək niyyətlərini ortaya qoydu. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.

Martın 12-də isə Paşinyan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Beləliklə, Ermənistan təxribat xarakterli addımları və bəyanatları ilə danışıqları mənasız vəziyyətə saldı.

2020-ci ilin əvvəlindən etibarən Ermənistanın təxribat addımları davam etdirildi. Mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in yeni rəhbərinin “and içmə mərasimi” tarixi şəhərimiz Şuşada keçirildi. Bununla yanaşı, işğal altındakı ərazilərdə gülüş doğuran təlimlər keçirildi.

İyulda isə Tovuz istiqamətində təxribat hücumu Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əl çəkmədiyini, niyyətinin danışıqları pozmaq olduğunu sübut etdi.

Prezident İlham Əliyev qeyd edib ki, bütün bu addımların və bəyanatların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını da təsdiqləyir.

- Livan erməniləri beynəlxalq konvensiyalara zidd şəkildə Dağlıq Qarabağda məskunlaşdırılır, onlar arasında terrorçuların olduğu və təxribat hücumlarında istifadə ediləcəyi şübhəsizdir.

- Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı kukla rejim Gəncəni vurmaqla hədələyir.

- Erməni hərbi birləşmələri Tovuz döyüşlərində və sonrakı təxribat hücumlarında Azərbaycanın mülki əhalisini hədəfə alır.

- Tovuz döyüşlərindən sonra – avqustun 23-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində ordumuzun mövqelərinə soxulmağa çalışdı. Hərbiçilərimizin ayıq-sayıqlığı nətivəsində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü və o, hədəflərinin Azərbaycan Ordusunun kazarmaları olduğunu etiraf etdi.

- Hazırda təmas xəttində hərbi qüvvələrinin cəmləşməsi həyata keçirilir.

- Ermənistana məxsus PUA-nın ordumuz tərəfindən vurulması, eləcə də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu nəticəsində Ordumuzun hərbi qulluqçusunun şəhid edilməsi də işğalçı ölkənin müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir
.

Prezident İlham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir:

Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.

Dövlət başçısı Azərbaycanın yeganə şərtini açıqlayır: “Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.

Ardınca əlavə edir ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Azərbaycan lideri işğalçı ölkəyə, işğalçı ölkənin havadarlarına və həmsədr dövlətlərə açıq mətnlə mesaj verir: ərazilərimizin işğalda qalması ilıə barışmayacağıq; Ermənistan beynəlxalq hüquq pozursa, Azərbaycan buna adekvat cavab verəcək; Ermənistanın təxribatları cavabsız qalmayacaq və münaqişənin hərbi həlli masada prioritet məsələyə çevrilib;

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR