• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Əliyevin QAMBİT GEDİŞİ: Düşənbə razılaşmasını niyə indi açıqladı? – TƏHLİL

Əliyevin QAMBİT GEDİŞİ: Düşənbə razılaşmasını niyə indi açıqladı? – TƏHLİL

Nikol Paşinyan hakimiyyətə gələndə daxili vəziyyəti xeyrinə dəyişən kimi real danışıqlara başlayacağına dair müsbət siqnallar göndərərək, qeyri-rəsmi kanallarla Azərbaycandan vaxt istəyib;

Düşənbədə “Lift diplomatiyası” olaraq təqvimə düşən görüşdə Nikol birbaşa Azərbaycan Prezidentindən ona vaxtın verilməsini xahiş edib;


Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi bu fikirlər üç əsas sualı yaratdı?

1. Azərbaycan Ermənistan hakimiyyətinə niyə vaxt verdi?

2. Düşənbədə qeyri-rəsmi görüşdə razılaşma nəyə hesablanmışdı?

3. Prezidentin detalları indi açıqlamasının hədəfi nədir?


Ermənistanda hakimiyyət dəyişikliyi xalqın iradəsindən çox Qafqazda ABŞ-Rusiya hesablaşması idi. Bakı vəziyyətdən istifadə edərək, hərəkətə keçə bilərdi, amma hadisələrin necə inkişaf edəcəyini müəyyənləşdirmək çətin idi. Prezidentin açıqladığı detallardan da məlum olur ki:

- Bakıdan Ermənistana vaxtın verilməsi xahiş olunub, əvəzində real danışıqların olacağı gözlənilirdi;

- Trampın keçmiş müşaviri Con Boltonun regiona səfəri, İrəvanda “inanırıq ki, Paşinyanın komandası seçkidə qalib gələcəksə, münaqişənin həllində irəliləyişlərə nail olunacaq” sözləri, siyasi lüğətə “Bolton planı” kimi düşən təkliflərin mövcudluğu, eləcə də ABŞ prezidentinin Azərbaycan prezidentinə ünvanlandığı məktublarda “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” sözlərinin əksini tapması, Rusiyanın da “Bolton planı”na qarşı “Lavrov planı”nı gündəmə gətirməsi münaqişənin həllində imkanları artırmışdı;

- ABŞ-dakı erməni diasporu/lobbisinin təqdimatı ilə hakimiyyətə gəlişinə dəstək verilən Paşinyanın da “Bolton planı” - ərazilərin azad edilməsi əvəzində Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işığ“ın yandırılması və blokadadan çıxarılmasını özündə ehtiva edən “ərazilər əvəzinə sülh”, yəni iqtisadi dəstək təklifinə razı olması siyasi inqilaba nail olmaq üçün verdiyi “iqtisadi inqilab” vədlərini həyata keçirmək və Vaşinqtonun yeni Şərq ekspedisiyasında götürdüyü öhdəliyi yerinə yetirmək üçün sərfəli olduğu görünürdü;

Və Düşənbədə “lift diplomatiyası” kimi yadda qalan qeyri-rəsmi, ayaqüstü görüşdə Paşinyan hakimiyyətini gücləndirmək üçün İlham Əliyevdən vaxt istədi, Əliyev ona istədiyini verdi. Paşinyana istədiyini vermək real danışıqların başlanması üçün lazım olan şəraiti yaratmaqla yanaşı, həm də Bakının strateji planının tərkib hissəsi idi.

İlham Əliyev “Qambit” gedişi (şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi) ilə iki istiqamətdə manevr edirdi:

Birincisi, getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: ordunun hərəkətini müvəqqəti təxirə salır və Moskvanın qarşısında alternativ qoyurdu.

Düşənbə görüşü nə qədər Moskvanın planı kimi görünsə də, Qərb layihəsi ilə siyasi Olimpə yüksələn Paşinyan hakimiyyətinin möhkəmlənməsinə hesablanmış “atəşkəsin davam etdirilməsi” və üçüncü tərəfi oyundan kənarlaşdıran “tərəflər arasında operativ əlaqənin qurulması” razılaşması rusların marağında deyildi. Bu baxımdan, Bakı İrəvanla birbaşa razılaşma ilə ABŞ-a ötürmə verir, münaqişənin həllini inhisarda saxlayan Rusiyaya alternativin olduğunu nümayiş etdirirdi. Bu, iki tərəfin də - ABŞ və Rusiyanın həll variantları təklif etməsini aktivləşdirəcək və Azərbaycanın imkanlarını genişləndirəcəkdi. Sonrakı proseslər – ABŞ və Rusiyanın görüşlərin təşkili üçün yarışa girməsi, bir sıra razılaşmaların olması da Bakının atdığı topun qapıdan keçdiyini göstərirdi.

İkincisi, Bakının “daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi” cəbhədə ordumuzun mövqelərinin möhkəmləndirilməsinə, gözlənilən real danışıqların olmayacağı təqdirdə, başlaya biləcək müharibədə maddi üstünlüyünün təmin edilməsinə hesablanmışdı.

Azərbaycan Ermənistan hakimiyyətinə vaxt verir: Paşinyan İrəvanda taxtını quranda, İlham Əliyev təmas xəttində ordunun mövqelərini gücləndirir.

Nikol hakimiyyətini gücləndirəndən sonra razılaşmaya əməl etmədi, Düşənbə razılaşmasından keçən müddətdə isə Azərbaycan Ordusu təmas xəttində həyata keçirdiyi mühəndis istehkam işləri ilə mövqelərini möhkəmləndirdi. Bu, İlham Əliyevin iki il öncə A planına alternativ qurduğu B planının - regional şərtlərin hərbi həll variantına imkan vermədiyi vaxt üstünlüyü qurban verməklə şərtlərin yetişdiyi məqamda üstünlüyün ələ alınması - əhəmiyyətini təsdiqləyir.

Və Prezidentin Paşinyanın vaxt verilməsi xahişini indi açıqlaması hərbi həll variantının gündəmə gəldiyi məqamda Ermənistanda daxili siyasi qarşıdurmaya zəmin yaratmaq üçün qurulan minadır.

Belə demək mümkünsə, İlham Əliyev iki il öncə Paşinyana hakimiyyətini gücləndirmək üçün verdiyi vaxtı indi onun hakimiyyətinin zəiflədilməsi üçün dövriyyəyə buraxdı, artıq mina partlayıb.

a) Bununla Nikolun Azərbaycanla razılaşmaqda ittiham etdiyi rəqibləri ona qarşı eyni ittihamı irəli sürmək imkanı qazandı;

b) Müxalifət “Paşinyan İrəvanda hakimiyyətini quranda, Əliyev Qarabağda güclənirdi” ittihamlarını irəli sürür, onu Bakı ilə gizli razılaşmada günahlandırır;

c) Ermənistan daxilində siyasi qarşıdurmanın güclənəcəyi, atmosferin daha da pisləşəcəyi şübhəsizdir və bu, mümkün müharibədə Azərbaycanın istəyinə uyğundur.

Müharibə üstünlüyü ələ almağın yollarından biri düşmənin içində inamsızlıq, qarışıqlıq yaratmaqdır. Bakıdan İrəvana atılan “güllə” hədəfə dəydi...

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR