Prezident cəsarətli çıxışları ilə beynəlxalq təşkilatların iç üzünü açdı - RƏY
Bizi izləyin

Nida Təhlil

Prezident cəsarətli çıxışları ilə beynəlxalq təşkilatların iç üzünü açdı - RƏY

Dünyada baş verən münaqişələr, ziddiyyətli proseslər, qarşıdurmalar şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq aləmin diqqət mərkəzindədir. Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda nəzərdə tutulan layihələrin icrası ölkəmizin nüfuzunu daha da yüksəltdi, mövqeyini xeyli möhkəmləndirdi. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, nüfuzlu beynəlxalq qurumların tədbirlərində cəsarətli çıxışları ilə dövlətimizin mövqeyini çatdırması həm işğalçı Ermənistanın, həm də indiyədək ikili standartlardan hələ də əl çəkə bilməyən beynəlxalq təşkilatların iç üzünü açıb.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında da beynəlxalq ictimaiyyət bunun şahidi oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycanın dövlət başçısı kimi iclasda videoformatda çıxış edib.

İclasda, ümumilikdə, 182 ölkənin dövlət və hökumət başçısının videoformatda çıxışı bu tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Qürurverici haldır ki, Azərbaycan Prezidentinin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında dövlətimizin başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Bu fakt bir daha təsdiqlədi ki, dövlət başçımızın əsl liderlərə xas olaraq yürütdüyü uzaqgörən, praqmatik siyasəti onun dünya birliyindəki nüfuzunu daha da artırıb.

Artıq dünya ictimaiyyətinə də bəllidir ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş MDB dövlətləri arasında Azərbaycan dünya birliyində layiqli yer tutur. Bunu indiyədək ölkəmizin nüfuzlu beynəlxalq qurumlara uğurlu sədrliyi də təsdiqləyir. Azərbaycanın BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi də olduqca uğurla gedir. Prezidentimizin Qoşulmama Hərəkatı adından etdiyi çıxış Azərbaycana münasibətdə qazanılan hörmətin, inamın və etimadın əyani təzahürüdür.

Prezident İlham Əliyevin BMT-nin Yüksək Səviyyəli İclasındakı çıxışı həm Ermənistanın, həm də beynəlxalq təşkilatların iç üzünü açdı: “Dövlət başçısının bu çıxışı Azərbaycan vətəndaşı, eləcə də bir hüquq müdafiəçisi kimi məni məmnun olduqca etdi. Prezident BMT-ni dünyada baş verən ədalətsizlik, beynəlxalq hüquq prinsiplərinin pozulması, demokratiyanın bərqərar olması üçün öhdəliklərini nümayiş etdirməyə, bir sözlə, qurumu daha fəal, prinsipial fəaliyyət göstərməyə sətiraltı dəvət etdi və özünün qəbul etdiyi qərarların icrasına çağırdı.

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daim beynəlxalq platformalardan məharətlə istifadə edir. Bu dəfə də ənənəsinə sadiq qalan dövlət başçımız BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha bütün mahiyyəti ilə ortaya qoydu və Azərbaycan adından çıxış edərkən Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa etdi.

Azərbaycan Prezidentinin əvvəlcə Qoşulmama Hərəkatının sədri kimi çıxış etməsi çox mühüm məsələdir. Bu, hər bir azərbaycanlıda qürur hissi yaratmalıdır. Ölkə başçısı çıxışının birinci hissəsində toxunduğu əsas məsələlərdə BMT-nin, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə beynəlxalq öhdəliyin yenidən nümayiş etdirilməsinin zəruriliyini vurğuladı. Prezident qeyd etdi ki, beynəlxalq hüququn təmin olunması üçün qlobal, səmərəli bir təsisata ehtiyac var. Bu, çox ciddi çağırış idi. Hətta irəli gedərək, burada müəyyən tənqidi mövqeyin olduğunu da deyə bilərəm. Prezident iradlarını diplomatik tərzdə BMT tribunasından bəyan etdi. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının fəaliyyətində dəyişikliyin edilməsinə səsləməsi olduqca cəsarətli bir çağırış idi.

“Dövlət başçısının çıxışının ikinci hissəsini dinləyəndə vətəndaş olaraq onunla bir daha qürur duydum. Möhtərəm Prezidentimiz Azərbaycanın müxtəlif sahələrdəki uğurlarını qeyd etməklə, “Azərbaycan sabit və müasir ölkədir”, “İnsan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır” deməklə, həmçinin ölkəmizi inkişafdan saxlayan torpaqlarımızın işğalı ilə bağlı məqamları diqqətə çatdırdı. Cənab Prezident Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsindən, işğal altındakı ərazilərimizə qanunsuz məskunlaşmadan, Tovuz istiqamətindəki təxribatlardan da söz açaraq BMT-yə üzv olan bir dövlətin bu cür addımlarına qarşı sərt reaksiya verilməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda, dövlət başçısı Ermənistanı yeni təxribatlardan əl çəkməyə dəvət etdiyini bəyan etdi. Biz artıq Ermənistanla müharibə vəziyyətindəyik. Gərginliyin artması və təxribatların təkrarlanmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.

Prezident İlham Əliyevin bu cəsarətli çıxışı həm Ermənistanın, həm də 30 ildir ki, bu ölkənin hərbi təcavüzünə göz yuman beynəlxalq təşkilatların siyasi riyakarlığını ifşa etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm