Bakı və Ankara ittifaqına qarşı “terror” oyunu: Onları tanıyın...
Bizi izləyin

Nida Təhlil

Bakı və Ankara ittifaqına qarşı “terror” oyunu: Onları tanıyın...

Suriyadan Azərbaycan döyüşçü gətirilməsi iddiası üç ölkədə kampaniya xarakteri alıb: Ermənistan, Rusiya və İran. Hər üç ölkəni ayrı və ümumi maraqlar birləşdirir. Əsas məqam isə kampaniyanın ardıcıllığı və son mərhələsidir.

Ermənistan: PKK terrorçularının Dağlıq Qarabağa gətirilməsini gizlətmək üçün İrəvan bir-birinin davamı olan iki addım atdı.

Birincisi, Beyrut partlayışından sonra Livandakı ermənilərin işğal altındakı ərazilərinə köçürülməsini açıq formada həyata keçirməklə diqqəti PKK-nın gəlişindən yayındırmağa çalışdı. Əks təqdirdə, beynəlxalq hüquqa zidd olan və Bakının əlinə ciddi əsaslar verən bu köçürməni açıq şəkildə etməzdi. Faktlar da təsdiqləyir ki, PKK terrorçuları livanlı ermənilərin köçürüldüyü vaxt işğal altındakı ərazilərə gətirilib.

İkincisi, bu faktı gizlətmək, diqqəti Azərbaycanın üzərinə çəkmək üçün “Suriya döyüşçüləri” kampaniyasına start verdi. Bu kampaniyada Ermənistan mediası, sosial şəbəkələrdə erməni istifadəçilərlə yanaşı, Yaxın Şərq ölkələrindəki ermənilər də fərqli adlarla iştirak edirlər.

Rusiya: bu ölkədə müəyyən media resursları (“Moskovskiy komsomolets”, “Krasnaya Vesna”, “Eadaly” və s.) ermənilərin kampaniyasına dəstək verir. Burada Rusiya mediasında erməni əsilli jurnalistlərin milli maraqdan çıxış etməsi ilə yanaşı, Moskvanın da niyyəti məlumdur:

- Türkiyə-Azərbaycan ittifaqını və Ankaranın Qafqazda güclənməsini “terror” obrazında göstərmək;
- Suriyada rusların dəstəklədiyi Əsədə qarşı döyüşən müxalifləri “muzdlu qatillər” kimi təqdim etmək;


İran: Moskvanın istəyini Tehran da istəyir və hər iki ölkə Suriyada hesablaşmağa məcbur olduğu Türkiyənin Qafqaza girişinə qarşıdır. Tehran Türkiyəni bölgədə dini planları üçün də ciddi təhlükə hesab edir.

İranın kampaniyada estafeti ələ alması və hansı istiqamətdə yön verməyə çalışması xüsusilə təhlükəlidir.

Kampaniyanın İranın media resurslarında – “azariha”, arannews və digərləri, o cümlədən, bu ölkənin “təsir agentləri” olan “Hüseynçilər” qruplaşmasının üzvləri – Tohid İbrahimbəyli, Orxan Məmmədov - tərəfindən məzhəb müstəvisinə köçürülməsi cəhdi müşahidə olunur.

1. Sünni-şiə qarşıdurması üzərindən çıxış edir, Ankaranın Bakıya dəstəyini “osmanlılar Azərbaycanı ələ keçirir” kimi təbliğ etməyə çalışırlar;

2. “Vəhhabilər Azərbaycana gəldi, daxili müharibə üçün zəmin yarandı” iddiaları ilə Azərbaycanın inanclı kəsimi üzərində manipulyasiya edirlər;


Kampaniyanın məzhəb müstəvisinə keçirilməsi son mərhələdir. Ermənistan Azərbaycanın “terror imici”ni yaratmaq, Rusiya Türkiyənin Qafqazda güclənməsinə qarşı çıxmaq, İran bölgədəki dini siyasətinə mümkün təhlükəni dəf etmək üçün bu oyunda iştirak etsə də, üç ölkəni birləşdirən ana hədəf Azərbaycan-Türkiyə ittifaqıdır. Bakı və Ankaranın siyasi rəhbərliyi arasında çatlar yarada bilmədikləri üçün manipulyativ təxribatlarla Azərbaycan ictimai rəyini yönləndirməklə buna nail olmaq istəyirlər.

Azərbaycanda ictimai rəyini Türkiyəyə qarşı milli zəmində yönəltmək mümkün deyil. Bu baxımdan, əsas istiqamət kimi tarixdə yaşanmış Osmanlı-Səfəvi qarşıdurması və məzhəb fərqliliyi seçilib.

Ermənistanın başlatdığı, Rusiyanın dəstəklədiyi kampaniyada estafetin İrana keçməsinin səbəbi də bu ölkənin bölgədə klassik din siyasətinin mövcudluğu və məzhəbçilik üzərində yetişdirdiyi təsir agentlərinə malik olmasıdır.

Onları tanıyın və ehtiyatlı olun...

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm