Mülki əhalinin vurulması beynəlxalq humanitar hüququn pozulmasıdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Mülki əhalinin vurulması beynəlxalq humanitar hüququn pozulmasıdır - ŞƏRH

“Bu, birinci dəfə deyil. Beynəlxalq humanitar hüququn tələbləri Ermənistan tərəfindən kobudcasına pozulub və pozulmaqda davam edir. Dinc əhalinin yaşadığı ərazilərdə silah istifadə etmək, ağır artilleriyadan yaşayış məntəqələrini vurmaq beynəlxalq humanitar hüquqla yanaşı, Cenevrə Konvensiyasının da tələblərinin pozulmasıdır”.

Bu fikirləri Publika.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O qeyd edib ki, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi var və bu qətnamə qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafizəsi haqqındadır: “Bu bəyannamənin birinci bəndində qeyd edilir ki, mülki əhaliyə, xüsusilə onun müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab və əziyyət gətirən hücum edilməsi, onların bombardman olunması qadağandır. Ermənilərin dinc sakinlərimizi hədəf alması bu qətnamənin tələblərinin kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə qarşı hücum edilməsi, ağır artilleriyadan istifadə olunması beynəlxalq konvensiyalarda qadağan olunduğu halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda dörd konvensiyanın birlikdə qəbul olunduğu Cenevrə Konvensiyasının tələbləri pozulur. Onlardan dördüncüsü müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlıdır. Hazırda bu konvensiya Ermənistan tərəfindən pozulur. Bu halda biz nə etməli idik? Dinc, silahsız əhalini erməni faşizmi ilə üzbəüz qoymalı idik?! Ona görə də dünən əks-hücum əməliyyatı həyata keçirdik. Ermənilər bizim mülki əhaliyə yaxın cəbhəboyu yerlərdən xeyli uzaqlara sıxışdırılaraq çıxardılıb, 7 kəndimiz və yüksəkliklər azad olunub, çoxlu sayda hərbi texnikaları məhv edilib. Bu, bizim haqqımızdır”.

Ç.Qənizadə bildirib ki, biz müdafiə olunuruq və özümüzü müdafiə etmək üçün bu addımları atmışıq: “Təəssüf ki, dünəndən beynəlxalq ictimaiyyət, təşkilatlar və müxtəlif dövlətlərin rəsmiləri bəyanatlar verərkən məsələnin yalnız sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər. Amma çox təəssüf ki, mülki əhalinin vurulması, humanitar hüququn, Cenevrə Konvensiyasının, BMT qətnamələrinin tələblərinin pozulmasını bir dəfə də dilə gətirmirlər, gətirməyəcəklər də. Çünki bu gün beynəlxalq hüquq böyük dövlətlərin əlində siyasi alətə çevrilib. İstədikləri halda beynəlxalq hüququ əsas götürüb bəzi dövlətlərin ərazilərinə müdaxilələr edirlər, amma digər hallarda susurlar. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq hüquq işləmir və bunu işlədən qurumlar da susmaqda davam edirlər. Ona görə də biz haqlıyıq və özümüzü, haqqımızı qorumaq üçün əks hücuma keçmişik. Hesab edirəm ki, hələ çox böyük zəfərlərə imza atacağıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm