Ziyalılar AYAĞA QALXDI: mülki əhalinin vurulmasının adı ŞƏRƏFSİZLİKDİR
Bizi izləyin

Nida Təhlil

Ziyalılar AYAĞA QALXDI: mülki əhalinin vurulmasının adı ŞƏRƏFSİZLİKDİR

Ermənilərin xisləti əməllərindən bəllidir. Bu millətin mərhəmət, şəfqət hissindən bixəbər olması tarixlərindən bəllidir. Bunu bir şərqşünas-araşdırmaçı kimi deyirəm. Əsrin əvvəllərində də, ondan əvvəl də ermənilər dinc əhaliyə qarşı təcavüzkar siyasət həyata keçiriblər. Xocalıdan tutmuş 2 yaşlı Zəhranın ölümünə qədər bu proses davam edib.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, beynəlxalq təşkilatların Ermənistanı müdafiə etməsi, haqlı tərəfin mövqeyində dayanmaması və ölkəmizin haqlı ikən hər zaman beynəlxalq güclər tərəfindən təklənməsi günün birində Azərbaycanın öz ordusu ilə Qarabağı fəth etməsinə gətirib çıxardı: “Düşünürəm ki, ermənilərin yaşayış məskənlərinə, körpə uşaqlara, qocalara hücumu onların son həmlələridir. Artıq onlar bilir ki, mərhələli şəkildə azad edilən 7 kənd və Murov silsiləsindən sonra Azərbaycan Ordusu dayanmayacaq və bu gün Azərbaycan Ordusuna bağlı on minlərlə silaha sarılmağa hazır olan cəngavərlərimiz var. Buna görə də son həmlələrini həyata keçirmək istəyirlər. Bunu da çox şərəfsiz və namussuzcasına həyata keçirirlər. Təsəvvür edin ki, Azərbaycan Ordusu mühasirədə olan erməni birləşmələrinə xəbərdarlıq edir. Hətta hərbi birləşmələrə belə silahı yerə qoyub təslim olması üçün xəbərdarlıq göndərir, onlara hücum etmir. Amma onlar bizim dinc sakinlərimizi atəşə tuturlar”.

C.Əzimbəyli vurğulayıb ki, bir neçə gündür hər kəs kimi cəbhə bölgəsini yaxından müşahidə edir: “Ordumuzun şərəfli qalibiyyətlərinə sevinən bir şəxs kimi demək istəyirəm ki, Ali Baş Komandanın rəhbərliyi altındakı Azərbaycan Ordusunun hünəri hər birimizin qəlbinə fərəh verir. Bütün beynəlxalq təşkilatlardan tutmuş güc mərkəzlərinə qədər Azərbaycan işğal altında qalan torpaqlarının müqəddəratı ilə razılaşmadığını sübut edir. Buna görə də ilk qələbələrimiz münasibətilə başda Ali Baş Komandan olmaqla, bütün ordumuzu və xalqımızı təbrik edirəm.

Artıq şəhadət çağıdır. Bu çağ bizim üçün haqdır. Cənab Prezidentin də söylədiyi kimi, Qarabağ Azərbaycandır! Qarabağsız Azərbaycan yoxdur. Bunu da bu gün Azərbaycan Ordusu göstərməkdədir. Ermənistanın ciddi sarsıdıcı zərbələri yoxdur. Onlar sadəcə şərəfsiz, xisləti əməlindən bəlli olan kəslər olduğu üçün gücləri qadınlara, uşaqlara, silahsız mülki əhaliyə, evlərə çatır. Xalqımızın birliyi, vəhdəti, əzmi bizə bunun da öhdəsindən gəlməyə kömək edəcək”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri bəlkə də 10-20 ildən sonra Ermənistan adlı bir ölkənin olmayacağını dilə gətirib.

O, fürsətdən istifadə edərək Türkiyə xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana Qarabağsevərlər adından təşəkkür edib. Bildirib ki, qoy onların bu dəstəyi bütün İslam dünyasına örnək olsun.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, hazırkı əməliyyatlarda ermənilərin mülki yaşayış obyektlərinə və dinc əhaliyə hücumu ilk belə hadisə deyil: “Ermənilər 30 ildir ki, Azərbaycanın dinc əhalisini hədəf seçir. Ermənistan nə zaman hansısa müharibə qanununa riayət edib ki, mülki əhalinin müharibədə iştirak etməməsi qanununa da riayət etsin? Müharibənin qanunlarına riayət olunsaydı, biz Xocalı kimi bir soyqırımı yaşamazdıq. Onlar müharibə dövründə Xocalı kimi qətliam həyata keçiriblər. Oğul-uşaqları, qocaları, qadınları qətlə yetiriblər. İndi də əli silahsız olan xalqı, dinc əhalini, yaşayış sahələrini, məktəbli uşaqları hədəf seçiblər. Ermənilərin xislətində var bu. İndi Azərbaycan Ordusu ermənilərin o mənfur ayaqlarını Azərbaycan torpağından kəsmək, onları silib-süpürməklə Ermənistanın içinə atmaq əməliyyatına başlayıb. Ermənilər də hərbi sahədə buna cavab verə bilmədiyi üçün mülki əhalini bomba, raket atır, güllə yağışına tutur”.

T.Rüstəmxanlı bildirib ki, bu, əsl müharibədir: “Bu müharibədə Azərbaycan xalqı ya öləcək, ya da Qarabağı azad edəcək. Bunun geridönüşü yoxdur. Bu məsələ birdəfəlik həllini tapacaq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə öz sözünü deyib. Onun bir kəlmə sözü bu gün Azərbaycan xalqının ən böyük milli şüarına çevrilib – Qarabağ Azərbaycandır. Biz bu gün Azərbaycanın müdafiəsindəyik!”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Azərbaycan Ordusu düşmənə adekvat cavab verməlidir: “Mənim də doğulub boya-başa çatdığım kəndlər hazırda atəş altındadır. Həm Ağcabədidə, həm də Ağdamda. Bütün cəbhə boyunca mülki əhali və yaşayış sahələri atəş altındadır. Ermənistan üçün heç vaxt nə müharibə qanunları, nə də beynəlxalq konvensiyalar-filan maraqlı olmayıb. Ordumuz xəbərdarlıq edir ki, mülki əhalini vurmaq istəmirik, buna görə də həmin nöqtələr təslim olmalıdır.

Azərbaycan Ordusunun mövqeləri yaxınlığında Ermənistanın mülki əhalisi yerləşmir. Ən yaxın dinc yaşayış məskəni Tərtər yaxınlığında yerləşir. Qalanı ən az 20-25 km aralıdadır. Həmin mövqeləri də vurmaq üçün yalnız təyyarə lazımdır. Biz onların əhalisinə güllə atmırıq”.

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm