Ermənistanın “Vardanis” oyunu: işğalçı ölkə KTMT-ni təxribata çəkir
Bizi izləyin

Nida Təhlil

Ermənistanın “Vardanis” oyunu: işğalçı ölkə KTMT-ni təxribata çəkir

Azərbaycan Ordusu geri çəkilir; Azərbaycan itkilər verdi; Azərbaycan Ermənistanın ərazisini atəşə tutur;

Bu dezinformasiyalar Azərbaycan Ordusunun əks-hücumu nəticəsində itkilər verən və geri çəkilməyə məcbur qalan işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin son ümid yeridir. Məğlub olan düşmən bununla daxili auditoriyada məğlubiyyətini gizlətmək, xarici auditoriyada isə Azərbaycanı “təcavüzkar” kimi göstərərək, Bakıya təzyiqin edilməsinə nail olmaq istəyir.

Ermənistan rəsmilərinin heç bir sübut təqdim etmədən ortaya atdığı, erməni mediasının tirajladığı “Azərbaycan Ordusunun Vardenis şəhərinin ətraf ərazilərini atəşə tutur” iddiası məhz “boğulmamaq üçün saman çöpünə sarılmaq” idi və burada iki hədəf var:

Birincisi, Ordumuzun yaşayış məntəqələrinə hücum etdiyi haqda rəy yaratmaq, Ermənistanın cəbhəboyu yaşayış məntəqlərində dinc əhalini atəşə tutması reallığını gizlətmək və Azərbaycanı “təcavüzkar” tərəf kimi göstərmək;

İkincisi, hərbi əməliyyatların işğal olunmuş ərazilərlə yanaşı, Ermənistan ərazisində də həyata keçirilir görüntüsünü yaratmaq və bununla xarici dəstək əldə etmək, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə müdaxilə etməsinə nail olmaq;

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin cəbhəboyu mülki əhaliyə hücum etməsindən sonra Azərbaycan əks-hücum əməliyyatarına başladı. Ordumuz qısa müddətdə cəbhə xəttini yararaq, Füzuli və Cəbrayıl rayonları istiqamətində 7 kəndi azad etdi, həmçinin, Murovdağ zirvəsinə və Talış istiqamətində strateji yüksəkliklərə nəzarəti ələ keçirdi. Azərbaycan Ordusunun qarşısında geri çəkilməyə məcbur qalan Ermənistanın baş naziri Moskvaya və Parisə təcili zənglər edərək, xarici dəstək axtarışına çıxdı.

Moskvanın cavabı: Erməni baş nazirin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı gözlədiyi kimi baş tutmadı. Telefon söhbətindən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “Biz dəstək üçün KTMT-yə müraciət etməyəcəyik” açıqlaması bunu deməyə əsas verir. Görünür, Nikol Putindən prosesə müdaxilə edərək, Azərbaycanı dayandırmağı istəyib, cavab müsbət olmayıb. Çünki hərbi əməliyyatlar işğal olunmuş ərazilərdə aparılır və beynəlxalq hüquq Azərbaycanın işğal altındakı ərazilərini azad etməsini dəstəkləyir. Beynəlxalq hüququn subyekti olan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Rusiyanın hərbi əməliyyatlar işğal olunmuş ərazilərdə getdiyi müddətdə Minsk qrupunun həmsədr dövləti kimi prosesə müdaxilə etməsi mümkün deyil. Moskva yalnız sülh çağırışları edə bilər, Bakı ərazilərin işğaldan azad edilməsi şərti ilə bu çağırışlara açıqdır.

Parisin sülh cəhdi: Putindən müsbət cavab almayan Paşinyan gecə saatlarında Fransa prezidenti Emanuel Makrona zəng etdi. Makrondan istəyi Minsk qrupunun həmsədr dövləti kimi Azərbaycanı atəşkəsi bərpa etməyə inandırması idi. Bir gün sonra Makronun Azərbaycan Prezidentinə zəng etməsi də Nikolun nə istədiyini anlamağa imkan verir. Lakin Makronla telefon söhbətindən sonra Prezident İlham Əliyevin qismən səfərbərlik elan etməsi və ordumuzun əks-hücumların miqyasını genişləndirməsi Bakının ərazi bütövlüyü məsələsində prinsipial mövqeyindən geri çəkilmədiyini sübut edir.

Bu situasiyada Ermənistan üçün Azərbaycan Ordusunun qarşısını almağın yeganə yolu xarici müdaxilənin, əsasən də üzvü olduğu KTMT-nin prosesə qarışmasıdır.

KTMT-nin Nizamnaməsinə görə, üzv ölkələrin ərazilərinə hərbi müdaxilə olduğu təqdirdə təşkilat prosesə müdaxilə edir. Azərbaycan Ordusunun hərbi əməliyyatları işğal olunmuş ərazilərdə aparması isə Ermənistanın bu gözləntisini sıradan çıxarır.

“Azərbaycan Ordusunun Vardenis şəhərinin ətraf ərazilərini atəşə tutur” dezinformasiyası da məhz bu gözləntini reallaşdırmaq, KTMT-nin prosesə müdaxiləsinə zəmin yaratmaq məqsədi daşıyır.

Tanış ssenaridir, iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirilən təxribat hücumu eyni hədəfə hesablanmışdı. KTMT təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini anlayaraq, neytrallığını saxladı. İndi eyni ssenarinin təkrarlanması və bu dəfə reallaşdırılması cəhdi müşahidə olunur.

Lakin Azərbaycanın təmkinli mövqeyi, hərbi əməliyyatları beynəlxalq hüquqa əsasən işğal olunmuş ərazilərdə keçirməsi və Ermənistandan fərqli olaraq, mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmaması işğalçı ölkənin məkrli oyununun bu dəfə də baş tutmayacağını deməyə əsas verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm