Mövcud iqtisadi potensialla Ermənistan müharibə aparmaq gücündə deyil - Deputat
Bizi izləyin

Nida Təhlil

Mövcud iqtisadi potensialla Ermənistan müharibə aparmaq gücündə deyil - Deputat

Əslində, Ermənistan yalnız ordusu ilə deyil, iqtisadiyyat baxımdan da Azərbaycana uduzur. Əvvəlki dövrlərdə də Ermənistan iqtisadiyyatını Azərbaycanla müqayisə etmək doğru olmaz. Ermənistan regionun ən zəif iqtisadiyyatına malikdir. Azərbaycan isə əksinə, bölgədə ən güclü iqtisadiyyata malikdir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistan təxribatından sonra iqtisadiyyatının daha da zəifləməsi müşahidə olunur:

“Ermənistanın milli valyutası apardığı təxribatlardan sonra dəyərini itirməyə başlayıb. Baş verənlərin fonunda Ermənistan dramı - milli valyutasının dəyərsizləşməsi davam edir. Təxribat davam etdikcə və onlar işğal olunmuş torpaqlarımızdan çıxmadıqca, Ermənistan milli məzənnəsində azalmalar müşahidə edəcəyik.

Eyni zamanda, Ermənistan pandemiyadan əvvəlki dövrdə də zəif iqtisadiyyata malik idi. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 25 faizi işsizdir, gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir. Düşmən ölkənin öz rəsmi statistikasında ölkədə beş nəfərdən biri yoxsul hesab olunur. Amma beynəlxalq hesabatlar Ermənistanda hər üç nəfərdən birinin yoxsul olduğunu göstərir.

Həm yoxsulluq, həm də işsizlik səviyyəsi Ermənistanda kifayət qədərdir, nəticə etibarı ilə bu da Ermənistan iqtisadiyyatının mövcud vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Makroiqtisadi göstəricilərdə, o cümlədən ümumi daxili məhsulda da azalmalar var. Ermənistan təxribatı iqtisadiyyatının daha da zəifləməsinə və təbii ki, diktatura rejiminin çökməsinə gətirib çıxaracaq. Çünki iqtisadiyyat zəifləyir. Paşinyan meydanda verdiyi sözlərə əməl edə bilmir, sosial baxımdan gərginlik güclənir.

Mövcud iqtisadi potensialla Ermənistan təbii ki, uzunmüddətli dövrdə müharibə aparmaq gücündə deyil. Faktiki olaraq Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu baxımdan Ermənistanın son təxribatı nəinki Ermənistan ordusu üçün, həm də iqtisadiyyatı üçün kifayət qədər ciddi və acınacaqlı nəticələr vəd edir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm