Makronun Qarabağ qərəzi - Azərbaycan Fransanı Türkiyə ilə əvəzləyə bilər
Bizi izləyin

Nida Təhlil

Makronun Qarabağ qərəzi - Azərbaycan Fransanı Türkiyə ilə əvəzləyə bilər

Fransa prezidenti Emmanuel Makronun son mövqeyi Azərbaycan tərəfdə hiddət doğurub. Bir sözlə, o, sentyabrın 27-də Qarabağ cəbhəsində növbəti təxribatları törədən və hazırda Azərbaycan Ordusu tərəfindən layiqli şəkildə cəzalandırılan erməni separatçıları üçün “başını divara döyür”, “yaxasını cırır”.

Bu da haqlı olaraq, münaqişənin həlli istiqamətində “Fransanın ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi vasitəçi qismində nə işi var” sualını bir daha meydana çıxarıb. Bu istiqamətdə gedən müzakirələrdə Türkiyə faktoru gündəmə gəlib. Azərbaycan tərəfin bu gedişlə rəsmi Parisin vasitəçiliyindən imtina edib, qardaş ölkəni tələb edə biləcəyi ilə bağlı fikirlər səslənməkdədir. Buna da əsas kimi Makronun son hadisələrdə münaqişənin həllində vasitəçi ölkələrdən birinin rəhbəri olduğuna məhəl qoymayaraq, bütün cizgiləri keçməyi göstərilir.

Hər kəsə məlumdur ki, Fransa təkcə indi deyil, tarix boyu türklərin əleyhinə olub, bu istiqamətdə siyasət yürüdüb. Belə bir dövlətə münaqişənin ədalətli həlli üçün rəsmi Bakının ümidlərinin çoxdan tükəndiyi və imtina zamanının çoxdan keçdiyi vurğulanır.

Politoloq Əhəd Məmmədli Fransaya gecikmədən cavab verilməsinin vacibliyini qeyd etdi: “Əvvəla, onu deyim ki, Fransa özünü Rusiyadan daha çox Azərbaycana qarşı düşmən mövqedə tutur. Rəsmi Bakı buna təcili surətdə adekvat cavab verməli, Bakıda yerləşən fransız məktəbi bağlanılmalı, Fransa məhsullarına boykot elan edilməlidir, indiyə qədər bu ölkə ilə bağlanan siyasi və ticari əlaqələrə yenidən baxılmalıdır. Fransa səfiri XİN-ə çağırılmalı və ondan hesabat tələb edilməlidir. Fransa, Rusiya və ABŞ-ın məlum atəşkəs çağırışından sonra Minsk Qrupunun fəaliyyətinin heç bir mənası qalmır. Görün biz kimlərə ümidliydik, Qarabağın taleyini kimlərə həvalə etmişdik?

Əhəd Məmmədli: “Fransa Azərbaycana qarşı Rusiyadan da düşmən mövqe tutur”

Tramp, Makron və Putinin atəşkəs çağırışına cavab Rəcəb Tayyib Ərdoğandan gəldi. O, bunu qəbuledilməz saydı. Başda Rusiya, Fransa, ABŞ olmaqla xristian dünyasının hər gün növbəti təzyiqlərinə, provokativ açıqlamalarına hazır olmalıyıq. Heç nəyə fikir verməyərək rəşadətli ordumuz torpaqlarımızı azad etməyə davam etməlidir. Fransadan Qarabağın tanınmasını belə, gözləyə bilərik. Amma bütün bunlara rəğmən Azərbaycan qələbəyə qədər antiterror əməliyyatını davam etdirməlidir”.

Siyasi şərhçi Yeganə Hacıyeva məsələni bir neçə bəndlə şərh etdi: “Qarabağ konfliktinin nizamlanmasında tərəflər Azərbaycan, Ermənistan və tək legitim beynəlxalq qrup kimi ATƏT-in Minsk Qrupudur. Minsk Qrupunun vasitəçilik missiyasının 3 həmsədr dövlətindən biri kimi Fransa Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli istiqamətində uzun illərdir fəaliyyət göstərir.

ATƏT ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgəyaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı qaydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşıyır. Bu qurumla üzv dövlətlərin suveren bərabərliyi prinsipi əsasında qarşılıqlı öhdəliyi mövcuddur. ATƏT qarşısında qurumun Helsinki Yekun Aktının prinsiplərinə əməl etməsi öhdəliyi varsa, eynilə ATƏT-in də üzv dövlətlərinin bir-birinə münasibətdə bu öhdəliklərə əməl edilməsinə nəzarət öhdəliyi mövcuddur və biz bunu ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq yanaşması kimi qəbul edə bilərik. Bir sözlə, üzv dövlətlərin ATƏT qarşısında öhdəliyi olduğu kimi, ATƏT-in də bu dövlətlər qarşısında öhdəlikləri mövcuddur.

Minsk Qrupunun vasitəçilik missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli kimi təqdim edilir. Son illər isə bu ifadəyə bir də “tərəflərin kompromisi vasitəsilə nizamlama” kimi fikirlər əlavə edilib. ATƏT ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgəyaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı faydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşısa da, onun bu funksiyanı ATƏT coğrafiyasında uğurla yerinə yetirdiyi iddia oluna bilməz. Minsk Qrupu və həmsədrlərinin vasitəçiliyi nəinki Dağlıq Qarabağ konfliktinin nizamlanmasında, hətta tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaqda belə yararsızdır: Halbuki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin belə hallarda gərginliyin tənzimlənməsi üçün mövcud mexanizmi var. Lakin bu mexanizmlər işlədilmir, gərginlik zamanı və gərginlik sonrası təxribatçı və təcavüzə uğrayan tərəfə az qala eyni standartlar tətbiq edilir və nəticədə işğalçı tərəfin istədiyi status-kvo davam edir. Yəni konfliktin nizamlanmasında bu format işə yaramır.

Yeganə Hacıyeva: “Fransa obyektivliyini itirdiyi üçün prosesdən kənarlaşdırılmalıdır”

Həmsədrlər Dağlıq Qarabağ konfliktinin nizamlanmasının ATƏT-in Minsk Qrupu çərçivəsində davam etməsində maraqlıdır. Çünki bu qrup daxilində istər xüsusi nümayəndələr, istərsə də digər rəsmilərlə əlaqələrə, danışıqlara total nəzarət etmək və danışıqlarda kənar oyunçuların iştirakını əngəlləmək mümkündür. Minsk Qrupunun vasitəçiliyi dövründə bir neçə dəfə nizamlanma prosesinə Türkiyənin qoşulması təşəbbüsləri olsa da, bu fikir qurumun digər üzvləri tərəfindən müsbət dəyərləndirilməyib.

Keçən ay Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü zamanı həmsədr ölkənin XİN rəhbəri kimi Lavrov danışıqları aparanların tərkibini dəyişmək cəhdlərinin qəbuledilməz olduğunu dedi və bu fikir Azərbaycanın son zamanlar Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesinə Türkiyənin cəlb edilməsi təşəbbüsünə Rusiyanın cavabı idi. Eyni mövqeyi Fransa da bir neçə dəfə sərgiləyib. Məsələ ondadır ki, Dağlıq Qarabağdakı son hərbi əməliyyatlarda Makronun açıqlamaları Fransa dövlətinin mövqeyi olaraq, Ermənistanın dəstəklənməsi kimi ifadə olundu.

Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər, təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərdi. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur və onun obyektivliyinə şübhə salır. Sonrakı günlərdə isə biz Makrondan konflikt haqqında reallığa uyğun olmayan qeyri ciddi fikirlər eşitdik. Baxmayaraq ki bu fikirlər Makronun seçki öncəsi daxilə hesablanmış fikirləri idi, amma bu açıqlamalar Fransa dövlətinin münaqişənin nizamlanması prosesində obyektiv deyil, tərəf olduğunu göstərdi və deməli həm də Minsk Qrupu çərçivəsində legitimliyinə şübhə saldı.

Hesab edirəm ki, Fransa dövləti obyektivliyini itirdiyi üçün prosesdən kənarlaşdırılmalıdır". / “Yeni Müsavat”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm