Makron açıq şəkildə işğalçı Ermənistana dəstək verir - Çingiz Qənizadə
Bizi izləyin

Nida Təhlil

Makron açıq şəkildə işğalçı Ermənistana dəstək verir - Çingiz Qənizadə

Ermənistanın işğalçılıq siyasəti, nəhayət müharibə həddinə çatdı. Sentyabrın 27-də işğalçı ordu Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı və sərhədboyu ərazilərimizi ağır artilleriyadan, toplardan, raketlərdən atəşə tutdu. Ermənistan ordusunun əsas hədəfi dinc əhali və yaşayış məntəqələridir. Halbuki beynəlxalq hüquqa və konvensiyalara əsasən, müharibə dövründə dinc əhaliyə atəş açılmır. Bu, faşistlərə xas olan xüsusiyyətdir. Hadisələrin gedişi də təsdiqləyir ki, Ermənistan ordusu qəddarlığına görə, faşistləri də üstələyib. Bu ölkənin rəhbəri Nikol Paşinyanın faşizm ideologiyasına xüsusi rəğbəti özünü açıq şəkildə büruzə verir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, artıq bəzi dövlətlərdən və təşkilatlardan Ermənistanın müharibəyə başlaması, həmçinin işğalçı siyasəti kəskin pislənilir, hətta bir sıra dövlətlər Azərbaycanı dəstəklədiklərini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirlər. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də ATƏT-in Minsk qrupu ikili mövqeyindən əl çəkmir, işğalçıya qəti mövqeyini, Ermənistan tərəfindən beynəlxalq hüququn, konvensiyaların kobud şəkildə pozulmasına etirazını bildirmir. Acınacaqlı hal odur ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın prezidenti Emmanuel Makron açıq şəkildə işğalçı Ermənistana dəstək verir. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan bəri Fransa prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.

Fransa prezidentinin Qarabağda sentyabrın 27-dən başlayan döyüşlərə dair mövqeyində və təcavüzkar tərəf Ermənistanı birmənalı müdafiə etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ciddi zərbədir və bu qurumun fəaliyyətinin siyasi riyakarlıqdan ibarət olduğunu bir daha təsdiqlədi. Makron Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında “Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə haqq qazandırmaq mümkün olmadığını” bildirməsi bu adamın erməni lobbisinin əlində oyuncağa çevrilməsinin göstəricisidir.

ATƏT-in mandatına uyğun olaraq vasitəçilik missiyasını üzərinə götürən həmsədr dövlətlər münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz. Halbuki Fransa prezidenti bu gün məhz bu yolu tutub və işğalçı ölkəni açıq şəkildə dəstəkləyir. Bu, həm də Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsindən bixəbər olduğunu, münaqişənin nizamlanmasına kortəbii şəkildə vasitəçilik etməsinin göstəricisidir.

Prezident İlham Əliyevin Emmanuel Makronla telefon danışığı zamanı növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə etməsi, əslində, Fransa prezidentinin ədalətsizliyinə, işğalçıya dəstək verməsinə bir mesaj idi. Söhbətdən də aydın olur ki, heç bir güc, heç bir dövlət və beynəlxalq təşkilat Prezident İlham Əliyevi milli maraqlardan çəkindirə bilməz. Dövlətimizin başçısı üçün milli maraqlar hər şeydən üstündür. Telefon danışığı zamanı bir daha bildirildi ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimizin həlak olması, 60-dan çox adamın yaralanması, yüzlərlə evin dağıdılması barədə məlumatlar Fransa prezidentinin diqqətinə çatdırılsa da, o, yenə də işğalçıya dəstək verib. Görünür, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını həyata keçirməsi və işğal olunmuş ərazilərimizin bir hissəsinin azad edilməsi ermənilərdən çox Fransa prezidentinin heysiyyətinə toxunub.

Hesab edirəm ki, Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən bu mövqeyi, ikili standartlarla yanaşı, həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin başçısının bu ədalətsizliyi, baş verən hadisələrə birtərəfli mövqeyi erməni lobbisi yanında siyasi dividend qazanmasından irəli gəlir. Qarşıdan gələn prezident seçkilərində bu ölkədə yaşayan erməni diasporunun səsinin qazanılmasına görə beynəlxalq hüquq normalarına zidd getmək Avropanın inkişaf etmiş ölkəsinin başçısına xas olmayan xüsusiyyətdir. Dünyada özünü ədalətli, demokratik, obyektiv ölkə kimi göstərən Fransanın dövlət başçısının beynəlxalq hüquq normalarını kobud şəkildə pozması, işğalçı ölkəyə açıq şəkildə dəstək verməsi bu ölkəyə olan inamı heçə endirdi və Fransanı beynəlxalq ictimaiyyətin gözündən saldı. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin, qeyri-obyektivliyinin göstəricidir. Ona görə də xalqımız belə bir ölkənin vasitəçilik missiyasından təcili uzaqlaşdırılması tələbini irəli sürməlidir.

Artıq beynəlxalq ictimaiyyətə də bəlli oldu ki, Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Fransa prezidenti Cənubi Qafqazda sülh, əmin-amanlıq, münaqişənin dinc yolla nizamlanması uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsini qazanmaq uğrunda mübarizə aparır.

E.Makronun Azərbaycanın tərəfində “Suriyadan cihadçıların vuruşduğuna dair sübutların “olduğunu” da bildirməsi Fransa kimi ölkə başçısının yalançı olduğunu, işğalçıya dəstək vermək üçün şər və böhtana əl atdığını bir daha təsdiqləyir. Təəssüf edir ki, bu yalan məlumatlar həm beynəlxalq aləmdə, həm də Ermənistanda qeyri-ciddi, yalançı və faşizm ideologiyasının tərəfdarı kimi tanınmış Nikol Paşinyan tərəfindən də səsləndirilib. Deməli, Makronla Paşinyan eyni səviyyəli, eyni düşüncəli və eyni əqidəli adamlardır. Suriya İnsan Haqları Monitorinq mərkəzinin (Syrian Observatory Human Rights - SOHR) yaydığı məlumat da bunu təsdiqləyir. Həmin məlumatda bildirilir ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb. “Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.

E.Makron beynəlxalq siyasətdə təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilməyən, xarici siyasətdə çoxlu səhvlər buraxan siyasətçidir. Əgər Fransa Prezidenti ölkəsinin geosiyasi maraqlarını, o cümlədən Cənubi Qafqazdakı maraqlarını düzgün hesablaya bilsəydi, heç vaxt belə primitiv yanaşma ortaya qoymazdı. “Əl-Cəzirə” telekanalının saytında Fransa prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalənin dərc olunması da bunu təsdiqləyir. Məqalədə prezident Emmanuel Makronun “İslamçı radikalizm”ə qarşı Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Qeyd edilir ki, o, bu gün İslam dininin bütün dünyada “böhran içində olduğunu” söyləyib. Onun bu fikirləri müsəlman fəallarının kəskin əks reaksiyasına səbəb olub.

Faktlar da təsdiqləyir E.Makronun mövqeyi Fransanın Azərbaycanla ikitərəfli münasibətlərini çox ciddi zədələməklə yanaşı, Minsk qrupunun həmsədri kimi rolunu da şübhə altına alır. Belə görünür ki, Makron indiki situasiyada ancaq Fransadakı erməni diasporunun simpatiyasını qazanmağı düzgün hesablayıb, ölkəsinin maraqlarına hansı ziyan vurduğunu isə nəzərə almayıb. Ona görə də bu adamın təcili olaraq ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması ciddi tələb kimi irəli sürülməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm