Bu, düşməni daha da aqressivləşdirir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, düşməni daha da aqressivləşdirir - Deputat

Vətəndaşlarımızın qələbə sevincini küçəyə çıxaraq ifadə etməsi başa düşüləndir. Çünki torpaqlarımızın uzun illərdən bəri işğal altında olması Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmışdı. Şükür olsun ki, bu gün Ali Baş Komandan və sarsılmaz ordumuz sayəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olunub. Bu da Azərbaycan cəmiyyətində çox böyük ruh yüksəkliyi və inam hissi yaradır. Bütün bunlara baxmayaraq, dövlətimizin qəbul etdiyi qərarlar vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədini güdür. Bu baxımdan vətəndaşlarımıza müraciət edərək komendant saatının şərtlərinə əməl etməyə çağırıram.

Publika.az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, alim, politoloq, millət vəkili Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, bununla dövlətimizə təhlükəsizliyimizi təmin etməkdə kömək etmiş olarıq: “Təbii ki, biz böyük qələbəmizi daha təmtəraqlı və bütün arzularımıza uyğun formada qeyd edəcəyik. Amma unutmamalıyıq ki, müharibə şəraitində yaşayırıq. İşğalçı Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir, amma Azərbaycan Ordusu da bu təxribatların qarşısını qətiyyətlə alır, əks-hücum əməliyyatlarını inamla həyata keçirir. Ümumiyyətlə, arxa cəbhədə müharibənin nəticəsi Azərbaycan cəmiyyətində sabitliyin, ruh yüksəkliyinin və birliyin olmasından birbaşa asılıdır. Vətəndaşlarımıza çağırış edərək bildirmək istəyirəm ki, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, ordumuza inamlı qələbə çalmasında kömək etmək istəyiriksə, o halda dövlət tərəfindən müəyyənləşdirilmiş şərtlərə və qaydalara qeyd-şərtsiz əməl etməliyik. İnanıram ki, Azərbaycan xalqı həmişə olduğu kimi həmrəylik nümayiş etdirəcək. Bu dəstək həm də komendant saatının hərbi vəziyyət şərtlərinə əməl edilməklə özünü göstərəcək”.

Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşlarının ruh yüksəkliyi, sevincimizi açıq formada ifadə etmək düşməni daha da aqressivləşdirir, digər tərəfdən kütləvi toplaşmalar əlavə qayğılar yaradır, təhlükəsizliyin təmin olunması qayğılarını artırmış olur:

“Vətəndaşlar çalışmalıdır ki, müəyyənləşdirilmiş vaxtlarda küçəyə çıxmasınlar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, ölkə daxilində təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Sadəcə olaraq bu gün dövlətin diqqətini yayındıracaq əməllərdən çəkinmək lazımdır. Azərbaycan xalqı qələbə qazanmağı və öz torpaqlarını qorumağı bacaran qüdrətli xalqdır, eyni zamanda həmişə ordusunun yanında olan anlayışlı xalqdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm