Hazırkı hərbi əməliyyatlar Azərbaycanın BMT-nin stabilliyinə olan töhfəsidir - Azər Babayev
Bizi izləyin

Nida Təhlil

Hazırkı hərbi əməliyyatlar Azərbaycanın BMT-nin stabilliyinə olan töhfəsidir - Azər Babayev

“Ötən gün Prezident İlham Əliyevin xalqa müraciəti çox vacib və əhəmiyyətli bir çıxış idi. Prezident tərəfindən xalqımıza milli birliyimiz üçün önəmli mesaj verildi. Bu, həm də onu göstərir ki, hərbi əməliyyatlar kontekstində Azərbaycanda hazırda istənilən müharibənin uğuru üçün xalq, dövlət və ordunun birliyi mövcuddur. Eyni zamanda, bizim çox güclü, qüdrətli ordumuz, siyasi iradəyə malik güclü dövlətimiz, hökumətimiz var. Dövlət ağıllı, qətiyyətli şəkildə proseslərə nəzarət edir və eyni zamanda ikinci şərt olaraq həmrəy cəmiyyətimiz var. Biz artıq bunun ilkin işartılarını görürük. Bu, uğurlu əməliyyatlar üçün güclü zəmin yaradır. Prezidentimizin də çıxışı bunun göstəricisi idi”.

Bu fikirləri Publika.az-a danışan “ADA” Universitetinin baş müəllimi, siyasi elmlər doktoru, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Azər Babayev deyib.

O qeyd edib ki, Azərbaycanın hazırda keçirdiyi əks-hücum əməliyyatı haqq işidir və ordumuz öz suveren ərazilərində vuruşur: “Prezidentimiz də açıq şəkildə qeyd edir ki, bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Qarabağ münaqişəsi sadəcə bir status münaqişəsi deyil. Bu, ilk növbədə təcavüz nəticəsində meydana gələn münaqişədir. Məsələnin təcavüz hissəsi beynəlxalq ictimaiyyət və təhlükəsizliyə birbaşa aidiyyəti olan bir məsələdir. Ermənistan ordusunun Azərbaycanın suveren ərazilərində olması yolverilməzdir. Hazırda Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirir. Bu mənada bu döyüşlər nəinki özünümüdafiə və vətən müharibəsi, həm də Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfədir. Eyni zamanda bu, Azərbaycanın hazırkı BMT sisteminin stabilliyinə olan töhfəsidir”.

A.Babayevin sözlərinə görə, Fransanın hazırkı mövqeyi qəbuledilməzdir və BMT-nin qətnamələrini qəbul edən dövlətlərdən biri də məhz Fransadır: “Fransaya deyə bilərik ki, sizin qəbul etdiyiniz qətnamələri hazırda icra edirik və öz dədə-baba torpaqlarımızdan yadelli işğalçı qoşunları çıxarırıq. Azərbaycan əsgəri sivil insanlara qarşı müharibə aparmır, ancaq erməni ordusu bunun əksini edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni xalqı bizimlə birgə yaşaya bilər. Azərbaycan dövlətinin suverenliyini tanıyırlarsa, bizim vətəndaşlar olaraq qalacaqlar. Status mənasında digər məsələləri isə danışa bilərik. Amma təcavüz, işğal və status məsələlərini bir-birindən ayrı tutmalıyıq. Təcavüzü, işğalı bitirmədən status haqqında danışmaq yersizdir. Bu, Azərbaycanın dəqiq və aydın şəkildə olan mövqeyidir və ümid edirəm ki, başa düşən güclər artıq bunu anlayırlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm