Millət vəkili: Mingəçevirə raket atılması göstərdi ki...
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: Mingəçevirə raket atılması göstərdi ki...

Ermənistanın mülki əhali ilə yanaşı, kritik enerji resurslarını hədəfə alması onların aciz duruma düşdüyünü göstərir. Döyüş meydanında uduzan Ermənistan bu gün Azərbaycanda təşviş yaratmaq məqsədi güdür. Ancaq Ermənistan bilmir ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması bu gün bizim üçün hər şeydən üstündür.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O qeyd edib ki, işğalçı dövlət neft-qaz kəmərinə raket atmağı hədəfə alıb:

“Mingəçevirə raket atılması göstərdi ki, Ermənistan indiyə qədər səsləndirdiyi hədələri artıq reallaşdırır. İndi neft-qaz kəmərlərini partlatmaq istəyir. İstisna olunmur ki, Ermənistan gələcəkdə beynəlxalq enerji layihələrini də hədəfə ala bilər. Ermənistanın Mingəçevir SES-i hədəfə alması ekoloji terrordur və bu, bölgə üçün ciddi təhlükə yaradır. Onlar belə hədələr gəlməklə Azərbaycanın diqqətini əks-hücuma keçməkdən yayındırmaq istəyirlər. Əgər Ermənistan növbəti dəfə belə cəhdə əl atarsa, ordumuz cavablarını daha kəskin şəkildə verməyə davam edəcək. Bu da ölkənin həm iqtisadi, həm də siyasi baxımdan sonuna gətirib çıxaracaq.

Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur, biz sadəcə öz torpaqlarımızı azad etmək istəyirik. Dünyanın nüfuzlu təşkilatları tərəfindən də bu istəyimiz dəstəklənir. Belə bir vəziyyətdə aciz duruma düşmüş Paşinyan öz erməni sifətini ortaya qoyaraq terrorçu fikirləri reallaşdırmaq niyyətindədir. Amma niyyətlərinin hamısı ürəyində qalacaq”.

Millət vəkili bildirib ki, düşmən qüvvə bu gün gücü çatdığı istənilən təxribata əl atmağı qarşıya məqsəd qoyub:

“Çünki ayrı yolları qalmayıb. Beynəlxalq hüquq bu gün Azərbaycanın tərəfindədir. Bütün təşkilatlar bu problemin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfindədir. AZAL Ermənistanın mülki təyyarələri hədəfə ala biləcəyi haqda açıqlama verib. Səmada uçan mülki təyyarələr düşmən qüvvənin raketlərindən sığortalanmayıb. Odur ki, atdığımız hər bir addımda öz ehtiyat tədbirlərimizi görməliyik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm