Biz beynəlxalq konvensiyalara söykənərək haqq mübarizəmizi aparırıq - Deputat
Bizi izləyin

Nida Təhlil

Biz beynəlxalq konvensiyalara söykənərək haqq mübarizəmizi aparırıq - Deputat

“Azərbaycan 30 ilə yaxındır səbrlə bu münaqişənin həllini gözləyir. Ermənistan tərəfindən dövlət sərhədində atəşkəs rejimi pozulduğu zaman beynəlxalq təşkilatların atəşkəsə əməl etmək çağırışının şahidi olmuşuq, ancaq buna əməl etməyiblər. Bununla bağlı BMT-nin 4 qətnaməsi var və ATƏT-in Minsk Qrupu da bu işə cəlb olunub ki, problemin sülh yolu ilə həllinə öz töhfəsini versin”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, 1994-cü ildən atəşkəs elan edilib və o zaman da bildirilirdi ki, qısa müddətdə bu problem həll edilməlidir: “Ancaq təəssüflər olsun ki, hər dəfə problemin həllinə yaxınlaşdıqda Ermənistan tərəfindən bir hadisə baş verirdi və danışıqlar pozulurdu. Hətta 1998-ci ildə özləri Ermənistan parlamentində terror aktı törətdilər və siyasi elitalarını məhv etdilər. 2016-cı ildə biz əks-hücum əməliyyatları həyata keçirəndə də bu güclər səsləndilər ki, atəşkəsi bərpa edin, biz problemin sülh yolu ilə həllini tezləşdirəcəyik. Ancaq prosesdən 4 il keçib və hələ də problem həllini tapmayıb, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyib və işğal altında olan torpaqlarından erməni qoşunları çıxarılmayıb. Bu ilin iyul ayında biz yenidən erməni təxribatının şahidi olduq. Bu zaman bizim üçün bəlli oldu ki, ermənilər nəinki işğal etdikləri torpaqları geri qaytarmaq istəyirlər, hətta Azərbaycan ərazisində yeni torpaqlara iddialıdırlar və müharibəyə hazırlaşırlar. Prezident İlham Əliyev BMT-nin mötəbər kürsüsündən videomüraciətlə qeyd etdi ki, ermənilər yeni müharibəyə hazırlaşırlar. Onlar Livan, İraq və Suriyadan çoxlu sayda erməni əsilli terrorçuları və ailələri Azərbaycan üçün müqəddəs olan Şuşaya köçürürlər. Bildirildi ki, baş verə biləcək istənilən təxribata görə məsuliyyəti Ermənistan tərəfi daşıyır. Bundan bir neçə gün keçdikdən sonra sentyabrın 27-də ermənilər dinc sakinlərimizin yaşadığı əraziləri atəşə tutdular və çoxlu sayda mülki vətəndaşlarımız həlak oldu”.

N.Həmzəyev qeyd edib ki, bütün bunları nəzərə alaraq Azərbaycan tərəfi həm vətəndaşların təhlükəsizliyinin təmin olunması, həm işğal altında olan torpaqları azad etmək, həm də regiona sülh gətirmək üçün əks-hücum əməliyyatlarına başlayıb: “Azərbaycan həmişə çalışıb ki, bu problem sülh yolu ilə həll edilsin və regionda yenidən qan tökülməsin. Təəssüf ki, ermənilər problemin həllində maraqlı olmayıb. İndi isə ordumuz hərb meydanında uğur əldə etdiyi üçün ermənilər atəşkəsdən və sülhdən danışırlar. Həmçinin onlar BMT-nin 4 qətnaməsini ümumiyyətlə inkar edərək dəlili olmayan iddialarla çıxış edirlər. Belə bir vəziyyətdə biz onların heç bir sözünə inana bilmərik. Prezident də çıxışında qeyd etdi ki, biz dayansaq onlar yenidən güc toplayacaqlar. Hazırda dayanmağımız münaqişənin həlli demək deyil və işğal altında olan torpaqlarımızı azad etməliyik. Biz bütün beynəlxalq konvensiyalara söykənərək öz haqq mübarizəmizi aparırıq. 30 il ərzində beynəlxalq təşkilatların görə bilmədiyi işi hazırda biz icra edirik. Xalq Ali Baş Komandanın ətrafında sıx birləşib, vətəndaşlarımız ordunun yanındadır. Biz mübarizəmizi Azərbaycan Ordusuna qarşı döyüşən erməni əsgərlərinə və muzdlu döyüşçülərinə qarşı aparırıq. Mülki əhali ilə heç bir işimiz yoxdur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm