Məlahət İbrahimqızı: Ermənistanın bu addımları ifşa olunmalı idi
Bizi izləyin

Nida Təhlil

Məlahət İbrahimqızı: Ermənistanın bu addımları ifşa olunmalı idi

“Təcavüzkar Ermənistanın ölkəmizə qarşı törətdiyi işğalçılıq siyasəti və cinayətləri ört-basdır etmək məqsədilə erməni lobbiləri və ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları illərdir davam edir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili qeyd edib ki, bunun nəticəsi olaraq on illərdir beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən və bu işğalı pisləyən sənədlər tətbiq olunmayıb: “Bütün ermənipərəst qüvvələrin səyləri, yaxın 30 il ərzində Azərbaycanın məruz qaldığı təcavüzkarlıq siyasəti, işğal edilmiş torpaqlarımızın ermənilər tərəfindən qanuniləşdirməyə çalışmaları, bütövlükdə, Ermənistanın işğalçılıq siyasəti Azərbaycana qarşı çox böyük haqsızlıq kimi ifşa olunmalı idi”.

M.İbrahimqızı bildirib ki, sentyabrın 27-dən bu günədək - Qarabağ ərazisində erməni təxribatına qarşı həyata keçirilən əks-hücum əməliyyatları başladığı müddətdən Ali Baş Komandan dünyanın ən nüfuzlu media orqanlarına müsahibələr verir və əsl vəziyyət haqqında danışır: “Prezidentimiz Ermənistanın gündən-günə artan təcavüzkarlığını ifşa edir, Azərbaycanın sülhsevərlik təşəbbüsünə qarşı olan erməni təxribat siyasətini dünya birliyinə çatdırır. O, bütün çıxışlarında, eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını, dövlətimizin ayrıseçkilik qoymadan bütün vətəndaşlarının hüquqlarını eyni səviyyədə qoruduğunu bildirir və torpaqlarımız azad olunduqdan sonra da aparılacaq işlər haqda məlumat verir. Cənab İlham Əliyev çox ciddi dəlillərlə, həmçinin, baş verən bütün proseslərdə, faciələrdə məsuliyyətin erməni tərəfinə düşdüyünü bildirir. Bu yaxınlarda keçirilən BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən möhtərəm Prezidentimiz Ermənistan baş nazirinin təxribat xarakterli çıxışlarını ifşa edərək, Paşinyanın iddia etdiyi yeni ərazilər uğrunda yeni müharibələr iddiasını dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bu işğalçı dövlətin qarşısının alınmasına, BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrin yerinə yetirilməsinə çağırdı”.

Deputatın sözlərinə görə, Prezidentin ardıcıl olaraq nüfuzlu beynəlxalq mətbuatda səsləndirdiyi fikirlər dünya ictimaiyyətini silkələyən, üzərinə məsuliyyət qoyan çıxışlardır: “Əslində, bütün beynəlxalq təşkilatlar bu günlərdə Azərbaycanın Ermənistan təxribatına qarşı olan əks əməliyyatlarını dəstəkləməlidir. Çünki bu əməliyyat həm də BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra olunması deməkdir. Möhtərəm Prezidentimizin əks-hücum əməliyyatlarında ordumuza verdiyi tapşırıqlara əsasən, 1949-cu il Cenevrə Konvensiyasının bütün prinsiplərinə tam əməl olunur. Təəssüf ki, əks tərəfin qondarma rejimi bütün bu qaydaları heçə sayaraq cəbhə bölgəsindən xeyli uzaqda olan ərazilərimizə, mülki insanlara, mülki obyektlərə qarşı ağır silahlarla, dağıdıcı atəş açmaqla həm də müharibə cinayətləri törədirlər”.

Məlahət İbrahimqızı qeyd edib ki, şanlı ordumuz həyata keçirilən bu əməliyyatlarda Ermənistanın işğalçı qüvvələrini darmadağın edir: “İnşallah, qəhrəman ordumuz ən yaxın vaxtlarda zəfər müjdəsini xalqımıza çatdıracaq. O gün uzaqda deyil”.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm