Aydın Mirzəzadə - Bu ərazidə döyüş aparmaq hər ordunun işi deyil
Bizi izləyin

Nida Təhlil

Aydın Mirzəzadə - Bu ərazidə döyüş aparmaq hər ordunun işi deyil

“Artıq dünya Azərbaycanın öz ərazisindən xarici qoşunları çıxarmaq üçün apardığı haqq mübarizəsini qəbul edib. Torpaqları işğal olunmuş ölkə kimi şərtləri bu gün Azərbaycan irəli sürür. Ermənistan birmənalı olaraq qoşunlarının çıxarılma qrafiki verməlidir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Rusiya, Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin birgə iştirakı ilə Moskvada keçirilən 11 saatlıq görüşdə bir çox məsələlər müzakirə olunub:

“Dünənki görüş bir çox məqamların yaxşı göstəricisidir. Heç bir şübhəm yoxdur ki, cənab Prezidentin irəli sürdüyü şərtlər Azərbaycan nümayəndəsi tərəfindən görüşdə bir daha diqqətə çatdırılıb və qəti şəkildə müdafiə olunub. Atəşkəsin elan edilməsi döyüş meydanından meyitlərin götürülməsi, hərbi əsirlərin dəyişdirilməsi üçün elan edildi. Azərbaycanın tutduğu ərazilərdə çox sayda erməni əsgərlərinin meyiti var. Azərbaycan humanist addım ataraq Beynəlxalq Qızıl Xaç Komitəsinin onları götürməsi üçün şərait yaradır. Ancaq hərbi əməliyyatların birdəfəlik dayandırılması barədə qərar yoxdur.

Atəşkəs rejiminin detalları ilə bağlı məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələr Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan ordusunun çıxırılması tələbi əsasında keçiriləcək. Azərbaycan hər hansı başqa variant qəbul etməyəcək. Ermənistan qoşunların çıxarılma variantını təqdim etməzsə, Azərbaycanın yenidən hərbi əməliyyatları başlamaq hüququ saxlanılır.

Eyni zamanda, sentyabrın 27-dən başlayaraq Azərbaycan status-kvonu dəyişdi. 30 il ərzində Ermənistan və onu müdafiə edən xarici dairələr Azərbaycan torpaqlarını işğal altında saxlamağa çalışdı. Ancaq Azərbaycan öz suveren hüquqlarını müdafiə edərək torpaqlarının azad olunmasına başladı. Dünya ölkələrinin əksəriyyəti, o cümlədən beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanı müdafiə edir. Gözləmədiyimiz ölkələrdən Azərbaycana dəstək gəlir.

Yeganə Fransadır ki, Ermənistanın müdafiəsində dayanır. Buna təəssüf edirik. Bununla belə Azərbaycan heç bir ölkənin diktəsini tətbiq etməyəcək. Azərbaycan bu gün həm hərbi, həm də diplomatik sahədə uğur qazanır. Ölkəmiz milli dövlətçilik və quruculuğunda gözəl nümunə ortaya qoydu. Öz problemini özünün həll etmək gücünə malik olduğunu dünyaya sübut edə bildi. Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzu Dağlıq Qarabağ uğrunda döyüşlər başlanandan sonra daha da artdı. Ermənistan Azərbaycan reallığını və ərazisini qəbul etmək məcburiyyətindədir. Əks halda hərbi əməliyyatlar davam etdiriləcək”.

Aydın Mirzəzadə onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədi: “Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Odur ki, Azərbaycan özü status-kvonu dəyişməli oldu”.

Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geosiyasi əhəmiyyətindən söz açan millət vəkili sözlərinə belə davam edib:

“Azərbaycan ərazisinin hər bir qarışı bizim üçün əhəmiyyətlidir. Bu gün işğal altında olan torpaqlarımızın bir hissəsi azad olunub. Hadruta Ermənistanın böyük hərbi qüvvəsi yerləşmişdi. Çox uğurlu strategiya və taktika sayəsində bu ərazi azad olundu. Qarabağın ərazisi sözün əsl mənasında dağlıq yerdir, silsilə dağlar bir-birini əvəz edir. Bu ərazidə döyüş aparmaq hər ordunun işi deyil. Nizamlı Azərbaycan Ordusunun hazırlığı göstərir ki, hərbi əməliyyatlar çox uğurla və düşünərək aparılır. Növbəti regionların alınması da Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran vəzifədir. Əlbəttə ki, Ermənistan rasional düşünərək ordusunun Azərbaycan ərazisindən çıxarılması barədə qərar verərsə, bu, onlar üçün itkisiz olacaq. Əks halda Ermənistan ordusunu daha böyük məğlubiyyətlər gözləyir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm