Ali Baş Komandan prinsipial və cəsarətlidir - Elçin Mirzəbəyli
Bizi izləyin

Nida Təhlil

Ali Baş Komandan prinsipial və cəsarətlidir - Elçin Mirzəbəyli

Əgər 200 illik plana, 30 illik işğala bir neçə gündə son qoyulacağını düşünürüksə, deməli yanılırıq. Ortalıqda bütün detalları razılaşdırılmış, imzalanmış, ratifikasiya edilmiş heç bir razılaşma yoxdur! Əgər olacaqsa da Azərbaycan Prezidentinin çox açıq və imperativ şəkildə elan etdiyi şərtlər çərçivəsində olacaq. İndi sadəcə humanitar atəşkəs və əsəb müharibəsi elan olunub!

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, birliyimizi, bütövlüyümüzü, döyüş ruhumuzu qorumalı, düşmənə onu sonadək əzmək gücündə olduğumuzu nümayiş etdirməli, bircə an da olsun belə ruhdan düşməməliyik:

“Ordumuz 12 gün ərzində Ermənistan hərbi birləşmələrini darmadağın edib, düşmənin hərbi potensialına onun indiki iqtisadi imkanlarıyla on illərlə bərpa edə bilməyəcəyi qədər ziyan vurub. Biz bu savaşda öz xoşuyla Azərbaycan torpaqlarından bir qarış belə geri çəkilmək istəməyən hikkəli, təkəbbürlü, özünü məğlubedilməz hesab edən Ermənistan cəmiyyətinin, dünya ermənilərinin müqavimət, dirəniş damarını qırmışıq, ona real gücün nə olduğunu başa salmışıq. Onların sosial şəbəkələrdə qopardıqları “fırtına”ya baxmayın, elə sınıblar ki, bir daha çətin özlərinə gəlsinlər.

İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqelərimizi möhkəmləndiririk. Heç kim bir neçə saat, yaxud bir neçə gün sonra Ermənistanda nələrin baş verəcəyini bilmir. Bundan sonra cərəyan edən bütün proseslər xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidəki üstünlüklərimizlə davam edəcək.

Unutmaq lazım deyil ki, müharibə ilə diplomatiyanın ritorikası eyni deyil. Diplomatiyanın dili daha lakonikdir və bütün məqamlar elan olunmayan detallarda gizlənir. Məhz bu baxımdan da səbirli olmaq, dövlətimizə, ordumuza olan sonsuz güvənimizi qoruyub saxlamaq, informasiya savaşından, əsəb müharibəsindən də döyüş meydanında olduğu kimi qalib çıxmaq üçün maksimum səy göstərmək lazımdır! Ali Baş Komandan Azərbaycan ərazilərinin bir qarışının belə düşmənə güzəştə gedilməsini qəbul etməyəcək qədər qətiyyətli, prinsipial və cəsarətlidir! Prezidentin, Ordunun gücü Xalqın gücüdür! Gücümüzə güc qataq!

Zəfər bizim olacaq! Buna zərrə qədər də şübhə etməyin!

Tanrı Azərbaycanı qorusun!

Qarabağ Azərbaycandır!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm