Prezident olduqca yüksək siyasi dünyagörüşə malikdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Prezident olduqca yüksək siyasi dünyagörüşə malikdir - Deputat

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev intensiv olaraq dünyanın aparıcı KİV-rinə müsahibələr verir. Dövlət başçısı müsahibələrində Azərbaycanın haqlı, ədalətli mövqeyini çox ciddi, arqumentləşdirilmiş formada çatdırır. Prezidentin vurğuladığı əsas məqamlar ondan ibarətdir ki, Azərbaycan münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində üzərinə düşən bütün addımları həmişə atıb”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti Ermənistanın ölkəmizə qarşı törətdiyi intensiv təxribatlarla bağlı həmişə məlumatlandırıb: “Hətta BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşdığını, yaranacaq vəziyyətə görə məhz Ermənistanın məsuliyyət daşıdığını bildirib. Amma buna baxmayaraq, Ermənistan həmişə təcavüzkar mövqe nümayiş etdirib və işğalçılıq siyasətindən əl çəkməyib, hərbi təxribatlarını daha da intensivləşdirib və hazırda dinc vətəndaşlarımıza qarşı terror aktı həyata keçirməkdədir. Ölkə başçısının Azərbaycanın ədalətli mövqeyini olduqca məntiqli əsaslarla izah etməsi bir daha nümayiş etdirir ki, Prezident İlham Əliyev olduqca yüksək siyasi dünyagörüşə, diplomatik vərdişlərə malikdir. Eyni zamanda Prezidentin beynəlxalq münasibətlər sistemindəki reallıqları dərindən bildiyi göz önündədir”.

E.Mirbəşiroğlu qeyd edib ki, paralel olaraq bir çox informasiya agentlikləri təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyandan da müsahibələr alırlar və o, bütün müsahibələrində olduqca dar dünyagörüşünü nümayiş etdirir: “Paşinyan demək olar ki, heç bir müsahibəsində ciddi arqument səsləndirə bilməyib. O, nitqi ilə özünün savadsız olduğunu həmişə nümayiş etdirib və beynəlxalq hüquqdan bixəbər olduğunu göstərib.

Azərbaycan Prezidenti bütün müstəvilərdə ölkəmizin ədalətli mövqelərini inamla müdafiə edir və əsaslandırır ki, Azərbaycanın vəziyyəti tam dəyişib. Status-kvo və təmas xətti yoxdur. Bundan sonrakı proseslər Azərbaycanın diktəsi altında inkişaf edəcək. Ölkəmiz ədalətli mövqedədir. Bu gün siyasi, hərbi üstünlük Azərbaycanın tərəfindədir. Bu istiqamətdə də Prezidentin iradəsi, dünyagörüşü, diplomatik bacarıqları həlledici rol oynayıb. Prezident İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm