Vaşinqtonda yaşayan məşhur rəssam - Ermənistanın faşist simasını ifşa etdi
Bizi izləyin

Nida Təhlil

Vaşinqtonda yaşayan məşhur rəssam - Ermənistanın faşist simasını ifşa etdi

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin, eyni zamanda Ermənilərin mülki əhaliyə insanlıqdan uzaq olan qəddar hücumları nəticəsində həlak olan insanların ailələrinə başsağlığı verir və səbir diləyirəm. Qəlbimiz hər an sizinlədir. Xaricdə yaşayan digər soydaşlarımız kimi, vətənimizdə baş verən hadisələri diqqətlə izləyirəm.

Bunu Publika.az-a açıqlamasında Vaşinqtonda yaşayan tanınmış rəssam Əbülfəz Bahaduri deyib. Əslən Təbrizli olan dünya şöhrətli rəssam bildirib ki, bu tarixi, amma çətin anlarda onun kimi müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq bir sevinc, müştərək bir iftixar qaynağı var. Uzun illərdir işğal altında olan torpaqlarımızın bir hissəsi artıq azad olunub:

“Əzəli Azərbaycan torpaqlarının qaytarılması bizim haqq savaşımızdır. Bu müqəddəs savaşda dualarımız əsgərlərimizlədir. Hazırda Amerikanın müxtəlif ştatlarında yaşayan Azərbaycan ictimaiyyətinin bütün soydaşları da birləşib, daha güclü həmrəylik nümayiş etdirir. Biz 24 saat ərzində davamlı olaraq bir-birimizlə əlaqə saxlayırıq. Bu mənada Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsi çox mühüm rol oynayır. Biz dayanmadan ermənilərin yaydığı yalanları ifşa edirik, həm sosial şəbəkələrdə, həm də Amerikanın yerli qanunvericilik orqanlarına haqq mövqeyimizi çatdırır və bizi dəstəkləməyi tələb edirik. Beynəlxalq media və xəbər agentliklərində tez-tez çıxışlarımız olur. Qarabağ həqiqətlərini beynəlxalq media və xəbər agentliklərinə çatdırmağa çalışırıq, onlara müraciət edirik, qəsdən və ya səhvən erməni tərəfini himayə edilən yalanlarını tənqid edir, bununla bağlı müraciət və etiraz məktubları göndəririk”.

“Xarı bülbül”, “Azərbaycanlı çayçı”, “Bakı dalanı”, “Urmiyada üzümlük”, “Xəzər sahili” və “Nar ağacı” kimi rəsm əsərlərinin müəllifi olan rəssam bildirib ki, cənublu soydaşlarımız şimalda yaşayan həmvətənlərini himayə etmək və İran ərazisindən Ermənistana gedən silah-sursat dolu yük maşınlarının qarşısını almağa çalışıb və buna görə onlardan xeyli sayda həbs olunanlar var:

“Biz onların da sərbəst buraxılması üçün insan hüquqlarını himayə edən bir çox beynəlxalq təşkilatlara müraciət etmişik. Azərbaycan əsgərini, Azərbaycan dövlətini və Şanlı Ordusunu daim dəstəkləyirik. Zəfər bizimlədir, çünki haqq bizimlədir!”.

O bildirib ki, Ermənistanın Gəncəni bombalaması bir daha onu göstərir ki, bu ölkə terrorçu dövlətdir:

“Dinc əhalini hədəf alması Ermənistanın faşist simasını ifşa etdi. Bütün təlaşımız bunu BMT-nin “Amnesty İnternational”ın, başqa beynəlxalq insan haqları təşkilatları və xəbər agentliklərinə çatdırmaq olub və bu az müddətdə xeyli nailiyyət əldə etmişik. Hətta Gəncənin mülki əhalisinin bu son hücuma məruz qalmasından əvvəlki hücumlar da ifşa olunub.

Erməni lobbiçiləri xeyli yalanlar yayır. Biz onları da ifşa edirik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm