Həm məzlum, həm qalib görünmək istəyən şıltaq "Soros uşağı"
Bizi izləyin

Nida Təhlil

Həm məzlum, həm qalib görünmək istəyən şıltaq "Soros uşağı"

Prezident İlham Əliyevin son günlər ardıcıl şəkildə nüfuzlu xarici TV-lərə verdiyi müsahibələri izlədikcə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olaraq, ilk aylarda, illərdə gerçəkləşdirdiyi xarici səfərləri xatırlayıram (O səfərlərin bir hissəsində televiziya jurnalisti olaraq iştirak etmişəm).

Yaxşı yadımdadır, dövlət başçısı hər səfərində getdiyi ölkənin ictimai fikrinə təsir edən qurum və quruluş təmsilçiləri ilə görüşür, əlində çubuq, xəritə üzərində Ermənistan-Azərbaycan elan olunmamış müharibəsini, Qarabağda yaşananları izah edir, gerçək durumu öyrədirdi. Təsəvvür edin, o illərdə biz həm işğala məruz qalmış, həm də haqsız beynəlxalq münasibətsizliklə, ikili standartlarlarla sərt şəkildə üz-üzəydik. Məsələn, işğalçının təhriki ilə 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunmuş 907-ci düzəliş tam qüvvədəydi. Heydər Əliyevin bir müəllim siqləti və böyük siyasət ustası, dövlət xadimi praktikası ilə izah etdikləri sonrakı illərdə öz bəhrələrini verməyə başladı.

Bu yazıda məqsədim 90-cı illərin tarixcəsindən bəhs etmək deyil; demək istəyirəm ki, Prezident İlham Əliyev az qala hər gün nüfuzlu xarici TV-lərə müsahibə verməklə həm həqiqətlərimizi tirajlayır, həm qəti mövqeyimizi dünyaya bəyan edir; beləliklə, maarifləndirir, öyrədir – dərs keçir.

Bəli, məhz dərs keçir. İlham Əliyev zamanında doğrudan da müəllimlik edib – özü də vaxtı ilə təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir diplomatiya və elm-təhsil ocağında. Və daha üstün bir məktəbin – Heydər Əliyev dövlət idarəetmə, diplomatiya və siyasət məktəbinin ən layiqli müdavimi olan İlham Əliyevin həyatıında, fəaliyyətində uduzmaq yoxdur. Əslində, İlham Əliyevin muhatabı siyasət, diplomatiya və dövlət idarəetməsi işində usta biri olsa, o zaman, söhbət də, müzakirə də, debat da, görüş də çox maraqlı mübarizə vəd edər – o verilişə baxmaq, öyrənmək çox xoş olar. Ancaq qarşıdakı piyada birisi olunca, açıq fərq görünür, necə deyərlər, mübarizə getmir. Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın “RİA Novosti” agentliyinə müsahibələrinə baxdıqdan sonra bu fikirlərdə yanılmadığıma bir daha əmin oldum…

Peşəkar televizya aparıcısı Dmitri Kiselyovun verilişində ölkə rəhbərlərinə eyni suallar verildi, eyni cavab imkanı yaradıldı. Nə gizlədək, son günlər, təəssüf ki, rus TV-lərinin Ermənistana və Azərbaycana münasibətdə ədalətdən uzaq davrandığını, yönləndirici, təhrikedici üsullara əl atdığını müşahidə etməkdəyik; belə bir ortamda Dmitri Kiselyov və Maksim Şevçenko kimi azsaylı aparıcıların peşəkarlarlığı, yaxud neytrallığa meyli önəmlidir.

Kiselyovun verilişində həm haqlı tərəfi təmsil etdiyinə, həm intellektual imkanlarına görə İlham Əliyevin şəriksiz öncüllüyü bütün veriliş boyu (hər suala cavabda) özünü göstərdi. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatların qiymətləndirilməsindən tutmuş sərbəst sualadək… Rusdilli auditoriya kimin kim olduğunu görməkçün yaxşı imkan qazandı.

Özünü mürəkkəb vəziyyətə salmış Ermənistan hakimiyyəti indi cəhənnəmə tək getmək istəmir, özünə yoldaş axtarır. Həm haqsız, həm məğlub olan bir dövlətə hansısa dövlətin səmimiyətlə yanaşması inandırıcı deyil. Əgər haqlıykən məğub duruma düşmüş olsaydı, o başqa məsələ olardı. Bura onu da əlavə edək ki, Ermənistan həm balaca, həm imkansız, həm də binədən uğursuz dövlətdir; Ermənistan Respublikası bir “proje dövləti” olduğu üçün 102 illik mövcudluğu ərzində həmişə başqalarına yük oldu, özü boyda problem oldu. İndi belə bir “zəngin dövlətçilik ənənəsi” üzərində hökumət qurmuş təcrübəsiz Paşinyan gah Soros uşağı kimi, gah Rusiya xilaskarlığına güvənirmiş kimi dəyişik havalarda rəqs etmək istəyir. Lakin o, ümumiyyətlə oynamasa, daha yaxşı olardı. Hazırda öz başına və ölkəsinin başına gələnlərdə vaxtı ilə Şuşadakı yöndəmsiz rəqsinin özünəməxsus rolu olduğu danılmazdır.

Paşinyan nə masada danışıqlardan, nə hərb meydanında davranışdan normal şəkildə söz aça bilir. Danışıqsa – ədalətli sülhə xidmət etməlidir; kompromissə - Azrəbaycanın 30 ilə yaxın dözüm göstərməsi, məsələnin həll yolu tapılması üçün danışıqlar yoluna uzun illər sadiq qalması özlüyündə kompromis kimi qəbul edilməlidir. Lakin səbatsız Paşinyan indi elə seytnot durumundadır, istənilən hərəkəti onun sonuna xidmət edir – məsələ bir az tez, bir az gec baş tutmasındadır…

Ermənistan hökumətinin “Axilles dabanı” Qarabağda ədalətli sülhdür, ümumən ədalətli davranmaqdır. Kiselyovun kompromislə bağlı sualına cavab verməyən, yaxud cavab verə bilməyən Paşinyan o sualı daha iki dəfə eşitməli oldusa da, əlbəttə, yuxarıda vurğuladığımız səbəblər üzündən və “Azərbaycanfobiya” mərəzindən çıxış edərək, doğru-dürüst cavab verə bilmədi; yanılmıramsa, üçüncü dəfə də o sualı eşitdi, lakin cavab, əlbəttə, yox idi.

Bəli, bu, xaraktersiz hökumətin xaraktersiz başçısı idi!

Paşinyan üç dəfə eşitdiyi komromislə bağlı sualdan ha yayındı, yayına bilmədi. Uğursuz dövlətin ən uğursuz rəhbəri kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, ardınca isə bu müddəanı “qırmızı xətt” kimi göstərdi.

Anadolular demiş: Nə əlaqə? Ona görə, Kiselyov sualı ikinci dəfə təkrarladı; ancaq erməni baş nazir yenə kompromis barədə suala yanaşmadı. Nəhayət, üçüncü dəfə təkrarlanan sual qarşılığında belə, “Soros uşağı” “Biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq” kimi bir “cavab” verdi.

Bu üç dəfə təkrarlanan suala Paşinyanın “cavab”ı yetərlidir ki, Rusiya vergi ödəyiciləri düşünsün: bizim ölkənin milyardlarla vəsait hesabına başa gələn silahları Ermənistana nə üçün hədiyyə edilir? Üstəlik, əgər o silahlar Azərbaycan kimi xarakterli, ləyaqətli bir qonşuya qarşı çevrilmək, günahısız insanların qanını tökməkçün ayarlanacaqsa?!

Dəyərmi?! Əsla, yox!

Artıq yaxşı olar ki, o silahlar bir daha göndərilməsin. Bu hər üç tərəf üçün xeyirlidir: pulsuz sulah verən Rusiya, daha da borclanan Ermənistan və dinc əhalisi hədəf alınan Azərbaycan üçün. Necə olsa, enində-sonunda Azərbaycan Silahlı Qüvvələrinin dronları tərəfindən bərtaraf ediləcək, ya da ermənilər döyüş meydanında qoyub qaçacaq. Ən çox ziyan çəkən Ermənistan olacaq. İstərlərsə, bir azca düşünsünlər…

Yaxşı xatırlayıram, biz orta məktəbdə oxuyarkən SSRİ tarixində Ermənistan SSR-nin elan olunmasından bəhs olunan fəsildə, belə bir cümlə yazılmışdı: dünya erməniləri tarixdəki ilk erməni dövlətinin yaranmasını böyük sevinclə qarşıladı, bayram etdi.

Bəli, bu SSRİ tarixşünaslığının akademik baxışı idi: tarixdə ilk erməni dövləti!

Həmin o ilk erməni dövləti 102 il ərzində dövlət ola bilmədi, ən yumşaq şəkli ilə desək, kamil dövlət olmaq imkanı qazanmadı. Dünyanın, regionun indiki həssas dönəmində, mürəkkəb coğrafiyada, tarixdəki ilk erməni dövlətinin başbilənləri müdrik davranmağa mütləq şəkildə borcluydu.

Azərbaycan kimi qədim dövlətçilik ənənələri üzərində qurulmuş müstəqil dövlətin uzaqgörən dövlət başçısı qarşısında Paşinyan kimi gerizəkalı biri durub. Daha doğrusu, duruş gətirə bilmir. Ermənistan hakimiyyətinin yeganə düzgün yolu mehriban qonşuluq, birgəyaşayış normalarına əməl etmək, ona aid olmayanlar uğrunda mənasız mübarizədən qaçmaq, onsuz da məhdud imkanlarını cəfəngiyyata xərcləməməkdən keçirdi!

“RİA Novosti” tamaşaçısı gördü ki, Rusiyanın forpostu olan bir ölkənin “Soros uşağı” Baş naziri eyni vaxtda iki stulda oturmaq, həm işğalçı, həm haqlı olmaq, həm məzlum, həm qalib görünmək… mərəzindən qurtula bilmir. Nəhəng Rusiya belə bir diametral fərqlilikləri “sinxronizasiya etməyə” çalışan şıltağın mənasız oyunlarında məsuliyyət daşımağın nə qədər yararsız olduğunu gördü. Kiselyovun verilişi, bu mənada, yaxşı video-imkan, video-müqayisə yaratdı…

Azərbaycan Prezidentinin yetkin natiqliyi, uğurlu diplomatiyası, təmkinli siyasəti qarşısında kəkələyən, zorən diplomat və isterik Baş nazir vardı...

Bu, İlahi ədalətin təcəssümü kimi gəldi mənə! Artıq “həm suçlu, həm güclü” obraza dözüm göstərmək heç kəsə lazım deyil. Ermənistan bütün limitləri xərcləyib. O və onu idarəedənlər məntiqi sonluğun astanasındadır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm