Ermənistan bundan istifadə edir, məqsəd cəmiyyəti... - Politoloqdan XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Təhlil

Ermənistan bundan istifadə edir, məqsəd cəmiyyəti... - Politoloqdan XƏBƏRDARLIQ

“Əslində, əvvəldən deyilib ki, bu məsələdə həssas olmaq lazımdır. Çünki hazırda müxtəlif feyk, yanlış informasiyalar var. Onların əsas məqsədi insanları çaşdırmaq, real vəziyyətdən yayındırmaq və virtual bir bir mənzərə yaratmaqla, idarə etməkdir. Yəni burada şüuraltı idarə etməkdən söhbət gedir”.

Bu fikirləri Publikaz.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

İ.Vəlizadə təəssüf edir ki, bizim istifadəçilər hələ də bunu kifayət qədər dərk etmirlər: “Düzdür, insanlar xoş məramla bunu edirlər. Açıq deyək, Şuşanın, Zəngilanın işğaldan azad olunması ilə bağlı bu informasiyalar yayılır. Amma iş orasındadır ki, onda cəmiyyətdə yanlış mənzərə yaranır. Yanlış mənzərə ondan ibarətdir ki, biz artıq almışıq, niyə onda rəsmi orqanlar susurlar? Yəni bizdən nəsə gizlədirlər. Bax, belə fikirlər var. Bəlkə də o fikirlə bunu edirlər. Sonra informasiyalar gəlir ki, biz Şuşanı almamışıq. Yəni burada insanlarda çaşqınlıq yaranır. Çünki rəsmi məlumatlar başqadır. Rəsmi məlumatda konkret deyilir ki, hansı kəndlər, məntəqələr alınıb. Bu da rəsmi məlumata uyğun gəlmir. İnsanlarda çaşqınlıq yaranmağa başlayır. Ermənistan tərəfi bundan istifadə edir. Deyirlər ki, Azərbaycan tərəfi insanları aldadır. Ona görə, burada Ermənistan tərəfindən manipulyasiya gedir”.

“Bu cür xəbərləri paylaşan sosial şəbəkə istifadəçilərinin böyük qismi bilərəkdən Ermənistana işləmir. Fikirləşirlər ki, yaxşı şey edirlər. Amma nəticə etibarilə düşmənin dəyirmanına su tökməkdir. Ondan başqa, bizim hərbçilərin, ölənlərin şəkilləri sosial şəbəkələrdə yerləşdirilir. Dəfələrlə deyilib ki, onu etmək olmaz”, - politoloq diqqətə çatdırıb.

İ.Vəlizadə bildirib ki, bunun qarşısını almaq üçün kütləvi surətdə heç kəs heç kəsi “dama” basan deyil: “Sosial şəbəkələrlə bağlı özümüz da burada tez-tez paylaşım etməliyik ki, bu barədə yazmaq yaxşı deyil. Yəni statuslar yazmalıyıq, televiziyada süjetlər getməlidir, qəzetlər də bu barədə yazılmalıdır. Nə qədər bu hallar varsa, o qədər bu süjetlər, materiallar olmalıdır. Konkret fikirlərlə bağlı konkret tənqidi fikirlər səslənməlidir ki, bəlkə o zaman bir ictimai qınaq yaransın”.

Qeyd edək ki, Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Qeyd edilib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər: “Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm