“Radikal faşizm ideologiyasının daşıyıcıları Ermənistana dəstək verir” - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

“Radikal faşizm ideologiyasının daşıyıcıları Ermənistana dəstək verir” - POLİTOLOQ

“Qarabağ cəbhəsində Ermənistanın işağlçılıq planları fiaskoya uğradı. Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirməklə, böyük əraziləri işğaldan azad edir və Ermənistanın iddia etdiyi qondarma “respublika” planı da artıq fiaskoya uğradı”.

Publika.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edərkən deyib.

M.Əsədullazadənin fikrincə, ermənilər bu çarəni müəyyən dövlətlərə müraciət etməklə, atəşkəsin saxlanmasına hesablayıblar: “Bu istiqamətdə bir çox dövlətlərin parlamentarilərinin Dağlıq Qarabağa gəlməsi, burada bəyanat verməsi kimi planlar hazırladılar. Mən düşünürəm ki, onların elə planları əbəsdir və Azərbaycan hərbi əməliyyatları davam etdirəcək. Bir müddət əvvəl Rusiya Dumasının deputatı Qarabağa səfər etmişdi və Azərbaycan Rusiyaya nota verdi. Amma belə səfərlər heç də Azərbaycanın apardığı uğurlu hərbi əməliyyatların qarşısını ala bilməz. Ötən gün Almaniyadan bir neçə deputatın Qarabağa gəlib bəyanat verməsi Almaniya dövlətinin rəsmi mövqeyi deyil. Bu, faşist partiyasıdır və bu partiyanın Rusiya ilə əlaqələri mövcuddur”.

Əsədullazadənin sözlərinə görə, ermənilər son anlar faşistlərlə əməkdaşlığa gedərək, Azərbaycana qarşı informasiya müharibəsinə əl atmaq istəyirlər: “Hesab edirəm ki, Almaniyanın deputatlarının bəyanatı nə beynəlxalq hüquqa, nə də münaqişənin həllinə doğru getməsinə hər hansı bir müsbət impuls verəcək. Və bu danışıqların başlanması istiqamətində prosesə zərbə vura bilər. Düşünürəm ki, Ermənistanın belə addımları gərginləşdirməyə gətirib çıxaracaq və danışıqlar üçün heç bir əsas qoymayacaq. Əlbəttə ki, Ermənistanın indiki mövqeyi danışıqlar üçün hər hansı bir planın üstündən xətt çəkir”.

“Ermənilər humanitar atəşkəsdən də hücum üçün istfadə edirlər. Amma bir neçə deputatın Qarabağa gəlməsinə qarşı Azərbaycan hüquqi prosedurlara başlamalıdır. Onların Azərbaycana girişi qəti qadağan olunmalıdır və sübut edilməlidir ki, nasist partiyasının üzvləri Ermənistanla əməkdaşlıq edir. Onlar 21-ci əsrdə faşistlərin mövqeyini Qarabağa gətirərək, burada təhlükəsizliyi təhdid edir. Gələcək perspektivdə belə bir ideologiyanın formalaşması region üçün təhlükəli çalarlara gətirib çıxara bilər. Və Azərbaycan bundan maksimum istifadə etməlidir”, - politoloq əlavə edib.

M.Əsədullazadə onu da diqqətə çatdırıb ki, məhz radikal qruplaşmaların parlamentdə olan təmsilçiləri yalnız belə separatçı bölgələrə səfər edir, bununla da münaqişələrin daha da qızışmasına gətirib çıxarır: “Fikir versəniz, Ermənistana beynəlxalq hüququn aliliyini təmsil edən ölkənin parlament deputatları gəlmir. Yalınız radikal faşizm ideologiyasının daşıyıcıları Ermənistana dəstək verir. Məhz bu da Ermənistanın əleyhinə işləyən bir faktordur. Almaniya, ya da Rusiyanın bu kimi deputatları Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı əks-həmlə əməliyyatlarının qarşısını ala bilməyəcək. Ermənistan bununla da danışıqların üstündən xətt çəkir. Bu da Ermənistanın işğalçı qüvvələrinin Qarabağdan çıxarılmasını labüd edir. Onlar əgər Qarabağda möhkəmlənərsə, bundan sonra faşist, nasist ideologiyası ilə burada möhkəmlənə bilərlər və bu da Cənubi Qafqazın təhlükəsizliyi, həmçinin beynəlxalq dünya üçün risk ola bilər”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm