Paşinyan ölkəyə nəzarəti itirir: İrəvanda siyasi müharibə başladı
Bizi izləyin

Nida Təhlil

Paşinyan ölkəyə nəzarəti itirir: İrəvanda siyasi müharibə başladı

Azərbaycan Ordusu cəbhədə irəliləyir, İrəvanda isə hələ də “biz qalib gəlirik” uydurmaları eşidilir. Bu, daxili auditoriyanın beynində qələbə mifinin yaradılmasına hesablanıb. Lakin Qarabağda baş terrorçu Araik Arutunyanın “şiddətli döyüşlər gedir, bir çox mövqedən geri çəkilirik” açıqlamasından sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin “qələbə açıqlamaları” xaosun yaşandığını, baş nazir Nikol Paşinyanın orduya, ümumiyyətlə ölkəyə nəzarəti itirdiyini göstərir.

Ermənistanın ağır məğlubiyyəti fonunda “Qarabağ klanı” kimi tanınan siyasi qüvvələrin ölkəyə nəzarəti itirmiş Paşinyanı devirmək üçün hərəkətə keçməsi müşahidə olunur. Son bir neçə gündə siyasi qüvvələrin görüşü də Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğundan xəbər verir.

Qondarma “dqr”-in keçmiş “rəhbərləri” Bako Saakyan və Arkadi Qukasyanın baş nazir Nikol Paşinyanla görüşdü, ardınca keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanla ayrılıqda görüşlər keçiriblər. Bu görüşlərin sonunda Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan, həmçinin, Bako Saakyan və Arkadi Qukasyan birgə toplantı keçirdi. Qapalı keçirilən toplantıda Qarabağ məsələsinin müzakirə edildiyi açıqlanıb.

Qondarma “dqr”-in keçmiş “rəhbərləri” hakimiyyətlə müxalifət arasında körpü rolunu oynayır. Bu görüşlərdə məqsəd Qarabağda işğalın davam etdirilməsindən çox, hakimiyyətin bölgüsüdür. Bu kontekstdə bir neçə məqam diqqət çəkir:

- Separatçılar niyə Paşinyanla sabiqlər arasında söz aparıb-gətirən rolunu oynayır?

- Paşinyan sabiqlərə hansı mesajı göndərib?

- “Mehriban düşmən” olan Ter-Petrosyanla Koçaryanı bir araya gətirən nədir?


Hərbi əməliyyatların başladığı ilk həftədə “Qarabağ klanı” kimi tanınan dəstə Xankəndinə səfərlər etdi, separatçı rejimlə və erməni generallarla görüşlər keçirildi. Bu görüşlərdən sonra İrəvana qayıdan keçmiş xunta rejiminin nümayəndələri “hərbi şura”nın yaradılması təklifini gündəmə gətirdi.

Təklifə görə ölkədə “hərbi şura” yaradılır, keçmiş prezidentlər bu şurada təmsil olunur və müharibə birlikdə aparılır. Paşinyan bu təklifi qəbul etmədi, çünki bunun devirdiyi sələflərinin onu devirmək tələsi olduğunu bilir. Lakin cəbhədə vəziyyət Ermənistan üçün daha da pisləşdikcə Nikol xilas yolları axtarışlarını sürətləndirdi.

Azərbaycan Ordusu demək olar ki, hər gün yeni yaşayış məntəqələrini azad edir, erməni ordusu məhv olmuş vəziyyətdədir. Paşinyan anlayır ki, artıq işğala davam edə bilməyəcək və prosesin sonunda onun “siyasi dəfni” reallaşacaq. İndiki halda Nikol üçün müharibə başa çatmamış “məsuliyyəti” bölüşmək lazımdır. Əgər sabiq prezidentlərlə birlikdə hərəkət edərsə, məğlubiyyətdən sonra ittihamlardan qaça bilər.

Bunu yaxşı anlayan Koçaryan-Sarkisyan cütlüyü isə Paşinyandan hakimiyyətin bölünməsini istəyirlər.

Və burada separatçılar, Saakyan-Quqasyan dövriyyəyə girdilər.

“Qarabağ klanı”nın üzvləri olan separatçıların Paşinyanla görüşündə məqsəd onun “hərbi şura”nın yaradılmasına razı salmaqdır. Onların qəbul edən Nikol da səlahiyyətlərinin azalmayacağı formada öz oynunu oynamağa çalışır. Saakyan-Quqasyan cütlüyü Paşinyanın istəklərini Koçaryan-Sarkisyan cütlüyünə çatdırdı və son nəticədə Ter-Petrosyanın da iştirakı ilə birgə görüş keçirildi.

İlk baxışda tərəflərin razılaşdığı görünür, lakin görüşdə “mehriban düşmən” olan Ter-Petrosyanla Koçaryanın ilk dəfə masa arxasında əyləşməsi diqqət çəkir. Ermənistanın düşdüyü bu vəziyyəti 20 il öncə görən və bu vəziyyətə düşməməsi üçün münaqişənin həllinə razılaşan, məhz bu “səhvinə” görə devrilən Levon onu devirənlərlə masa arxasına gəlirsə, məqsədi Paşinyanı xilas etmək yox, hakimiyyətin bölgüsündən pay əldə etməkdir.

Paşinyan faktiki tək qalıb, hətta “mənəvi atası” olan Levon da onu satdı. Bu mənzərə Ermənistan daxilində siyasi qarşıdurmanın şiddətləndiyini təsdiqləyir. Nikol üçün üç yol var:

Birinci: müharibənin sonunda devriləcək və erməni tarixində nifrətlə xatırlanacaq;

İkinci: məğlubiyyətin məsuliyyətini bölüşmək üçün 13 siyasi partiyanın “hərbi şura”nın yaradılması təklifini qəbul edir, lakin bu da taxtdan enməsi ilə nəticələnəcək;

Üçüncü: Azərbaycanın şərtlərini qəbul etmək, əraziləri qaytarmaq;

Yalnız bu halda hakimiyyətini qorumaq ehtimalı az da ola var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm