İlham Əliyevin bütün addımları bir neçə on il bundan sonraya hesablanır - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin bütün addımları bir neçə on il bundan sonraya hesablanır - MÜSAHİBƏ

"Xudafərin körpüsünün azad edilməsinin böyük strateji və iqtisadi əhəmiyyəti var. Buradakı su anbarından istifadə edilməsi kənd təsərrüfatının ehtiyaclarını ödəyəcək və məhsuldarlığa kömək edəcək. Su elektrik stansiyası isə həm doğma yurdlarına dönəcək əhalinin problemlərini həll edəcək, həm də bütün iqtisadiyyata xeyir verəcək".

Bu fikirləri Publika.az-a müsahibəsində Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Müsahibəni təqdim edirik:

- Musa müəllim, Xudafərin körpüsü tarixi qədimliyə, türkün tarixi hünərinə şahidlik edib. Cəbrayıl şəhərinin azad edilməsi, Xudafərində bayrağımızın qaldırılması ilə bir daha da şahidlik etdi. Bu körpü hansı rəmzi mənanı özündə əks etdirir?

- Təcavüzkar Ermənistanın işğalı altında olan digər ərazilərimiz kimi, Xudafərin körpüsünün də azad edilməsi tariximizin qürurverici, şanlı səhifələrindən biridir. Bu körpü həm tarixi-memarlıq, həm də mənəvi-psixoloji baxımından bizim üçün əhəmiyyətlidir. Körpü və ətrafının erməni vandallarından qurtarılması tarixi ədalətin bərpası olmaqla yanaşı milli ruhumuzu yüksəldən və birliyimizi artıran, möhkəmləndirən hadisədir. Bu hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir.

- Xudafərin körpüsünün tarixi əhəmiyyəti nədən ibarət olub?

- Orta əsrlərdə inşa edilən və milli memarlığın nadir tarixi abidələrindən olan bu körpü Böyük İpək yolunun üstündə yerləşməklə birləşdirici və təhlükəsiz ticarət keçid məntəqəsi olub. Müxtəlif dövrlərdə baş verən müharibələr nəticəsində körpü dağılsa da, qorunub saxlanılıb. Körpü eyni zamanda Azərbaycan xalqının dünya maddi-mədəni irsinə verdiyi töhfələrdən biridir. Onun YUNESKO-nun müvafiq siyahısına salınması üçün işlər də dövlətimiz tərəfindən heç şübhəsiz, aparılacaq.

- Tarixən Avropa ilə Asiyanı, quzeylə-güneyi birləşdirən bu körpü bu gün də strateji əhəmiyyətə sahibdir. Burada hidroqovşaqlar və su elektrik stansiyası var. Bunların Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? İşğaldan azad edilən ərazilərimizin su və enerji təchizatı problemini həll edə biləcəkmi?

- Xudafərin körpüsünün azad edilməsinin böyük strateji və iqtisadi əhəmiyyəti var. Buradakı su anbarından istifadə edilməsi kənd təsərrüfatının ehtiyaclarını ödəyəcək və məhsuldarlığa kömək edəcək. Su elektrik stansiyası isə həm doğma yurdlarına dönəcək əhalinin problemlərini həll edəcək, həm də bütün iqtisadiyyata xeyir verəcək. Bu stansiyalar işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycanın işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq. Digər tərəfdən, bu körpü vasitəsilə İran İslam Respublikası ilə sərhəd-keçid məntəqəsi yaradıla bilər.

- 4 il əvvəl Tehranda imzalanmış saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı. Ancaq bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər? Buna münasibətinizi öyrənmək istəyərdim...

- Bu sualı həmin şəxslərə versəniz daha yaxşı olar. Təkcə daxili, region deyil, beynəlxalq məsələləri dərindən, xırdalığına qədər mükəmməl bilən cənab Prezidentimiz İlham Əliyevin dəqiq ölçülüb-biçilmiş bütün addımları bir neçə on il bundan sonraya hesablanır və dövlətimizin maraqlarının qorunmasını təmin edir. Həmin tədbirlərin dərk edilib-edilməməsi isə o şəxslərin öz işidir. Ancaq bir daha aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar. 4 il öncə imzalanan saziş həm də işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm