• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

Azərbaycan və Gürcüstan: etibarlı tərəfdaşlıq nümunəsi...

Azərbaycan və Gürcüstan: etibarlı tərəfdaşlıq nümunəsi...

“Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. El məsəli olan bu ifadə təkcə insani yox, siyasi münasibətlərdə də əhəmiyyətli prinsiplərdən biridir. Eyni regionda yerləşən ölkələr üçün qonşuluq siyasəti həyati əhəmiyyət kəsb edir.

Cənubi Qafqazda işğalçı siyasəti ilə özünü təcrid edən Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan həm region, həm də beynəlxalq münasibətlərdə strateji əməkdaşlıq, qonşuluq və dost münasibətlərin presedentini yaradıb.

Etibarlı münasibət, qarşılıqlı dəstək, yaxın qonşuluq və dostluq prinsilərinə əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri regionun təhlükəsizliyində də mühüm rol oynayır. İki ölkənin liderləri arasındakı dostluq münasibətləri də burada vacib məqamlardan biridir.

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində regional əməkdaşlığın inkişaf etdirilməsi kontekstində Azərbaycanla Gürcüstan arasında əlaqələri yüksək qiymətləndirib.

Dövlət başçısı deyib: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir”.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər istər beynəlxalq, istər regional siyasətdə, istərsə qlobal layihələrin həyata keçirilməsində mükəmməlliyi ilə seçilir.

2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş münaqişə zamanı ilk köməyə gedən ölkələrdən biri Azərbaycan idi. Həmin vaxt Prezident İlham Əliyevin tapşırığı ilə qonşu ölkəyə 400 adda dərman preparatları və tibbi ləvazimat, 25 tonluq humanitar yardım göndərilib. Bununa yanaşı, Azərbaycan Gürcüstanda enerji böhranının aradan qaldırılmasında da həlledici ölkə oldu.

Rəsmi Tbilisi Bakının bu dəstəyini unutmur və beynəlxalq və regional münasibətlərdə siyasətini strateji tərəfdaşlıq prinsipinə uyğun qurur.

Bu ilin iyul ayında Ermənistanın Tovuz təxribatından sonra Gürcüstanın işğalçı ölkəyə daşınan hərbi yüklərə tranzit olmaqdan imtina etməsi də Tbilisinin etibarlı tərəfdaş olduğunu bir daha göstərdi. Bu məsələ ilə bağlı danışan Prezident İlham Əliyev bildirdi ki, “Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük”.

Azərbaycan-Gürcüstan münasibətləri ciddi sınaqlardan keçib və iki ölkə taleyüklü məsələlərdə daim bir-birinə dəstək verib.

İki ölkə birgə qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrini həyata keçirir: Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu gün bütün dünyanın əsas enerji və nəqliyyat şəbəkəsidir.

Azərbaycanın müəllifi və əsas iştirakçısı olduğu, Avropanın enerji təhlükəsizliyində, eləcə də dünyanın enerji xəritəsində mühüm paya sahib olan Cənubi Qaz Dəhlizi, BTC, BTƏ kimi layihələrin Gürcüstanda keçməsi bu ölkəyə böyük siyasi-iqtisadi divident gətirir.

Bakı-Tbilisi-Qars dəmiryolu isə beynəlxalq nəqliyyat şəbəkəsində xüsusi əhəmiyyətə malikdir və Gürcüstan bu layihənin iştirakçısı kimi tranzit rolunu gücləndirir. Qlobal layihələri birgə həyata keçirən Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi siyasi təşkilatların da aparıcı ölkələridir.

Azərbaycan Gürcüstanda iki ən böyük investor və vergi ödəyicisindən biri kimi bu ölkənin sosial-iqtisadi sferasında əhəmiyyətli rola malikdir. Gürcüstanda 700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, indiyədək Azərbaycandan Gürcüstana 3,2 milyard ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri bu ölkədə əsas vergi ödəyicilərindəndir. Azərbaycan 2020-ci ilin yanvar-may aylarında dünyanın 98 ölkəsinə mal ixrac edib və Gürcüstan ən çox məhsul ixrac olunan ölkələrin ilk onluğundadır. Hazırda Gürcüstanda SOCAR brendi altında 113 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: Şirkətin pərakəndə bazar payı təxminən 16 faizdir. Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi – “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.

2017-ci ildə “SOCAR Energy Georgia” şirkətinin Gürcüstan büdcəsinə 120 milyon, 2018-ci ildə 144 milyon, 2019-cu ildə 150 milyon vergi ödəyib, 2020-ci ildə bu rəqəm ən azı ötənilki ilə eyni olacaq. Ümumi hesablamalara görə, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.

Azərbaycanın təkcə bu şirkəti 2006-cı ildən indiyə qədər Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox sərmayə yatırıb.

Bununla yanaşı, Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələrin də müəllifidir. Koronavirus pandemiyası dövründə Azərbaycan kapitallı şirkətlərin sosial təminatı zəif olan Gürcüstan vətəndaşlarına yardımı da iki dövlətin dostluq münasibətlərindən irəli gəlir.

İki ölkənin münasibətlərinin yüksək səviyyədə olmasında Gürcüstanın hazırki hakimiyyətinin rolu da xüsusi diqqət çəkir. Rəsmi Tbilisi strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir.

Azərbaycan və Gürcüstan rəhbərlərinin siyasi iradəsi regionda təhlükəsizliyin təmin edilməsində mühüm rola malikdir. Bu münasibətlər etibarlı tərəfdaşlıq və qonşuluq siyasətinin mükəmməl presedentini yaradıb.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR