Azərbaycan: hər kəsin bərabərhüquqlu yaşadığı ölkə...
Bizi izləyin

Nida Təhlil

Azərbaycan: hər kəsin bərabərhüquqlu yaşadığı ölkə...

“Qarabağ erməniləri”. Ermənistanda bu ifadə Azərbaycan vətəndaşı olan ermənilərə qarşı ayrı-seçkilik olaraq istifadə olunur və Azərbaycan torpaqlarının işğalından sonra Qarabağdan olan ermənilər işğalçı ölkədə “ikinci növ” insan kimi qarşılanır.

Buna səbəb Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olması, işğaldan öncə Azərbaycanın tərkibində yaşamalarıdır. Hətta bəzi hallarda onlara qarşı “türk” sözü söyüş kimi də istifadə edilir.

Ordumuzun azadetmə əməliyyatının sonunda Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçı siyasətində alət kimi istifadə etdiyi Azərbaycan vətəndaşı olan ermənilərin də qurtuluşuna imkan yaranıb. Çünki Ermənistan dünyada mövcud olan azsaylı monoetnik ölkələrdən biridir və ötən əsrin sonlarında digər xalqları öz ata-baba yurdundan qovan işğalçı ölkənin faşist rəhbərliyi Azərbaycan vətəndaşı olan ermənilərə qarşı da eyni münasibəti bu və ya digər formada sərgiləyir.

1988-1989-cu illərdə Ermənistan 250 min azərbaycanlını tarixi torpaqlarından deportasiya etdi. Bu deportasiya zamanı yəhudilər və kürdlər də Ermənistandan çıxarıldı.

Bunun ardınca Azərbaycan torpaqlarının işğal edilməsi istiqamətində hücum başlandı. Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi, 1 milyona yaxın insan öz yurdundan qovuldu.

Monoetnik ölkə olan Ermənistan torpaqlarımızı işğal edəndən sonra Qarabağda Azərbaycan vətəndaşı olan ermənilərə qarşı müxtəlif vasitələrlə təzyiqlər edib. Xüsusilə Ermənistandan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan ermənilərin Qarabağda qanunsuz məskunlaşdırılması ilə bölgənin demoqrafik vəziyyətini süni şəkildə dəyişdirilib. Bu siyasətdən Azərbaycan vətəndaşları olan ermənilər də əziyyət çəkib.

Sentyabrın 27-də Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azadetmə əməliyyatına başlamasından sonra Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanovun “Qarabağ erməniləri Qarabağın separatçıların terror xuntasından azad olunmasını səbirsizliklə gözləyirlər” sözləri də Azərbaycan vətəndaşı olan ermənilərin istəyini ifadə edir.

Bu gün Azərbaycan vətəndaşı olan ermənilərin Ermənistanın hərbi xunta rejimindən xilas olmaq şansı yaranıb. Onlar Azəraycanın çoxmillətli tolerantlıq mühitində bərabərhüquqlu vətəndaş kimi yaşaya bilərlər.

Bütün bəşəriyyət üçün tolerantlıq nümunəsi olan Azərbaycan erməni əsilli vətəndaşlarına da azad mühit yarada bilər. Çünki bu ölkə əsrlər boyu hər kəsin dini inancına, etnik tərkibinə hörmətlə, sevgi ilə yanaşıb. Bu ölkədə birinci şəxsdən tutmuş, sadə vətəndaşa qədər hər kəs qarşılıqlı hörmət, etibarla yaşayır.

Əhalinin 96 faizi müsəlmandır. Lakin xristianlıq və iudaizm üçün Azərbaycanda həmişə yaxşı şərait var. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. Müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib. Son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının ən mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir. Halbuki, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan həmin ərazilərdəki nəinki məscidləri, insanların qəbirlərini belə dağıdıb. Atalarının, analarının qəbirləri dağıdılan, evlərindən, doğma yurdlarından didərgin düşən insanlar həmin erməni kilsəsini yerlə-yeksan edə bilər. Lakin Azərbaycan xalqı üçün həmişə əsas olan bir məsələ var: tolerantlıq; başqasına aid inanclara hörmət, bəşəri dəyərlərə qiymət. Bu ölkənin əsrlər boyu ayaq üstə qalmasında ən mühüm rol oynayan amillərdən biri də məhz budur.

Əsas qanundan çıxış edən Azərbaycan rəhbərliyi bu hüququ dövlət səviyyəsində təmin edir. Nəticə etibarilə bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan xristianları, Alban-udi xristian dini icması, Avropa yəhudiləri - əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan krişnaçılar, bəhailər və s. dinlərin mənsubları tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahat şəkildə yerinə yetirirlər. Ölkədə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Qubada yəhudilərə məxsus olan “Qırmızı” qəsəbə isə tolerantlığın əsl nümunəsidir. Bu qəsəbə təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu vətəndaş kimi yaşadığı ölkədir. Bu gün dinindən, etnik kimliyindən asılı olmayaraq, hər kəs üçrəngli bayrağın altında toplaşıb və Qarabağın azad edilməsi uğrunda aparılan Vətən müharibəsində bütün xalqın yumruq kimi birləşib. Çünki bu ölkə dini-etnik kimliyindən asılı olmayaraq hər bir azərbaycanlınındır.

Hərbi əməliyyatlar zamanı Azərbaycanın Ermənistandan fərqli olaraq mülki obyektlərə və dinc sakinlərə toxunmaması da həmişə istinad etdiyimiz humanizm prinsiplərinə sadiq olmağımızdan irəli gəlir.

Azərbaycan Ermənistanın yaşayış məntəqələrini atəşə tutmasına, Gəncəyə edilən terror hücumlarına cavabı da hərbi cəbhədə verdi, mülki əhali və obyektləri hədəf kimi seçmədi. Çünki Azərbaycan dinc əhaliyə qarşı yox, işğalçı qüvvələrə qarşı mübarizə aparır.

Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı olan ermənilər ölkəmizdə digər xalqlar, milli və etnik azlıqlar kimi bərabərhüquqlu yaşaya bilər, dini inanclarını azad şəkildə yerinə yetirə bilərlər.

Azərbaycan dövləti bütün addımlarında bunu etməyə hazır olduğunu nümayiş etdirib.

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetində müsahibəsində də bu məsələyə tam aydınlıq gətirdi: “Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik”.

Seçim Azərbaycan vətəndaşı olan ermənilərin özünündür: ya azad ölkədə bərabərhüquqlu vətəndaş kimi yaşamaq, ya da Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğal siyasətinin qurbanı olmaq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm