Bu, dünyanın haqqı tapdalaması və ölkəmizə qarşı fitnəkar davranışdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, dünyanın haqqı tapdalaması və ölkəmizə qarşı fitnəkar davranışdır - Politoloq

“İşğal edilmiş torpaqları bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı şuranın daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 4 qətnaməyə istinadı daxil etməmişdilər. Hər şey Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa yönəlib”.

Bu fikirləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə bu, ikili standartların təzahürüdür: “Bu qurumlar çalışırlar ki, Ermənistanı tam iflasdan xilas etsinlər və Azərbaycanın öz doğma torpaqlarını qaytarmasına müəyyən əngəllər yaratsınlar. Bu, çox qəribə bir haldır. Dünya vaxtilə Azərbaycanın torpaqları işğal ediləndə, bununla bağlı BMT qətnamələri qəbul ediləndə, Xocalı soyqırımı törədiləndə susub dayanmışdı. İndi isə Azərbaycan öz torpaqlarını işğaldan azad edir, imkan vermir ki, tarixi ərazilərimizi başqa bir dövlət mənimsəsin və özününkü etsin”.

Q.Hüseynli qeyd edib ki, ölkəmizin əks-hücum əməliyyatları BMT Nizamnaməsinə, Nizamnamənin 51-ci maddəsinə və beynəlxalq hüquq normalarına uyğundur: “Azərbaycan sadəcə humanitar xarakterli, torpaqlarını azad etmək məqsədilə işğalçı dövlətə qarşı mübarizə aparır. Bizim bundan başqa bir niyyətimiz yoxdur. Birdən-birə bəzi beynəlxalq subyektlərin belə bir təşəbbüslə addımlar atması insanı heyrətləndirir, ciddi təəccüb doğurur. Qarabağda dünya müharibəsi baş vermir ki?! Azərbaycan dövləti işğal edilmiş torpaqlarını azad edir. Ermənilər isə bütün dünyaya hay-küy salaraq onların bu torpaqlardan qovulması ilə bağlı uydurmalar yayır, dünyanı çaşdıran bəyanatlar verir, ölkəmizə qarşı ciddi təhdid və təzyiqlər yağdırırlar. Bu, dünyanın haqqı tapdalaması, ədaləti görməməsi, Azərbaycana qarşı tamamilə fitnəkar bir davranışdır. Həmin əməlləri biz qətiyyətlə pisləyirik”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm