• USD 1,7000 0,00% EUR 2,0603 +0,33%
    • GBP 2,2757 -0,27% RUB 0,0226 +0,88%

Bu vəziyyətdə karantin qaydaları sərtləşdirilə bilər - Adil Qeybulla

Bu vəziyyətdə karantin qaydaları sərtləşdirilə bilər - Adil Qeybulla

“Artım bütün dünya üzrədir. Bu, tendensiyadır. Avropa ölkələrində artıq pik həddə yoluxma var. Fransa, İtaliya və Amerikada yoluxma sayı kəskin artıb. Təbii ki, Azərbaycanda da artım var, amma əhalinin sayını nəzərə alanda başqa ölkələrə nisbətən xeyli qənaətbəxş idi. Ancaq son hadisələr, yəni vətən torpaqlarının işğaldan azad edilməsi ilə bağlı olan haqq savaşı və Ermənistanın təcavüzü müəyyən qədər buna rəvac verdi, onun doğurduğu emosional vəziyyət koronavirusu arxa plana keçirdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O qeyd edib ki, insanların rayonlara axışması, bir az da Abşeron yarımdasında miqrasiyanın artması və ictimai nəqliyyatdakı bərbad vəziyyət yoluxma sayının artmasına gətirib çıxarıb: “Həmişə olduğu kimi, ictimai nəqliyyatda normal vəziyyət yaratmaq mümkün olmadı. Metronun bağlanması da ictimai nəqliyyatın üzərində yükü artırdı və beləliklə, xeyli yoluxma potensialı yaratdı. Bundan başqa, insanların qapalı mühitdə karantin davranışlarına əməl etməməsi də öz rolunu oynadı”.

A.Qeybulla hesab edir ki, bu vəziyyətdə karantin qaydaları sərtləşdirilə bilər: “Bilirsiniz ki, artıq bəzi kənd və şəhərlərdə müəyyən karantin tədbirləri görülüb, oradakı epidemioloji vəziyyəti nəzərə alaraq giriş-çıxış məhdudlaşdırılıb. Bildiyiniz kimi, ali məktəblərdə, orta məktəblərdə tətil elan olundu, metro bağlandı. Ola bilər müəyyən məhdudlaşdırıcı tədbirlər yenə də görülsün, hətta məsələ SMS icazəyə qədər gedib çıxa bilər. Hər halda, hesab edirəm ki, insanlar buna anlayışla yanaşmalıdır. Çünki yoluxmanın ön cəbhəyə transfer edilməsi, əsgərlərimiz arasında yayılması kifayət qədər ciddi məsələdir. Biz çalışmalıyıq ki, buna yol verilməsin. Bu, bizim ümumi, həyati vacib işimizə xeyli kölgə sala bilər.

Azərbaycanda koronavirusun bu şəkildə yayılması itkilərə səbəb ola bilər, amma biz maksimum az itkilərlə çıxmaq üçün əlimizdən gələni etməliyik”.

Professorun fikrincə, koronavirusun belə artımı Ermənistana daha çox zərər verəcək: “Çünki orada onsuz da ordu çökmüş durumdadır. Ölkədə iqtisadi baxımdan vəziyyət yaxşı deyil və koronavirusun yaratdığı problemlər də öz təsirini göstərəcək. Çökmüş iqtisadiyyat və hərbi-siyasi vəziyyətə görə, əlbəttə, bu, Ermənistana daha çox zərər vuracaq”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR