İranın ədalətli mövqeyi: Azərbaycan bunu unutmayacaq
Bizi izləyin

Nida Təhlil

İranın ədalətli mövqeyi: Azərbaycan bunu unutmayacaq

Azərbaycanın sentyabrın 27-də başladığı Vətən müharibəsinə dəstək verən ölkələrdən biri də İran İslam Respublikası oldu. Hərbi əməliyyatların başlamasından bir gün sonra İran liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin verdiyi açıqlama qonşu ölkənin bu müharibədə tutduğu mövqeni birmənalı şəkildə ortaya qoydu.

“İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır” – Həsən Amili bildirdi və qeyd etdi ki, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur.

İranın sərgilədiyi mövqe əsl dost və qonşuluq prinsipinə uyğundur. Dini liderin nümayəndəsi ilə yanaşı, qonşu ölkənin Xarici İşlər Nazirliyi də rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.

XİN sözçüsü Səid Xətibzadə bəyan etdi ki, İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində həllininin tərəfdarıdır.

İran İslam Respublikası bir daha tərəflərdən atəşkəsə riayət olunmasını, müzakirələrin beynəlxalq hüquqa uyğun, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində davam etməsini istəyir, regionda sülh və münaqişənin daimi həll yolunun əldə olunmasında müzakirələrin bərpa olunmasının vacibliyini vurğulayır”, Xətbzadə bildirib.

İran Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket atmasını, mülki vətəndaşları hədəfə almasını da pisləyib.

Xətbzadə bununla bağlı açıqlamasında İranın mövqeyin belə ifadə edib: “İran Dağlıq Qarabağ münaqişəsi çərçivəsində dinc sakinlərin və mülki infrastrukturun ziyan görməsindən narahatdır və dinc əhalinin raket hücumları ilə öldürülməsini qınadıyır. İran tərəfi bir daha işğal olunan rayonları boşaltmaq, ərazi bütövlüyünə hörmət etmək, daimi və davamlı həll yolunu təmin etmək üçün çağırış edir və vasitəçiliyə hazır olduğunu bildirir”.

İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm isə Ermənistanın Qarabağa terrorçu gətirdiyini, onlara qarşı mübarizəyə hazır olduqlarını bəyan edib.

İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır. İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm vurğulayıb.

İranın nüfuzlu din xadimi Ayətullah Nuri Həmədaninin “Dağlıq Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad olunmalıdır” bəyanatı qonşu ölkənin Azərbaycana tam dəstəyinin ifadəsidir.

İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi də bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və Ermənistan Dağlıq Qarabağdakı işğalına son qoymalıdır.

İranda dini, hərbi və siyasi qüvvələrin dövlət siyasətinə təsiri böyükdür.
Azərbaycanın Vətən müharibəsini İranın bütün qüvvələrinin yekdilliklə dəstəklədiyinin şahidi olduq.

İran Prezidenti Həsən Ruhani də qəti şəkildə bəyan etdi ki, Ermənistanın Dağlıq Qarabağı işğalından qaynaqlanan münaqişə regional müharibəyə çevrilməməlidir.

Bütün dövlətlər qonşularının hüquqlarını tanımalıdır. İşğal heç bir şəkildə bizim üçün qəbuledilən deyil”, - Ruhani bildirib.

İran hərbi əməliyyatlar başlayandan indiyə qədər beynəlxalq hüquqa hörmət edən, ərazi bütövlüyü prinsipindən çıxış edən mövqe sərgiləyib və Ermənistanın din əhaliyə qarşı vandalizmini pisləyib.

İşğalçı ölkənin Bərdə şəhərinə 21 insanın həlak olması, 70-ə yaxın şəxsin yaralandığı Bərdə hücumunu pislyən ilk ölkələrdən biri də İran oldu.

İranın Azərbaycandakı səfirliyinin bununla bağlı yaydığı məlumatda deyilir: “Ermənistanın Azərbaycanın Bərdə şəhərinə etdiyi raket hücumunu, nəticədə mülki vətəndaşların həlak olması və yaralanmasını sərt şəkildə pisləyirik. İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir. Beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətdir və dərhal dayandırılmalıdır”.

Ermənistanın bundan öncə Gəncəyə və digər şəhərlərimizə raket hücumlarında da İran eyni mövqeyi sərgiləmişdi.

İşğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan-İran dövlət sərhədinin tam azad edilməsi ilə də nəticələndi.

İki ölkənin 765 kilometrlik dövlət sərhədinin 132 kilometri 30 ilə yaxın müddətdə erməni işğalında olub. Bu, Azərbaycanla yanaşı, İran üçün də ciddi problemlər yaradırdı:

- Qaçaqmalçılar nəzarətsiz qalan bu ərazidən istifadə edirərək, narkotika, silah və digər qeyri-qanuni daşınmaları həyata keçirirdi;
- İran üçün də ciddi təhdid olan PKK terror təşkilatı bu ərazidən işğal olunmuş ərazilərə keçirdi;
- Azərbaycan və İran arasında Araz çayı üzərində planlaşdırılan layihələr yarımçıq qalmışdı;


Dövlət sərhədinin işğaldan azad edilməsi nəticəsində bu problemlər aradan qalxdı. 2016-cı ilin fevralında Tehranda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair imzalanmış Sazişin ikitərəfli icrasına da şərait yarandı.

Dövlət sərhədinin bərpasından sonra Azərbaycan və İran prezidentləri arasında telefon danışığı həyata keçirildi və bundan sonra həyata keçirilən layihələr müzakirə olundu.

Prezident İlham Əliyev iki ölkənin dövlət sərhədinin bərpası münasibəti ilə Azərbaycan və İran xalqını təbrik etdi.

İranın Azərbaycan səfiri Seyid Abbas Musəvi isə bu münasibətlə Prezident İlham Əliyevi təbrik etdi.

Hörmətli cənab Prezident! İran və Azərbaycan arasındakı təqribən 760 km olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İran xalqı Azərbaycan xalqının sevincinə sevinir”, - səfir Tvitterdə yazıb.

Bu, iki dövlətin və xalqın milli maraqlarının təmin edilməsi deməkdir.

Oktyabrın 28-də İran Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Arağçının Bakıya səfərində iki dövlət arasındakı münasibətlər müzakirə olunub.

Prezident İlham Əliyev tərəfindən qəbul edilən Seyid Abbas Arağçın bildirib ki, İran elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm... Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”, - İran prezidentinin elçisi deyib.

Qonşu və dost İranın Azərbaycanın ərazi bütövlüyünə dəstəyi beynəlxalq hüquqa hörmət və iki ölkənin strateji əməkdaşlığının ruhuna uyğundur. Bunu Azərbaycan dövləti və xalqı unutmayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm