Türkiyənin münaqişənin həllində tərəf olması tam əsaslıdır - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Türkiyənin münaqişənin həllində tərəf olması tam əsaslıdır - POLİTOLOQ

“Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın və digər rəsmi şəxslərin Dağlıq Qarabağ münaqişəsinin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsinin qarşısını aldı. Bu səbəbdən də Türkiyənin bu münaqişədə və Cənubi Qafqaz regionunda rolu yalnız müsbətdir”.

Publika.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsində “Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi” fikirlərinə münasibətini ifadə edərkən qeyd edib.

Danışıqların bu günə qədər Minsk Qrupu çərçivəsində aparıldığını vurğulayan Ş.Həsənovanın sözlərinə görə, o faktı da vurğulamaq labüddür ki, bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur: “Ümumiyyətlə, işçi qrupun tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Nəzərə alsaq ki, Minsk Qrupunun tərkibində bu bölgədən uzaqlarda, bu bölgə ilə heç bir əlaqəsi olmayan və münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Ancaq təəssüf ki, onların orada mövcudluğu formal xarakter daşıyır”.

Politoloq hesab edir ki, Minsk Qrupunun üzvü olan, bölgəyə digər həmsədr ölkələrdən daha yaxın olan Türkiyənin münaqişənin həll olunmasında tərəf olması tam əsaslıdır: “Bu gün Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində mühüm rol oynayır. Bu rolun texniki məsələ kimi, ya hüquqi, ya da de-fakto həyata keçirilməsinin qəti önəmi yoxdur, Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Bu gün heç kimə sirr deyil ki, 27 iyuldan bu günə qədər Azərbaycan Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparır. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı Putinlə dəfələrlə görüşüb və danışıqlar aparıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər naziri Lavrovla, Türkiyənin Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Deməli, Türkiyə prosesdə var”.

“On ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə onsuz da illərdir ki, danışıqlar masasındadır və onun iştirakı artıq reallıqdır. Heç şübhəsiz ki, Ermənistan da bunu etiraf etməyə və bununla razılaşmağa məcbur qalacaq. Sadəcə olaraq, önəmli olan məsələ de-fakto reallığı de-yure reallığa çevirməkdir”, - deyə Şəbnəm Həsənova əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm