Putin ermənilərin istəklərinin üzərindən xətt çəkdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Putin ermənilərin istəklərinin üzərindən xətt çəkdi - ŞƏRH

Uzun müddətdir ki, Ermənistan Rusiyanı hərbi müdaxiləyə səsləyir, lakin Putin təmkinli siyasət aparır. Dünən Rusiya prezidentinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar onu göstərir ki, Cənubi Qafqazda yaşanan mövcud reallıqla bir çox ölkələr kimi Rusiya da barışmaqdadır.

Bu sözləri Publika.az-a açıqlmasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, reallıq ondan ibarətdir ki, artıq bölgədə status-kvo dəyişib, Azərbaycan haqlı olaraq beynəlxalq hüquq və onun qanunları əsasında öz ərazi bütövlüyünün təmin edilməsi üçün hərbi əməliyyatlar aparmaqdadır: “Eyni zamanda, Rusiya Cənubi Qafqazda Türkiyə faktorunu gözə alaraq hərbi müdaxilədən çəkinir.

Əslində, cənab Prezidentin dediyi kimi, münaqişənin həll edilməsində və sülh əldə edilməsində top indi Ermənistan tərəfindədir. Vladimir Putin bildirdi ki, Dağlıq Qarabağla ətraf ərazilər 1990-cı illərdə Ermənistan hakimiyyəti altına keçmişdi. Bu isə faktiki olaraq o deməkdir ki, Rusiya Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğal edildiyini etiraf edir.

Rusiya Prezidentinin Dağlıq Qarabağda münaqişənin mərhələli şəkildə həll edilməli olduğunu, eyni zamanda 5 rayonun, daha sonra 2 rayonun qaytarılmasını və Dağlıq Qarabağda xüsusi rejimin təsdiq olunmasının tərəfdarı olduğunu bildirməsi kifayət qədər vacib cümlədir. Çünki çıxışında Putin nə Dağlıq Qarabağın müstəqilliyindən söz açdı, nə də orada referendum keçirilməsindən danışdı. Bu çıxış ermənilərin istəklərinin üzərindən xətt çəkmək və ümidlərini heçə endirmək deməkdir.

Rusiya prezidentinin çıxışı həm də onu ifadə edir ki, Dağlıq Qarabağdakı ermənilər digər 7 rayondakı kimi Azərbaycan qanunlarına əməl etməlidir, yalnız və yalnız Azərbaycan sərhədləri çərçivəsində yaşaya bilərlər. Düşünürəm ki, Cenevrə görüşündə də elə bu istiqamətdə danışıqlar baş tutacaq. Danışıqların əsas mövzusu təbii ki, Ermənistanın təslim olması və bilavasitə artıq konkret vaxt planı ilə rayonların Azərbaycana qaytarılması olacaq. Ermənistan bunu qəbul etməzsə, onsuz da Azərbaycan hərbçiləri bu gün BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə məşğuldular. Azərbaycan Ordusu Dağlıq Qarabağdadır, odur ki, Ermənistan və onun havadarları müharibənin dayandırılmasını doğrudan da istəyirlərsə, Azərbaycanın şərtlərini qəbul etməyə vadar olacaqlar.

V.Putinin çıxışında Qarabağda “5+2 formatı”nı etiraf etməsi əslində real şəraitə uyğun olaraq Türkiyənin vasitəçilik variantının təsdiqi kimi başa düşülməlidir. Çünki Qarabağdakı hadisələrə real olaraq qonşu dövlətlər, o cümlədən Türkiyə, İran və Rusiyanın təsir imkanları çox böyükdür. Lakin Moskva uzun müddət idi ki, Ankaranı Cənubi Qafqazdakı hadisələrə yaxın buraxmaq istəmirdi. İndiki halda Rusiyanın bu bəyanatı onu göstərir ki, iş-işdən keçib. Artıq Rusiya Qarabağ məsələsində Türkiyə ilə dialoqlarını davam etdirəcək. Yəqin ki, bir neçə gün əvvəl Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışıqlarında da bu məsələ müzakirə edilmişdi”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm