Paşinyanın bu fikri publikaya işlənib - Politoloq
Bizi izləyin

Nida Təhlil

Paşinyanın bu fikri publikaya işlənib - Politoloq

“Azərbaycanın həm xarici siyasətdə, həm də informasiya müharibəsində qələbəsidir ki, dünya ictimaiyyətinə lazımi şəkildə informasiyanı, yəni həmin ərazilərin Azərbaycana aid olduğunu çatdıra bilir. 90-cı illərdə bu, yox idi, Azərbaycan informasiya blokadasında idi. Ermənilər xəbərləri istədikləri kimi ötürürdülər və dünya ictimaiyyəti elə başa düşürdü ki, onlar öz torpaqları uğrunda vuruşurlar”.

Publika.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Sultan Zahidov Ermənistanın baş naziri Pikol Paşinyanın “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı “Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır” fikrini şərh edərkən qeyd edib.

S.Zahidov bildirib ki, indi vəziyyət dəyişib: “Prezident İlham Əliyev başda olmaqla xarici siyasət orqanları, eyni zamanda Azərbaycan diasporu çox uğurlu xarici siyasət yürüdür ki, bu proses nəticəsində artıq dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə başlayıb. Bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarının əleyhinə sənəd veriləsi idi. Buna Fransa və Rusiya tərəfindən təşəbbüs göstərilmişdi. Amma Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən 7 dövlət bu sənədə qarşı çıxdı. Bu 7 dövlətin hər biri Qoşulmama Hərəkatının üzvlərdir. Eyni zamanda Azərbaycan da Qoşulmama Hərəkatının üzvüdür. Yəni bu 7 dövlət Azərbaycanı dəstəklədi. Bu, özü Azərbaycanın xarici siyasətinin uğuru deməkdir. Sözsüz, Rusiya ilə olan məsələlərdə də bizim aşkar mövqe göstərməyimizin nəticəsidir ki, biz öz torpaqlarımızı azad edirik və sona kimi də bu yoldan çəkinməyəcəyik, əsas bu, özünü göstərdi”.

“Eyni zamanda Azərbaycan xarici siyasət orqanlarının, diasporunun Rusiya siyasi, iqtisadi establişmentində və biznes nümayəndələri arasında Azərbaycana qarşı simpatiyanı yaratmaq özü də bu məsələdə rolunu oynayır. Yəni artıq Rusiyanın siyasi, iqtisadi, mədəni dairələrində Azərbaycana 20 il əvvəlki tək o qərəzi görmürük. Sözsüz ki, bu, müəyyən insanlarda hələ də var. Amma indiki halda biz görürük ki, orada da artıq Azərbaycanın haqlı mövqeyi başa düşülür və dəstəklənir. Hətta Rusiyanın bir çox analitikləri, jurnalistləri özləri də deyirlər ki, Azərbaycan haqlı şəkildə öz torpaqlarını işğaldan azad edir. Amma eyni zamanda burada Türkiyə faktoru da var”, - deyə politoloq əlavə edib.

S.Zahidovun sözlərinə görə, Paşinyanın vəziyyəti çox ağırdır: “Deyir, suda boğulan saman çöpündən yapışar. Artıq belə hallarda insan praqmatik şəkildə hərəkət edə bilmir. Çünki döyüşdə məğlub olur. Artıq o, statusunu itirir. Bu, Paşinyanın özü üçün təhlükə deməkdir. O, hər an devrilə biər. Ona görə feyk xəbərlər yaymağa çalışır ki, guya bizdə Suriyadan gələn cihadçılar var. Guya Türkiyə bizi hərbi cəhətdən dəstəkləyir. Eyni zamanda məsələyə dini don geyindirərək dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışır. Amma Paşinyanın əsas metodu “imdad diplomatiyası”dır. Çalışırdı ki, Rusiyanı hər cəhətdən münaqişəyə cəlb etsin. Paşinyanın bu səyləri hələ də bitmir. Paşinyan desə də, Rusiya neytrallığını qorumalıdır, bu, o demək deyil ki, o, Rusiyadan tamamilə əlini üzəcək. Çünki Paşinyan özü də başa düşür ki, ona dəstək ola biləcək yeganə dövlət Rusiyadır. Amma Rusiya belə ona dəstək olmur”.

S.Zahidov onu da diqqətə çatdırıb ki, “Paşinyan 3 gün əvvəl 1997-ci ildən Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq və dostluq sazişi var” deyirdi: “Yəni Rusiya gərək o sazişin müddəlarını yerinə yetirsin. O sazişdə deyilirdi ki, Ermənistana təhdid olarsa, Rusiya müdaxilə edəcək. İndiki kontekstdə, əslində, o saziş effektiv deyil. Çünki biz Qarabağda, öz torpaqlarımızda döyüş aparırıq. Ona görə Ermənistan döyüş bölgəsindən uzaq Azərbaycan ərazisinə raket ataraq bizi təxribata çəkmək istəyir. Yəni biz də əks tərəfə adekvat cavablar verək. Bununla da Paşinyanın əsas niyyəti həm Rusiyanı 97-ci il sazişinin maddələri, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 3-cü maddəsi ilə münaqişəyə cəlb etməkdir. 3-cü maddədə deyilir ki, üzv dövlətlərdən hər hansı birinə hücum bütün üzv dövlətlərə hücum deməkdir. Yəni çalışır Rusiyanı münaqişəyə cəlb etsin. Paşinyanın “Rusiya neytral olmalıdır” fikri publikaya işlənən fikirdir”.

Politoloqun sözlərinə görə, Rusiya neytrallığı müəyyən qədər qorumağa çalışır: “Amma eyni zamanda biz bilirik ki, Rusiyadan Ermənistana silahlar daşınır. Bunu Prezident özü də vurğuladı. Hətta bir müsahibəsində vurğuladı ki, Gümrüdəki bazadan silahlar daşınır. Yəni, əslində, Rusiyanın neytrallığı da tam şəkildə deyil. Müəyyən mənada Ermənistana olan dəstəyi görürük, amma sözsüz ki, 90-cı illərdəki dəstəyi görmürük. Bu da bizim xarici siyasətimizin və diplomatiyamızın uğurudur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm