Politoloq: “Koronavirus Trampın seçilmək şansını xeyli azaldır”
Bizi izləyin

Nida Təhlil

Politoloq: “Koronavirus Trampın seçilmək şansını xeyli azaldır”

“Amerika prezident seçkiləri barədə proqnoz vermək çətindir. Çünki keçən seçkilərdə də çoxları Hillari Klintonun qələbə çalacağını proqnozlaşdırırdı və rəy sorğuları da bundan xəbər verirdi. İndi də rəy sorğularında Bayden Trampdan üstündür. O zaman da Hillari Klinton Trampdan sorğulara görə irəlidə idi”.

Publika.az xəbər verir ki, bunu Amerikada keçirilən prezident seçkilərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, hətta seçkilərdə səsi də Hillari Klinton qazanmışdı: “Sadəcə, Amerikada birbaşa prezidenti seçmədiklərinə, əvvəlcə nümayəndələri seçdiklərinə və nümayəndələrin sayına görə Tramp qələbə çaldı: “İndi də proqnozlaşdırılır ki, Baydenin şansı daha çoxdur. Amma son günlər Tramp neytral mövqe nümayiş etdirməyə, onların səsini qazanmağa çalışır. Ancaq Amerikada nə qədər çox koronavirus xəstəliyi yayılır, o qədər Trampın mövqeyi aşağı düşür. Bu da Trampın seçilmək şansını xeyli azaldır”.

“Bayden Amerika prezidenti seçilərsə, bu, Azərbaycan-Amerika münasibətlərinə nə vəd edir” sualını cavablandıran E. Şahinoğlu belə cavab verib: “Əslində, biz Trampın seçilməsini istəyərdik. Çünki Tramp Azərbaycanla əməkdaşlığa önəm verir. Ona görə ki, Azərbaycan Prezidentinə dəfələrlə isti məktublar yazıb. Trampın erməni lobbisinə heç bir bağlılığı yox idi, amma Bayden onun tərsidir, erməni lobbisi ilə əlaqələri var. Bu müharibədə də sanki Ermənistanın mövqeyini müdafiə edir, Azərbaycana qarşı tədbirlərin görülməsini istəyir. Amma çəkinməyə, ehtiyatlanmağa dəyməz. Kim seçilirsə, seçilsin, Azərbaycanla əmədaşlığa xələl gətirməz. Çünki seçilən prezident dövlətinə cavabdehdir. Amerikanın da milli və təhlükəsizlik maraqları bölgənin əsas dövləti Azərbaycanla əməkdaşlığın davam etdirilməsini tələb edir. Barak Obama da erməni lobbisinə çox söz vermişdi, demişdi, gələn kimi erməni soyqırımını tanıyacaq”. Tanıdımı? 8 il prezident oldu, tanımadı. Bir dənə mənasız ermənicə “böyük fəlakət” ifadəsini işlətdi”.

Politoloq nəzərə çatdırıb ki, Trampın prezident seçkilərində əsas şüarı “hər şey Amerika və amerikalılar üçün” idi: “Gələn kimi də həqiqətən Amerika üçün nə faydalı idisə, o işləri gördü, xeyli iş yerləri yaratdı. Çox iş gördü. Koronavirus olmasaydı, mən böyük ehtimalla deyəcəkdim ki, Trampın prezident seçilmək şansı daha yüksəkdir. Virus onun mövqelərini zəiflətdi. Bir az məntiqsiz açıqlamaları oldu ki, “virus yoxdur”, “biz onunla bacaracağıq”, “qorxmaq lazım deyil”, amma virus ən çox elə Amerikanın özündə yayıldı. Virus Trampın reytinqinə çox ciddi zərbə vurdu”.

E.Şahinoğlunun sözlərinə görə, Trampın xarici siyasətdə, yəni Avropa İttifaqına, NATO-ya çox sərt tələbləri var idi: “Çinlə münasibətləri soyutmuşdu ki, niyə siz bizim mallara imkan vermirsiniz bazara daxil olsun? O da müəyyən məhdudiyyətlər qoymuşdu. Amerika üçün kimlə mümkündürsə sərt davaranırdı. Amma bu da müəyyən problemlər yaradırdı. İranla bağlı anlaşmadan çıxdı. Halbuki, Barak Obama o anlaşmanı imzalamışdı. Bayden prezident seçilsə, ola bilsin ki, İranla anlaşmaya yenidən qayıdılsın, Avropa ilə münasibətlərdə gərginlik ortadan qaldırılsın. Trampdan fərqli olaraq xarici siyasətində Baydenin fərqli çalarları ola bilər”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm