Qızılı, yoxsa ağ saçlı: Vətən müharibəsində bizə hansı sərf edir?
Bizi izləyin

Nida Təhlil

Qızılı, yoxsa ağ saçlı: Vətən müharibəsində bizə hansı sərf edir?

Donald Tramp, yaxud Co Bayden: ABŞ bu gün yeni prezidentini seçir.

Həmişə Azərbaycan mediasının da əsas gündəmi olan bu seçkilər bu dəfə bizdən çox uzaqdır, çünki Vətən müharibəsindəyik.

Və bu müharibənin fonunda ABŞ-da kimin seçiləcəyindən çox, kimin seçilməsinin bizim maraqlarına uyğun olduğu fikri əsasdır.

Demokratlar və Respublikaçılar: Növbə ilə ABŞ-a rəhbərlik edən bu iki siyasi düşüncənin Azərbaycana münasibətinə 100 il öncədən baxmaq lazımdır.

- Demokrat Vudro Vilson Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd etdi. I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur “14 bənd” tezisinin müəllifi “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində “Böyük Ermənistan xülyalarını” Qafqaza sonradan gəlmiş tayfanın beyninə salanlardan biri də o idi. Onun həmmüəllifi olduğu Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə, Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Kağız üzərində bu, baş tutdu da. Atatürkün Qurtuluş savaşı isə bütün planları pozdu. Vilsonun etirazına rəğmən, AXC tanındı. Lakin bu, həm də ABŞ demokratlarının Azərbaycana tarixi münasibətinin əsas örnəyi hesab oluna bilər.

- Vilsonun xələfi Uorron Hardinqin dönəmində Azərbaycana münasibət 90 dərəcə dəyişmişdi. Doğrudur, artıq AXC 10 il idi ki, süquta uğramış, milli hökumətin üzvləri rusların olmadığı torpaqlarda çətin həyat yaşayırdı. Respublikaçıların rəhbərlik etdiyi Amerika isə SSRİ-yə qarşı mübarizəyə onları da qoşmuşdu.

1930-cı illərdə SSRİ-yə qarşı məxfi əməliyyat hazırlanır. Tarix kitablarında rast gəlmədiyimiz “Prometey” əməliyyatı: SSRİ Polşa, Ukrayna, Qafqaz və Orta Asiyadan mühasirəyə alınır. Bu mühasirə zolaqlarına Amerikada “Anakonda” adı verilmişdi. Zaman keçdikcə “anakonda ilanı” Rusiyanın boğazına sarılıb onu məhv etməli idi.

ABŞ və bir sıra Avropa ölkələrinin hazırladığı əməliyyatın icrası həmin vaxt Polşa Baş Qərargahına tapşırılır. Artıq mühacir həyatı yaşayan Məmməd Əmin Rəsulzadə də məhz bu əməliyyatda iştirak üçün polyakların vətəninə getmişdi: SSRİ dağıdılacaq və onun xarabalıqlarının yerində yenidən Azərbaycan Cümhuriyyəti ucaldılacaqdı. SSRİ çox gec, 1990-cı ildə dağıldı.

- Topçubaşovu rədd edən Vudro Vilsonun varislərinin “ikinci üzünü” bir də 1992-ci ildə gördük. Söhbət “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişdən gedir. Həmin vaxt Ağ Evə respublikaçılar rəhbərlik edirdi. Bu düzəlişin müəllifləri arasında respublikaçı Con Makkeyn da var idi. Lakin ən çox fəallığı Obama Administrasiyasında ən yüksək postları tutan dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden etmişdi.

ABŞ Konqresinin aralarında Con Kerrinin də olduğu bir qrup üzvünün 1990-cı ilin 18 martında Qorbaçova ünvanlandığı məktub da bu kontekstdə diqqət çəkir.

“Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir”, - məktubda deyilirdi.

- Resublikaçı Buşların dövründə ABŞ-ın Azərbaycana müsbət münasibəti müşahidə olunub, elə Trampın Oval kabintdə əyləşdiyi 4 il ərzində də. Azərbaycanın 30 ildən sonra Ermənistanla təkbətək qala bilməsinin Trampın dövründə olduğu da diqqətdən qaçmamalıdır.

İndi “qızılı saçlı oğlan”a (Tramp) qarşı 907-ci düzəlişə imza atan, erməni diasporu/lobbisinə sevgisini gizlətməyən və Türkiyəni hər fürsətdə ittiham edən “ağ saçlı” (Bayden) mübarizə aparır.

Bu, amerikalıların seçimidir, amma bizim üçün Oval kabinetdə yenə “qızılı saçlı”nın əyləşməsi lazımdır, hətta vacidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm