Paşinyan bununla daxili auditoriyasına oynayır - RƏY
Bizi izləyin

Nida Təhlil

Paşinyan bununla daxili auditoriyasına oynayır - RƏY

“Paşinyanın bu dəqiqə xarici siyasətinin əsas istiqamətlərindən biri qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasıdır. Guya Dağlıq Qarabağ suveren ölkə kimi tanınsa, bu zaman beynəlxalq birlik Azərbaycanı artıq aqressor kimi tanıyacaq. Amma bunun baş vermə ehtimalı yoxdur. Çünki beynəlxalq hüquq birmənalı şəkildə Qarabağ və 7 ətraf rayonu Azərbaycan ərazisi kimi tanıyır”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, Paşinyan bununla daxili auditoriyasına oynayır: “Bu, Paşinyan hakimiyyətə gələndən bəri yürütdüyü siyasətin davamıdır. Amma o dövrdə daxildə şübhələr var idi ki, Paşinyan Qarabağla bağlı güzəştlər edə bilər və buna görə o, sırf auditoriyaya oynamağa başladı. Məhz bunun nəticəsində sərsəm bəyanatlar verməyə başladı ki, “Qarabağ Ermənistanındır” və yeni ərazilər uğrunda müharibə adlı hərbi doktrina qəbul edildi. Bu kimi bəyanatlar verməkdə Paşinyanın məqsədi bir növ radikal müxalifəti sakitləşdirmək idi ki, yəni “mən Qarabağla bağlı hər hansı güzəştə gedəsi deyiləm”. İndi də biz bunun təkrarını görürük. Bu siyasəti yürütməklə daxili auditoriyaya mesaj vermək istəyir ki, “Qarabağla bağlı hər hansı güzəştə getmək niyyətində deyilik”. Bu, Paşinyanın çox çıxışlarından da görünür. Məsələn, ən son çıxışında deyirdi ki, “Qarabağın indiki halda diplomatik həlli yoxdur”. Amma məsələnin reallığına baxsaq, bu dəqiqə Paşinyan üçün ən uyğun addım Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq olardı. Çünki Ermənistanın onsuz da çətin olan vəziyyəti müharibədə məğlubiyyətlərdən sonra daha da müflisləşməyə doğru gedir”.

S.Zahidov qeyd edib ki, Paşinyanın yalanlarına heç kim inanmır: “Onun yalanları müharibənin əvvəlində müəyyən qədər rol oynadı. Fransada, Rusiyada Paşinyanın Azərbaycan tərəfində suriyalıların döyüşməsi ilə bağlı dedikləri müəyyən qədər rol oynasa da, sonra gördük ki, Fransa da öz mövqeyindən geri çəkilməli oldu və Azərbaycanın haqlı olduğunu başa düşdü. Çünki Prezidentimiz dəfələrlə həm Emmanuel Makrondan, həm də Rusiyadan suriyalı döyüşçülərin iştirakı ilə bağlı dəlillər istədi. Bununla bağlı tutarlı dəlil olmadığına görə artıq Fransa da əvvəlki kimi Paşinyan hökumətinin mövqeyini dəstəkləmir. Təbii ki, beynəlxalq ictimaiyyət bu kimi ifadələrə inanan deyil. Çünki ortada sənədlər, beynəlxalq hüquq var. Paşinyanın yenə də burada əsas məqsədi həm daxili auditoriyaya oynamaq, həm də bu məsələni beynəlxalq ictimaiyyətdə qabartmaq idi ki, belə bir problem var. Amma, əslində, problemin mənbəyi məhz elə Paşinyanın özünün kompromisə gəlməz ritorikasıdır”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm