Bakıya ingilis sürprizi: "Qarabağın boşaldılması qrafiki masada..."
Bizi izləyin

Nida Təhlil

Bakıya ingilis sürprizi: "Qarabağın boşaldılması qrafiki masada..."

“Britaniya ənənəvi siyasət yürüdür. “Hər zamanın öz hökmü var” prinsipinə əsaslanaraq, öz siyasətində müəyyən dəyişikliklər edir. Yəni Cənubi Qafqaz və ya Azərbaycandakı mövcudluğunu saxlaya bilir, bu, iki əsrdir belədir”.

Publika.az politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Demokratların namizədi Co Baydenin ABŞ-da prezident seçilməsi beynəlxalq münasibətlər sisteminə necə təsir göstərəcək?

- Hər halda Amerikanın siyasi kursu dəyişəcək, proseslər buna doğru gedir. Amerikanın prinsipial məsələlərə fərqli yanaşmalarının şahidi olacağıq. Yaxın Şərq, Sakit okean hövzəsi, post-sovet məkanında gedən proseslərə və Avropa İttifaqı ilə əlaqələrə olan münasibət dəyişəcək. Amma Tramp ötən illər ərzində bu istiqamətlər üzrə müəyyən resurs yaradıb. Məsələn, Fələstin məsələsi ilə bağlı “Əsrin Razılaşması” müəyyən olundu. Artıq bununla bağlı Amerika tərəfindən mühüm addımlar atılıb. ABŞ-ın Qüdsdə səfirlik açması bura daxildir. Baydenin bu səfirliyi yenidən Təl-Əvivə köçürəcəyini düşünmürəm.

Eyni zamanda, Çinlə ticarət savaşı gedir. Bayden bu müharibəni tam şəkildə dayandıra bilərmi? Buna da inanmıram. Əlbəttə, Bayden müharibəni münaqişə səviyyəsinə endirməyə cəhdlər göstərə bilər, amma bu proses özlüyündə gedir. Yəni bunun qarşısını almaq mümkün olmayacaq. Yaxud, Bayden post-sovet məkanında nə edə bilər? Cəhdlər olacaq, bunlar da uğurla nəticələnə bilər. Amma dünya siyasətində kardinal dəyişikliyin olacağını gözləmirəm.

- Ermənistan rəhbərliyi də, Baydenə ümid edir ki, proseslərin qarşısını İrəvanın xeyrinə alacaq. Sizcə, ABŞ Azərbaycanın yaratdığı yeni reallığı dəyişmək üçün müdaxilələr edə bilərmi?

- Heç bir müdaxilə edə bilməyəcək. Real proseslər daha güclü olur, nəinki hansısa qüvvələrin ona müdaxiləsi. Burada Rusiya, regional oyunçular və Azərbaycanın gücü amilləri var. Bayden bunlarla nə edə bilər? Ümumiyyətlə, etmək istəyəcəkmi, bu ona lazımdırmı? Yəni heç nə dəyişməyəcək. Çünki burada Amerikanın maraqları onsuz da təmsil olunur. İnvestisiya və ya enerji sahəsində təmsilçiliyi var, NATO Əfqanıstana yüklərini buradan daşıyır. Yəni Amerika bir-iki erməni lobbisinə görə, bu siyasətini dəyişməyəcək. Söhbət milyardlarla dollarlıq maraqlardan gedir.

Ümumiyyətlə, ABŞ daha güclü oyunçularla oynamağa üstünlük verir, nəinki zəif bəndlərlə. Ermənistan zəif bənddir, çünki onun resursları yoxdur. Amerika hansısa ölkə ilə münasibət quranda çalışır ki, onun resurslarından istifadə etsin. Ermənistanın olmayan resurslarından necə istifadə edə bilər?

- Maraqlı bir məlumat yayıldı. Həmin məlumata görə, BMT Təhlükəsizlik Şurasının anti-Azərbaycan bəyanatının qarşısını Böyük Britaniyanın sözügedən qurumdakı daimi nümayəndəsi Deym Barbara veto qoymaqla alıb. Britaniyadan bu gözlənilməz dəstəyi necə izah etmək olar?

- ABŞ və digər oyunçulardan fərqli olaraq, Böyük Britaniyanın bu regionda mövcudluğu var. İki əsr fəal şəkildə bu bölgədə var. Bura təkcə Cənubi Qafqaz aid deyil, ümumən Şərq daxildir. Britaniya ənənəvi siyasət yürüdür. “Hər zamanın öz hökmü var” prinsipinə əsaslanaraq, öz siyasətində müəyyən dəyişikliklər edir. Yəni buradakı mövcudluğunu saxlaya bilir. Britaniya üçün əsas olan da, burada öz maraqlarını təmin etməkdir.

- Bu maraqlar nələrdən ibarətdir?

- O gündən indiyə qədər investisiya siyasəti Britaniyanın maraq dairəsindən çıxmayıb. Bu baxımdan, BP şirkəti (“Britiş Petrolium”) Britaniyanın əsas büdcə donorudur. Yəni Böyük Britaniyanın büdcəsini formalaşdıran əsas şirkətlərdən biri BP-dir. Eyni zamanda, BP Azərbaycanın da büdcəsini formalaşdıran şirkətlərdən biridir. Əlbəttə, burada uzunmüddətli maraqlar da var.

Ümumiyyətlə, Azərbaycan həmişə qeyri-regional oyunçular üçün bölgədə açar və qapı rolunu oynayıb. Bakı təkcə Yaxın Şərqə yox, həm də Mərkəzi Asiyaya açılan qapıdır. Kim Azərbaycanla münasibətlərini pozursa, Mərkəzi Asiyaya açılan qapısını bağlamış olur. Qərbdən Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Qərbə bütün kommunikasiyalar Bakıdan – Azərbaycandan keçir. Eyni zamanda, Yaxın Şərq və Orta Asiya. Bu gün də Böyük Britaniya həmin bölgələrə yatırımlar qoyur. İndi Böyük Britaniya Azərbaycanı itirmək istəyərmi? Buna inanmıram. Əgər Britaniya Ermənistana dəstək versəydi, öz uzunmüddətli maraqlarına zidd gedəcəkdi. Əlbəttə, normal düşüncəli siyasətçilər bunu başa düşürlər və buna uyğun hərəkət edirlər.

- Ümumiyyətlə, Qarabağdakı savaş hansı müddətə qədər davam edə bilər?

- Savaş Ermənistan tərəfinin tam məğlubiyyətinə qədər davam etməlidir, burada başqa bir variant qalmır. Müharibə o vaxta qədər davam etməlidir ki, öz məğlubiyyətini etiraf edərək, bizim açıqladığımız şərtləri qəbul etsin. Bu zaman müharibə qurtaracaq. İndi isə savaşın belə bir vəziyyətdə başa çatmasına lüzum yoxdur. Digər oyunçular da öz mövqelərində əsaslı korrektlərə ediblər. Məsələn, artıq Lavrov da açıq şəkildə bildirir ki, erməni silahlı qüvvələrinin işğal ərazilərindən çıxarılması üçün qrafik lazımdır. İki həftə əvvəl heç kim bu qrafikdən danışmırdı. İndi bu reallıqla ATƏT-in Minsk Qrupunun üzvləri də razılaşır, onları biz buna məcbur etdik.

Bütün qonşular da deyirlər ki, Ermənistan Azərbaycan ərazilərindən rədd olmalıdır. Amma ermənilər bunları “eşitmirlər”. Nə qədər eşitməyəcək, kar-kor olacaq, müharibə davam edəcək. Müharibənin səbəbi də elə budur – erməni tərəfinin kar-kor olmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm