Münaqişənin nizamlanmasının növbəti mərhələlərində... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Münaqişənin nizamlanmasının növbəti mərhələlərində... - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Ermənistan ictimaiyyəti bəyanatı heç cür qəbul etməsə də, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini birmənalı qarşılamır, bəzi insanlar bununla bağlı sosial şəbəkələrdə narahatlığını ifadə edirlər. Görəsən, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Sultan Zahidov bu barədə nə düşünür?

Publika.az politoloq Sultan Zahidovla müsahibəni təqdim edir:

- Üçtərəfli bəyanatı dəyərləndirməyinizi istərdim.

- Hər hansı münaqişə bitəndə tərəfləri bir-birinə qarşı döyüşləri bərpa etməyəcəyinə əmin etmək üçün bir çox hallarda sülhməramlılar yerləşdirilir. Biz bunu Bosniya, Kosova misalında gördük. Yəni, tarixdə belə misallar çox olub. Əslində, bəyanatın maddələri Azərbaycanın maraqlarına xidmət edir və onun ərazi bütövlüyü birmənalı şəkildə qorunur. Hətta ATƏT-in Minsk Qrupunun üzvlərinin təklif ediyi baza prinsiplərindən də Azərbaycan üçün daha yüksək nəticələr əldə olunub. Çünki baza prinsiplərindən fərqli olaraq burada Qarabağın status məsələsi yoxdur. Bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ərazisi olması bir daha təmin olundu. Rus sülhməramlılarının ora gəlməsi müvəqqəti xarakter daşıyır. Burada da əsas məqsəd məcburi köçkünlərin regiona yenidən qayıdışından sonra onların bərabər şəkildə sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin etməkdir. Bu, ilkin vaxtlarda lazımdır. Çünki müharibə təzə bitib. Müharibə bitən kimi hər iki icmanın üzvlərinin qarışıq şəkildə yaşamasını gözləmək olmaz. Ona görə sülhməramlıların gətirilməsi labüd idi.

- Sizcə, sənəddə bəzi rayonların adı niyə çəkilmir?

- Bu rayonların adının çəkilməməsi o demək deyil ki, onlar Azərbaycanın əlindən alınıb. Rusiya özü dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Bu bəyanatın özündə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu maddələrdən görsənir. Sadəcə, müvəqqəti olaraq orada ruslar yerləşdiriləcək. Münaqişənin nizamlanmasının növbəti mərhələlərində o ərazilərdə də Azərbaycan tərəfinin idarəçiliyi təmin olunacaq. Orada yaşayanlar Azərbaycan pasportlarından istifadə edəcək, həmin rayonlar Azərbaycanın tam şəkildə tabeçiliyində olacaq. İndiki halda bunların hamısını birdən-birə tənzimləmək müşkül məsələdir.

- Qəbul edilən sənədin əhəmiyyəti barədə nə düşünürsünüz?

- Bu, bir bəyanatdır. Yəni, bəyanat sülh sazişi demək deyil. Biz bunu bilməliyik. Bu, vacibdir. Bəyanat qısa zamanda qəbul edilən sənəddir. Bu bəyanat tərəflərə silahı yerə qoymağı və qısa zaman ərzində Ermənistan tərəfini bizə 3 rayonu geri qaytarmağı vəd verir.

- Necə düşünürsünüz, ictimaiyyət arasında Rusiya sülhməramlılarına qarşı niyə bu qədər aqressiya var?

- Tarix boyu Rusiya dövlətinin yürütdüyü siyasətə qarşı cəmiyyətdə müəyyən skeptik yanaşma var. 90-cı illərdə ermənilərin hansı yollarla Azərbaycan torpaqlarını işğal etdiyini bu gün hamımız bilirik. Yəni, bu baxımdan insanlarda olan rus xofu hələ də qalmaqdadır. İnsanlarda rus xofuna görə müəyyən narahatlıq başadüşüləndir. Amma sülhməramlı olmadan bu işi həll etmək mümkün deyil. Amma düşünürəm ki, artıq o xofu yığışdırmağın zamanıdır.

Biz aşkar şəkildə 44 gün müharibə ərzində təkbaşına Ermənistana döyüş meydanında lazımi cavabı verərək torpaqlarımızın bir hissəsini, digər hissəsini isə siyasi yolla əldə etdik. Yəni, 5 rayonu döyüşdə, digər 3 rayonu isə döyüşdə qazandığımız zəfərlər hesabına əldə etdik.

- 90-cı illərlə müqayisədə indiki müharibə və onun siyasi həlli arasında nə kimi fərq var?

- 90-cı illərlə indiki müharibə və onun siyasi həlli arasında fərq ondan ibarətdir ki, bu dəfə artıq Türkiyənin regionda fəallığı var. Bu dəfə Türkiyə aşkar şəkildə Azərbaycanın yanında olduğunu göstərir və eyni zamanda münaqişənin siyasi həllində aktiv rol alacağına həm Azərbaycan tərəfi, həm də Türkiyə tərəfi buna hazır olduğunu qeyd edib. 90-cı illərdə münaqişənin siyasi həllində Türkiyə yox idi. Amma bu gün biz Türkiyənin münaqişənin siyasi həllində rolunu görürük.

Sülhməramlıları monitorinq edəcək mərkəzdə ruslarla bərabər türklər də oturacaq. Yəni vacib məsələ budur. Tutaq ki, orada hər hansı pozuntu olsa, türklər onu görəcəklər və hər kəs bilir ki, Türkiyə heç bir halda Azərbaycanın maraqlarına zidd fəaliyyətə göz yummaz.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm