30 il ərzində Qarabağ kartından istifadə edən Ermənistan... - Politoloq
Bizi izləyin

Nida Təhlil

30 il ərzində Qarabağ kartından istifadə edən Ermənistan... - Politoloq

“44 günlük Vətən müharibəsi Azərbaycanın mütləq qələbəsi ilə başa çatdı. Ermənistan isə müharibədən nəinki hərbi, eyni zamanda diplomatik və informasiya müharibəsi baxımından da məğlub çıxdı”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanda baş verən böhran günü-gündən dərinləşməkdədir: “Belə ki, məğlubiyyətdən sonra Ermənistanda yüksək çinli məmurların var-dövlətini tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artmaqda davam edir. İllərdir ki, Ermənistanda heç bir inkişaf perspektivi görməyən, eyni zamanda siyasi təzyiqlərə məruz qalan erməni gənclərinin ölkədən çıxaraq yaxşı həyat standartları tapmaq ümidilə xaricə üz tutmaları sırasına bu gün artıq fəal şəkildə məmurlar da qoşulur. Ermənistanda hökm sürən dərin siyasi böhran nəinki müxalif qüvvələrin, eyni zamanda iqtidar düşərgəsindən olan insanların artıq mövcud hakimiyyətə olan inamsızlığından, mövcud vəziyyətin heç bir müsbət sonunu görməməsindən qaynaqlanır”.

Ş.Həsənova vurğulayıb ki, müharibədə məğlubiyyət Ermənistanda demoqrafik böhranı daha da dərinləşdirib: “Belə ki, minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacağını deməyə əsas verir. Ermənistanda insan resurslarının azalması gələcək üçün heç bir ümid vəd etmir. Düşünürəm ki, bu məğlubiyyətdən sonra Ermənistanın özünə gəlməsi üçün hələ çox uzun illər lazım olacaq”.

Politoloqun fikrincə, Ermənistan vaxtında beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə işğal siyasətinə son qoysaydı, onun üçün böyük irəliləyiş ola bilərdi, ona iqtisadi təcriddən çıxmaqla, yeni və davamlı inkişaf perspektivləri verə bilərdi: “Lakin 30 il ərzində Qarabağ kartından istifadə etməklə Ermənistanın sürdürdüyü işğalçılıq siyasətinə rəsmi leqallıq qazandırmaq cəhdləri bu gün onu böyük itkilərlə üz-üzə qoydu. Hərbi əməliyyatlar zamanı Ermənistan beynəlxalq səviyyədə təkləndi. Ənənəvi dostları hesab olunan Fransa və digər ölkələrin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri də boşa çıxdı. Əminliklə deyə bilərik ki, Ermənistan bu gününü və yaxın gələcəyini uduzmuş vəziyyətdədir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm