Bu səfərə xüsusi rəng qatan məsələlərdən biri də... - RƏY
Bizi izləyin

Nida Təhlil

Bu səfərə xüsusi rəng qatan məsələlərdən biri də... - RƏY

“Bu səfər xüsusi əhəmiyyət daşıyır. Bütün risklərə, çətinliklərə baxmayaraq, cənab Prezident, Birinci vitse-prezident Mehriban xanım Cəbrayıla, Füzuliyə səfər etdi və həm Füzulinin, həm də Cəbrayılın mərkəzində oldu”.

Publika.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov qeyd edib.

O, Prezident İlham Əliyevin səfər zamanı dediklərini diqqətə çatdırıb: “Cənab Prezident dağıntılarla bağlı öz münasibətini bildirdi və qeyd etdi ki, “Azərbaycan dağıntılarla bağlı beynəlxalq ekspertləri dəvət edəcək, bütün bunlar üçün Ermənistan tərəfindən təzminat alınacaq”. Nəinki bunlar, eyni zamanda Kəlbəcərdə törədilənlər üçün də təzminat alınacaq”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xudafərin körpüsündə də olduğunu nəzərə çatdıran C.Məmmədov vurğulayıb ki, bu körpünün Azərbaycanın tarixində özünəməxsus yeri var: “Oradan müəyyən mesajlar verildi ki, Azərbaycan heç zaman işğalla barışmayacaq. Bir qarış torpağına kimi hamısını azad edəcək və orada həyat öz axarına qayıdacaq”.

Deputatın sözlərinə görə, bu səfərə xüsusi rəng qatan məsələlərdən biri də Birinci vitse-prezidentin çəkilişlər apararaq, sosial şəbəkələr vasitəsilə onu yayması olub: “Biz orada Prezidentin çıxışını, məsələlərə münasibətini gördük. Cənab Prezident ermənilərin törətdiyi fəsadlarla bağlı, Cəbrayılı viran qoymaları, eləcə də digər kəndləri darmadağın etmələri ilə bağlı öz fikirlərini bildirdi. Bu, həm Prezidentin, həm də Mehriban xanımın Azərbaycan xalqı ilə bir olmasına, onun mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə yüksək diqqət və qayğısının təzahürüdür”.

Azərbaycanda xalq-iqtidar birliyinin olduğunu bildirən C.Məmmədov qeyd edib ki, hamı bir yumruq kimi birləşib: “Bu, onu göstərir ki, Azərbaycan xalqı tez bir zamanda bütün torpaqlarımızı azad edəcək, tezliklə bu ərazilərdə həyat öz axarına qayıdacaq, infrastruktur yaradılacaq və lazım olan bütün tədbirləri özü həyata keçirəcək. Bununla bağlı səfər vaxtı cənab Prezident bir sıra zəruri göstərişlər də verdi”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm