Naxçıvanın “Şərqin qapısı” funksiyası özünə qayıdır - Türkiyə ilə dəhlizin ƏHƏMİYYƏTİ
Bizi izləyin

Nida Təhlil

Naxçıvanın “Şərqin qapısı” funksiyası özünə qayıdır - Türkiyə ilə dəhlizin ƏHƏMİYYƏTİ

“Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr tarixli birgə bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alıb. Həmin bəyanatın 9-cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, tərəflərin razılığı əsasında Naxçıvan MR ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək: “Azərbaycan tərəfinin təkidi ilə sözügedən birgə bəyanata belə bir bəndin salınması həm Naxçıvan, həm bütövlükdə Azərbaycan, həm də türk dünyası, eləcə də qlobal Şərq-Qərb nəqliyyat dəhlizi üçün bir sıra cəhətlərə görə çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında Mehridən gedən yolun kəsilməsi Naxçıvan iqtisadiyyatını uzun müddət xeyli dərəcədə blokada şəraitinə salmışdı. Bu, Naxçıvanın iqtisadiyyatına, təchizatına mənfi təsir göstərirdi. O da təbii ki, bütövlükdə Azərbaycan iqtisadiyyatında əks olunurdu. Sazişin bu bəndində nəzərdə tutulanların həyata keçirilməsi prosesi çərçivəsində bu yolun açılması Naxçıvanı blokadadan çıxaracaq. Bu dəhlizdə digər kommunikasiya xətlərinin çəkilməsi mümkün olacaq. Kommunikasiya xətlərinin yaradılması infrastrukturun inkişafına təkan verəcək. Bakı-Naxçıvan-Türkiyə və əks tərəfə marşrutla sərnişin və yükdaşımalar intensivləşəcək”.

Ə.Məsimlinin sözlərinə görə, bura Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılmasını da əlavə etdikdə, Muxtar Respublikanın faydalı qazıntı yataqları daxil iqtisadi potensialından geniş miqyasda istifadə edilməsinə hərtərəfli dəstək olacaq, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasında Naxçıvanın töhfə verməsinə imkanlar yaradacaq: “Bu nəqliyyat dəhlizi təkcə Naxçıvanla məhdudlaşmayıb, həm də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bildirdiyinə görə, Azərbaycandakı son hadisələrdən sonra Naxçıvan istiqamətinə dəmir yolunun çəkilməsi planlaşdırılır. Hazırda bu məsələ ilə bağlı ilkin planlaşdırma işləri gedir. Əgər bu layihə geniş planda baş tutsa, onda Naxçıvanın “Şərqin qapısı” funksiyası özünə qayıdacaq. Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Mərkəzi Asiyanın ticari-iqtisadi əlaqələrinə əlavə dinamiklik gətirə bilər. Bu baxımdan dəhliz Türkiyə-Azərbaycan-Mərkəzi Asiya timsalında türk dünyasının inteqrasiya imkanlarının genişlənməsində önəmli rol oynayacaq”.

Deputat vurğulayıb ki, bu yol Şərqlə Qərb arasında körpü rolunu oynayan, mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevrilən Azərbaycanın ümumi nəqliyyat dəhlizinin önəmli halqalarından birinə çevrilməklə, ölkəmizin tranzit potensialının gücünə yeni güc qatacaq: “Onun daha dolğun şəkildə reallaşdırılmasına öz töhfəsini verəcək. Bu yolun Naxçıvanın, eləcə də Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırılması, xarici əlaqələrin genişlənməsi, ixrac imkanlarının artması baxımından da əhəmiyyəti olacaq. Yol istər yük, istərsə də sərnişin daşıması sahəsində kifayət qədər vacib əhəmiyyət kəsb edəcək. Bu, dəhliz tranzit xərclərinin azalmasında da mühüm rol oynaya bilər. Çünki yüklərin və insanların həm ucuz, həm də qısa zamanda mənzil başına çatmasına imkan verəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm