İlham Əliyevin təşəbbüsü ilə BMT toplanır: Qlobal bəlaya qarşı Azərbaycan MODELİ
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin təşəbbüsü ilə BMT toplanır: Qlobal bəlaya qarşı Azərbaycan MODELİ

Bu gün – dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçiriləcək.

Bu, Azərbaycan liderinin COVID-19 pandemiyasına qarşı mübarizədə bəşəriyyətin qalib gələ bilməsi üçün atdığı qlobal addımdır.

2020-ci ilin əvvəlindən başlayaraq, bütün dünyanı əsarəti alan pandemiya bəşəriyyətin gələcəyi üçün ciddi risklər yaratdı. Koronavirus pandemiyası II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən böyük problem, o cümlədən, BMT yaranandan bu vaxta kimi qlobal səhiyyə, eyni zamanda humanitar, sosial-iqtisadi, təhlükəsizlik böhranıdır. Qqlobal siyasətə yön verən böyük dövlətlər bu bəşəriyyəti bu böhrandan xilas etmək əvəzinə “özünəqapanma” yolunu seçdilər.

Qərb yarımkürəsində ölkələr pandemiyaya qarşı mübarizə vasitələrinin – dərman ləvazimatlarının bölüşdürülməsi uğrunda mübarizəyə başladı, Şərq yarımkürəsindəki ölkələr virusa qarşı təkbaşına mübarizə yolunu seçdi.

Və dünyanın ən güclü siyasi oyunçuları “özünəqapanma sindromuna” yoluxduğu və qlobal qəza sürətlə yaxınlaşdığı vaxtda Prezident İlham Əliyev ön plana çıxdı.

Həmrəylik: II Dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən böyük bəlaya qarşı yeganə mübarizə yolu məhz bu idi. Bəşəriyyət üçün bu modeli məhz Azərbaycan Prezidenti İlham Əliyev yaratdı.

Azərbaycan lideri bu modeli ilk olaraq türkdilli ölkələr arasında həmrəyliyin yaradılması ilə regional müstəviyə çıxardı. Bu ilin 10 aprel tarixində Prezident İlham Əliyev sədr kimi Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşünü keçirdi və üzv ölkələr pandemiyaya qarşı birgə mübarizə yolunu seçdilər. Bu, həm də dünyada pandemiyaya qarşı dövlət başçılarının ilk Zirvə görüşü idi.

Prezident İlham Əliyev ölkə daxilində yaratdığı həmrəylik modelinə regional müstəvidə nail olandan sonra beynəlxalq müstəviyə daşıdı. Qoşulmama Hərəkatının sədri kimi Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü pandemiyaya qarşı beynəlxalq müstəvidə ilk həmrəylik addımı idi. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

- 120 dövlət arasında pandemiyaya qarşı yeganə mübarizə yolu olan həmrəylik yaradıldı;
- Azərbaycan digər ölkələr və təşkilatlar üçün model yaratdı;
- Avropa İttifaqı rəsmisinin Zirvə görüşündə iştirakı və çıxış etməsi Azərbaycanın iki qütbün həmrəyliyinə nail olması uğuru idi. Aİ rəsmisinin Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı Hərəkatın tarixində ilk dəfə baş vermiş hadisədir. Prezident İlham Əliyev bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu;
- Azərbaycan bununla qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaratdı;


Azərbaycan coğrafi olaraq kiçik olmasına baxmayaraq, böyük dövlətlərin etmədiyini, yaxud edə bilmədiyini etdi və bu təşəbbüslər ölkəmizin qlobal müstəvidə əhəmiyyətini artırdı. Azərbaycan dünyaya nümayiş etdirdi ki:

1. Pandemiyaya qarşı birgə mübarizə mümkündür;
2. Pandemiyaya qalib gəlmək üçün siyasi maraqları və toqquşmaları kənara qoymaq lazımdır;
3. Ölkələr arasında pozulan siyasi-iqtisadi münasibətlərin bərpa edilməsinin yolu pandemiyaya qarşı mübarizədə həmrəyliyə nail olmaqdan keçir;


Faktiki olaraq, pandemiya beynəlxalq münasibətlərdə kollaps vəziyyət yaratmışdı, o cümlədən, beynəlxalq tədbirlərin keçirilməsi mümkünsüz hala düşmüşdü. Prezident İlham Əliyev qobal təşəbbüslə beynəlxalq münasibətləri kollaps vəziyyətdən xilas etdi, beynəlxalq tədbirlərin videokonfrans formatında keçirilməsi təmin etdi və ən əsası pandemiyaya qarşı mübarizə modelini yaratdı.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi bəşəri addımlardan biri hesab oluna bilər.

Azərbaycan lideri ölkə daxilində yaratdığı həmrəyliyi əvvəlcə regional, daha sonra beynəlxalq, ən sonda isə qlobal müstəviyə köçürdü.

Bu gün BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının keçirilməsi İlham Əliyevin həyata keçirdiyi qlobal siyasətin nəticəsidir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində - 1-ci sıra 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq. Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila çıxış edəcəklər. Daha sonra cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxış edəcək. Burada da cənab İlham Əliyev ilk 10-luqda olan dövlət başçıları sırasındadır - 155 ölkə arasında sayca 7-ci çıxışçıdır.

Hər iki sıralama Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir.

Xüsusi Sessiyada 40-dan çox ölkənin Prezident, 40-dan çox ölkənin isə Baş nazir səviyyəsində iştirakı bu tədbirin önəminin və uğurunun göstəricisidir.

Beləliklə, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu. Bununla, Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə Azərbaycanın “orta güc” olduğunu sübut edir. Bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.

2020-ci il: bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı:

- Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər çaldı. 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu;

- Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə oldu. Azərbaycan bəşəriyyətin ümumi bəlaya qarşı mübarizəsinin əsas təşəbbüskarı olan ölkə kimi dünya tarixinə düşdü;


Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkənin Ermənistan olması da təsadüfi deyil. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü rəzil etdi.

Burada yada düşən digər məqam Azərbaycanda bəzi müxalifət nümayəndələrinin ilk günlərdən Xüsusi Sessiyanın keçirilməsi təşəbbüsünə kinayə ilə yanaşması, onun əhəmiyyətini azaltmağa çalışmasıdır. Diplomatiya və xarici siyasətdən, beynəlxalq təşkilatların iş prinsipindən xəbərsiz olan belə diletantlara ən yaxşı cavab isə Xüsusi Sessiyanın yüksək səviyyədə keçirilməsi və bu prosesdə Azərbaycanın mərkəzi rolunun tanınması oldu.

Azərbaycan artıq qlobal proseslərə təsir edən ölkə, onun lideri beynəlxalq münasibətlərə yön verən siyasətçidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə və ərazi bütövlüyümüzün bərpası isə ölkəmizin beynəlxalq səviyyədə gücünü daha da artıracaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm