Bu, region üçün çox müsbət layihələrin gerçəkləşməsinə imkan yaradacaq - Kərəm Məmmədov
Bizi izləyin

Nida Təhlil

Bu, region üçün çox müsbət layihələrin gerçəkləşməsinə imkan yaradacaq - Kərəm Məmmədov

İşğaldan azad olunan torpaqlarımız, kənd və şəhərlərimiz viran qalıb, ermənilər tərəfindən hansı vəziyyətə salınması göz qarşısındadır, daş üstdə daş qoymayıblar. Şübhəsiz ki, bunlar ağır itkilərdir və dövlətimiz üçün müəyyən çətinliklər yaradacaq. Kifayət qədər maliyyə vəsaiti tələb edəcək ki, biz bu əraziləri bərpa edək. Amma bilirik ki, dövlətimiz bu çətinlikləri aradan qaldıracaq və çox qısa bir zamanda şəhər və kəndlərimizdə yeni infrastruktur qurulacaq. Bu qələbə həm regionda tamamilə yeni geosiyasi reallıqlar yaradacaq, həm də Azərbaycanın gələcək perspektivləri üçün yol açacaq.

Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov deyib.

O bildirib ki, bu, regional təhlükəsizlik və bölgədə əmin-amanlığın təmin olunması baxımından çox önəmli qələbədir:

“30 il müharibə şəraitində yaşamışıq, nə qədər çətinliklər görmüşük. Sentyabarın 27-dək gələcəyi bəlli olmayan şəraitdə yaşamaq istər-istəməz insanlarımız üçün də, dövlət üçün də arzuolunmaz vəziyyət idi. Bilmirdik ki, işğal edilmiş torpaqlarımızın vəziyyəti necə olacaq. Amma sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə Vətən müharibəsinə başladı və qısa müddət ərzində ərazilərimizi azad etdi, Azərbaycanın dövlət sərhədləri və dövlət suverenliyi bərpa olundu. Bütün bunlar gələcəkdə yeni iqtisadi layihələrin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətli hadisələrdir.

Regionda yaranmış yeni reallıqlar sadəcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz respublikaları, eyni zamanda Rusiya İran, hətta orta Asiyaya qədər geniş perspektivlər vəd edir. Regionun bütün dövlətləri bundan böyük qazanc əldə edəcək. Dəhliz vasitəsilə kifayət qədər böyük layihələr həyata keçiriləcək, eyni zamanda iqtisadi əlaqələr genişlənəcək.

Bütövlükdə Cənubi Qafqazda yeni bir geosiyasi mənzərə yaranacaq və bu mənzərə region üçün çox müsbət layihələrin gerçəkləşməsinə imkan yaradacaq. Regionla bağlı olan bütün dövlətlər də yaranmış vəziyyətdən maddi vəsait əldə edəcək. Bu qələbənin bizim üçün ən önəmli əhəmiyyəti və nəticəsi ondan ibarətdir ki, regionda uzunmüddətli sülh və təhlükəsizlik təmin olunacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm