"YAŞAT" Fondunun yaradılması həm də bu baxımdan əhəmiyyətlidir - Deputat
Bizi izləyin

Nida Təhlil

"YAŞAT" Fondunun yaradılması həm də bu baxımdan əhəmiyyətlidir - Deputat

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir".

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır: "Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və s. kimi bu qəbildən olan sosial güzəştlər yalnız bu təminatın kiçik bir qismidir. İşverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər koteqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan "YAŞAT" Fondu da məhz bu funksiyanı yerinə yetirəcək.

Ən yaxşı milli xüsusiyyətlərimizdən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir. Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla yanaşı, milli birliyimizi gücləndirir. Nəticə etibarilə hər bir fərd özünün tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir. Beləliklə, xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştirakçısı olur, milli mənəvi bağlarımızı möhkəmləndiririk. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün vacibdir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm