Bu qərarla itirən tərəf ABŞ oldu - RƏY
Bizi izləyin

Nida Təhlil

Bu qərarla itirən tərəf ABŞ oldu - RƏY

“Bir neçə gün öncə ABŞ Senatı müdafiə haqqında yeni qanun qəbul etdi. Bu qanunda nəzərdə tutulmuş müddəalardan biri də Türkiyənin müəyyən qisim məmurlarına, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir və digər üç məmura qarşı sanksiyaları nəzərdə tuturdu. Daha sonra ABŞ Dövlət Departamenti də Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağını bildirdi. Bu, ədalətsiz və qərəzli qərardır”.

Bu sözləri Publika.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O bildirib ki, bu qanun Türkiyənin Rusiyaya məxsus hərbi hava hücumundan müdafiə sistemləri olan S-400-ləri alması ilə bağlı tətbiq edilib: “Uzun zamandır bununla bağlı Türkiyə ilə ABŞ arasında mübahisələr gedib. ABŞ belə düşünür ki, Türkiyənin S-400 zenit-raket kompleksini alması həm ABŞ-ın maraqlarına, həm də NATO-ya təhdiddir. Amma biz burada ikili standartların təzahürünü görə bilərik. Çünki digər NATO üzvü olan Yunanıstan da Rusiyaya məxsus S-300 sistemi istifadə edir. Ancaq ABŞ Yunanıstana qarşı eyni mövqeni nədənsə nümayiş etdirmədi. Əslində, ABŞ ölkə siyasətinin ikili standartlara əsaslandığını göstərmiş oldu. Sözsüz ki, bu sanksiyalardan Türkiyəyə zərrə qədər də ziyan dəyməyəcək. Əvvəl də ABŞ tərəfindən Türkiyəyə iqtisadi sanksiyalar, o cümlədən dəmir və polad istehsalına sanksiyalar qoyulmuşdu. Bu, Türkiyəni zəiflətmədi, əksinə, daha da qüvvətləndirdi”.

S.Zahidovun sözlərinə görə, bu gün Türkiyə regionda söz sahibi olan dövlətlərdən biridir və bu mənada ABŞ-ın narahatlıqları başadüşüləndir: “Çünki artıq ABŞ regionda əvvəlki fəallığa malik deyil. Türkiyə öz nüfuzunu və təsir dairəsini xeyli genişləndirib. Bu baxımdan ABŞ-ın bu addımına qısqanclıq və narahatlıq kimi də baxa bilərik. Eyni zamanda Türkiyə ilə Rusiya arasında olan əməkdaşlıq da ABŞ-ı narahat edir. S-400-lərin Rusiyadan alınması ABŞ-a birbaşa yönəlmiş bir akt kimi qiymətləndirilməməlidir. Zamanında Rəcəb Tayyib Ərdoğan demişdi ki, biz ABŞ-dan hava hücumundan müdafiə sistemləri də ala bilərik. Lakin ABŞ o zaman “Patriot” sistemlərini satmaqdan imtina etmişdi. Müəyyən şərtlər qoymuşdular və sözsüz ki, Türkiyə bu şərtlərlə razılaşmadığına görə sövdələşmə baş tutmadı. Bir tərəfdən səndən almaq istəyir sən vermirsən, digər tərəfdən də başqasından alanda sanksiya tətbiq edirsən. Bu, ikili standartların və ikiüzlülüyün tətbiqinin təzahürüdür”.

Ekspert vurğulayıb ki, Türkiyə NATO-da ən böyük orduya malikdir və strateji regionda yerləşir. Belə olan halda NATO Türkiyənin nümunəsində ən böyük dayağını itirir: “1952-ci ildən etibarən Türkiyə NATO-nun üzvüdür. Həm regional mövqeyi, həm o zamanlar Sovet İttifaqı ilə sərhəddə yerləşməsi, həm də hərbi potensialı baxımından ABŞ-ın NATO daxilində ən böyük dayağı Türkiyə idi. ABŞ bütün bunları nəzərə almalıdır. Ümid edirik ki, bəlkə gələcəkdə nəzərə alar. Çünki müdafiə qanununda belə bir maddə var ki, bir ildən sonra prezident o sanksiyaları ləğv edə bilər. Bu qərarla itirən tərəf ABŞ oldu”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm